Facebook-da "yanan mesajlar" FOTO

Facebook sosial şəbəkəsi daha bir yenilik edib. SİA-nın Facebook Newsroom-a (newsroom.fb.com) istinadən verdiyi məlumata görə, Poke mobil əlavəsini istifadəyə verib. Mobil telefonlara yüklənən bu əlavə vasitəsilə sosial şəbəkədəki dostlara fotolar, mətn və video yollamaq olar.

Poke-un özəlliyi bu proqram vasitəsilə yollanan mətn, foto və videonun müəyyən müddətdən sonra "yanaraq" yox olmasıdır. Müddəti istifadəçi müəyyən edir və həmin vaxt 1, 3, 5 və ya 10 saniyə ola bilər. Vaxt başa çatanda mesaj yanır və onun yollandığı adam həmin mesajı görmür.

Poke-un funksiyaları arasında eyni vaxtda bir neçə istifadəçiyə mesajların yollanması, habelə fotoların üzərində mətn və ya şəklin yeriləşdirilməsi imkanıdır. Poke hələlik yalnız iPhone, iPad və iPod touch üçün nəzərdə tutulub.

Maraqlıdır ki, Poke vasitəsilə mesaj alınanda mobil telefon Facebook-un banisi və sahibi Mark Sukerberqin səsi ilə xəbərdarlıq edir. 2 saniyəlik bu səs isə istifadəçiləri artıq usandırmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə