"Sumqayıt" "Sabah"a qalib gəlib, liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib. SİA-nın verdiyi məlumata görə, "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçda hesabı qonaqlar açıblar. 27-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani dəqiq zərbə ilə komandasını önə keçirib. Meydan sahibləri bu qola ikinci yarıda cavab veriblər. "Gənclik şəhəri" təmsilçisinin heyətində Cavid İmamverdiyev avtoqol müəllifi olub. Qarşılaşmada son nöqtəni 90+5-ci dəqiqədə Səbuhi Abdullazadə qoyub.

Bu qələbədən sonra xallarını 14-ə çatdıran "Sumqayıt" yenidən liderliyə yüksəlib. "Sabah" isə 6 xalla 6-cı sırada qalıb.

Günün digər oyununda "Qarabağ" "Zirə"nin qonağı olacaq.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Səbail"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Neftçi" isə səfərdə "Keşlə"yə qalib gəlib - 1:0.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...