“Tata Steel Masters”də VIII turun nəticələri

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Masters” şahmat festivalı davam edir.

SİA-nın məlumatına görə, yanvarın 16-da start götürən mötəbər turnirin səkkizinci turunda gözlənilməz nəticələr qeydə alınıb. Gənc və perspektivli rusiyalı şahmatçı Andrey Yesipenko səkkizinci turda dünya çempionu Maqnus Karlseni məğlub edib. Bu tur daha bir gənc şahmatçı - FIDE-nin bayrağı altında çıxış edən iranlı Alireza Firuzca üçün uğurlu olub. Qara fiqurlarla hindistanlı Pentala Harikrişna üzərində qazandığı parlaq qələbə iranlı şahmatçının turnirdə vahid liderliyini təmin edib. Bu qələbə onun turnirdə ardıcıl üçüncü qələbəsidir. Turun digər qarşılaşmaları isə heç-heçə nəticələnib.

Beləliklə, səkkiz turdan sonra Alireza Firuzcadan (5,5 xal) yarım xal geridə qalan niderlandlı Yorden Van Forest, Aniş Giri, amerikalı Fabiano Karuana, rusiyalı Andrey Yesipenko 2-5-ci yerləri bölüşürlər. İsveç təmsilçisi Nils Qrandelius 4,5 xalla 6-cı, hindistanlı Pentala Harikrişna, Maqnus Karlsen 4 xalla 7-8-ci, Polşa təmsilçisi Radoslav Voytaşek 3,5 xalla 9-cu pillədədirlər. Səkkiz turdan 3 xal toplayan ispaniyalı David Anton Quixarro, polşalı Yan Kşiştov Duda, fransalı Maksim Vaşe-Laqrav və aktivində 2,5 xal olan Almaniya təmsilçisi Aleksander Donçenko digər yerlərdə qərarlaşıblar.

Xatırladaq ki, yarış iştirakçılarının ilkin siyahısında həmyerlimiz Şəhriyar Məmmədyarov da yer alırdı. Lakin Ş.Məmmədyarov koronavirusdan yeni sağalması ilə əlaqədar turnirdə iştirakdan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə