Sərbəst güləş üzrə məşqçilərin seminarı olub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan çempionatında iştirak edən sərbəst güləş üzrə komandaların məşqçiləri üçün seminar keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov çıxış edərək gələn ilin güləşimiz üçün çox məsuliyyətli il olacağını, Olimpiadaya daha 5 lisenziya qazanmağın vacibliyini dilə gətirib, ölkə daxilində bəzi çəkilərdə güclü rəqabətin mövcudluğunun sevindirici olduğunu bildirib.

Ancaq ümumilikdə əksər klub və cəmiyyətlərin məşqçilərinin fəaliyyətində nöqsanlar olduğunu, yetirmələrinin təlim-tərbiyələrinə və nizam-intizamlarına daha çox nəzarət etməli olduqlarını xüsusi qabardıb. O, gənc məşqçilərin üzərlərində daha çox işləməli olduqlarını qeyd edib və vurğulayıb ki, çempionatda özlərini ən yaxşı tərəfdən göstərən güləşçilər yığmanın tərkibində yer alacaq, onlara özlərini göstərmək şansı veriləcək.

Daha sonra AGF-nin idman şöbəsinin müdiri Yaqub Məmmədov və qurumun digər vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev irad və təkliflərini mütəxəssislərin nəzərinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə