Heydər Əliyev idman siyasətinin inkişafında yeni nəfəs verən dahi öndərimizdir - İDARƏ RƏİSİ ŞƏRH ETDİ

“Ulu Öndər Heydər Əliyev Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra dövlətçiliyimizin qurulmasında bütün sahələrdə olduğu kimi idman sahəsinə də xüsusi önəm verib və Milli Olimpiya Komitəsinin 10 illiyi ilə bağlı keçirilən toplantıda, zaman-zaman idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə "Mən idman sahəsindəki hər bir idmançını salamlayır və idmançılarımıza uğurlar arzu edirəm"- kəlamları idmana yeni nəfəs vermiş oldu. Ulu Öndərmizin "İdman kimi dövlət atributlarını təmsil edən ikinci bir sahə yoxdur"- sözləri bizim həyat amalımız oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev zamanında maddi-texniki bazanın gücləndirilməsi məqsədilə o vaxtlar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun Azərbaycana səfəri və Beynəlxalq Olimpiya Hərəkatına Azərbaycanın inteqrasiyası, eyni zamanda ilk Olimpiya Kompleksinin açılışı idmanın maddi texniki bazalarının güclənməsi demək idi: “Bildiyiniz kimi Ulu Öndər hakimiyyətə yenidən gəlişindən sonra ölkəni tərk etmiş idman sahəsindən olan insanların yenidən Azərbaycana qayıdışını təmin etdi. Bütün bunlarla yanaşı Ulu Öndər Heydər Əliyevin Olimpiya oyunlarına Azərbaycan idmançılarını şəxsən yola salması və qarşılaması Azərbaycan idmanına verdiyi dəyər idi. Ulu Öndər hansı idman yarışına qatılırdısa, həmin o tədbirlərdə ya Azərbaycan qalib gəlirdi, ya da nəticəsi çox yaxşı olurdu. Bu bir növ atalıq qayğısı, idmanı mükəmməl bilməsi, sağlam həyat tərzi təbliğatı və Azərbaycanın daim birincilik uğrunda mübarizə aparmasından irəli gəlirdi”.

R.Abbasov vurğulayıb ki, Ulu Öndər maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, idmançıların sosial və məişət problemlərinin həllinə diqqət edirdi: “İdmançılara mənzillərin, fəxri adların verilməsi, həmçinin orta ümuntəhsil məktəblərində idman dərsinə ayrılmış saatların sayının artırılması idman haqqında qanunun hazırlanmasına əsas verdi. Beləliklə, İdman haqqında yeni normativ hüquqi sənədlər tərtib olunmağa başladı. Ölkə hüdudlarından kənarda Azərbaycanın təmsil olunması, idman növlərinin sayının çoxalması, idman coğrafiyasının genişlənməsi, təkcə paytaxt yox, əyalət və bölgələrdə də yarışların keçirilməsi məhz Ulu Öndərin dövründə təməli qoyuldu ki, indi biz bu işin bəhrələrini görürük. Bir sözlə Ulu Öndər Heydər Əliyev idman siyasətinin inkişafında yeni nəfəs verən dahi öndərimizdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə