De Byazi: "Maradonanı təkcə uğurları üçün deyil, həm də ürəyinə görə sevirəm"

Azərbaycan millisini baş məşqçisi Canni De Byazi müsahibə verib.

SİA xəbər verir ki, "Sportowefakty" nəşrinə danışan italiyalı mütəxəssis ilk olaraq yığmamıza təyinatı haqqında fikirlərini bildirib:

"AFFA rəsmiləri ilə ilk dəfə 2014-cü ildə Parisdə danışıqlar aparmışdıq. Qərarımı indi verdim, çünki yeni layihə axtarırdım. Futbolçuların qələbəyə reaksiyasını dəyişdirməyim lazımdı. Milli ilə irəli gedə biləcəyimizə və gənc futbolçuları inkişaf etdirə biləcəyimizə inanıram. Müqaviləni də DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər imzaladım".

De Byazi Azərbaycanda müharibənin bitdiyinə görə sevindiyini söyləyib: "Müharibə işimizə təsir etdi. Ölkədə müharibə vəziyyəti varsa, futbolçuların futbolu düşünməyi çətinləşir. Sevinirik ki, müharibə bitdi və ümid edirəm ki, hər şey qısa müddətdə normala qayıdar".

De Byazi əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı barədə də danışıb: "Hər kəs Maradonanın uğurlarına bələddi. Onu təkcə uğurları üçün deyil, həm də ürəyinə görə sevirəm. O, kasıblara ümid verdi, onların idealı oldu, həyatlarını nisbətən asanlaşdırdı. 60 yaşında dünyadan köçmək çox tezdi. O, topla oynamırdı, onunla rəqs edirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə