"Birinci yer tutan komanda lisenziya ala bilməsə, biz onu elitaya buraxa bilmərik"

AFFA-nın baş katibi Elxan Məmmədov millinin Çexiya ilə oyundan öncəki açıq məşqi zamanı jurnalistlərin o suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşı da birifinqdə iştirak edib.

- Millinin son ev oyunudu, bununla bağlı nə deyə bilərsiniz?

- Bizim üçün çox önəmli matçdı. Doğma meydanda son qarşılaşma olduğu üçün komandamız xüsusi motivasiya ilə çıxacaq. Bundan əlavə, kapitanın da son oyunudu. Millimiz həm də buna görə məsuliyyət daşıyır ki, kapitanı da, azarkeşləri də sevindirməlidi. Ümidi edirik ki, yığma sabah yaxşı oyun göstərəcək və 3 xal qazanmağa çalışacaq.

- Siz Rəşad Sadıqovun yerinə kimi namizəd görürsünüz milli komandada?

- Məşqçidən çox şey asılıdır. Yeni tsikl başlayana qədər oyunçular özünü göstərməlidir. O zaman bəlli olacaq ki, kim oynayacaq onun yerində.

- Sizə elə gəlmir ki, çox çətin olacaq? Ölkə çempionatında çıxış edən klublarda müdafiəçilər əsasən legionerlərdir...

- Baxaq da, gələcək göstərəcək.

- Sabah İK iclasında müzakirə olunacaq məsələlər arasında Prosineçkinin aqibəti də varmı?

- Sabahkı iclasın gündəliyi artıq bəllidi. Əsas müzakirə mövzusu Regional Liqa olacaq. Lisenziyalaşdırma ilə bağlı da bir sıra məsələlərdən danışılacaq. Baş məşqçi ilə bağlı heç bir müzakirə olmayacaq. Çünki qarşıda hələ iki oyun var. Bu oyunlardan sonra İK-nın növbəti iclası olacaq, o zaman gözlənilir ki, baş məşqçi məsələsi də gündəmə gəlsin.

- Planda noyabrda yoxlama görüşü keçirmək varmı?

- Əslində iki oyun başa çatdıqdan sonra qərar qəbul etmək istəyirdik. Bir tərəfdən də düşünürük ki, yoldaşlıq oyununa görə futbolçuları yükləmək düzgün deyil, nəzərə alaq ki, “Qarabağ” da Çempionlar Liqasında oynayır. Ancaq yenə də məşqçilər öz aralarında danışıb bizə bildirəcəklər. Oynamaq istəsələr, biz də rəqib axtarışına çıxacağıq.

- Bəzi klublar legioner limiti ilə bağlı narazılıq edirlər. Bu barədə bir dəyişiklik gözlənilirmi?

- Hazırda belə bir şey yoxdu gündəmdə. Son illər 6+5 sistemi qüvədədir və təcrübə göstərir ki, bu, öz müsbət təsirini verir. Yadınızdadırsa, 2008-də 0-dan başladıq, ümumiyyətlə limit yox idi. Sonradan hər iki ildən bir limit tətbiq etməyə başladıq və bundan sonra “Neftçi”, “Qəbələ”, “Qarabağ” AL-də, ÇL-də qruplara düşdü, millimiz yaxşı nəticələr göstərməyə başladı. O cümlədən, 21 yaşadək futbolçularımız da yaxşı çıxış etməyə başladılar. Bu, həm də FİFA tərəfindən tövsiyə olunan sistemdir.

- Regional Liqada neçə komanda olacaq?

- Altertiv variantlar var. Sabah müzakirə olacaq. Bir neçə mexanizm tətbiq oluna bilər. Ola bilsin ki, 4 liqa olsun və sonra final mərhələsi keçirilsin. Yaxud bir liqa ola bilər, ev-səfər prinsipi ilə oynayarlar.

- Mükafat məsələsi də var idi. Düşünmürsüz ki, bu, I divizion klublarının da ora can atmasına səbəb ola bilər?

- Orda mükafat olması haqqında sabah təklif olacaq. Ancaq onu da unutmayaq ki, bu, pilot layihədi. İstəyirik ki, bölgə komandalarını bura cəlb edək. Daha bir stimullaşdırma faktı da Regional Liqada çempion olacaq komandanın I diviziona vəsiqə qazana bilməsidir.

- Ramin Musayev müsahibəsində bildirmişdi ki, gələn ildən Premyer Liqada 12 komanda iştirak edəcək. Bu, nə dərəcədə realdır?

- Bu, sadəcə bizim arzumuzdur. İlk növbədə 8-dən 10-a qalxaq, sonra da 12-ə yüksələk. Hələlik heç bir müraciət almamışıq.

- Birinci divizionun 3 dövrəli olması məsələsi də var. Bu üsulla komandalar razılaşacaqlarmı?

- Razı salacağıq. Artıq bəzi komandalarla danışmışıq. Fikirlərini öyrənmişik. Biz həm də çalışırıq ki, əlavə bir kubok yarışı keçirək. Ola bilər ki, bu, paytaxt kuboku olsun. Ya da hansısa sponsor olsa, adı başqa ola bilər. Əsas məqsəd budur ki, əlavə oyunlar olsun.

- Premyer Liqada iştirakçıların sayının artırılması planlaşdırılırsa, onda aşağı dəstəyə heç bir komandanın düşməyəcəyini fikirləşmək olarmı?

- İndidən nəsə demək çətindi. I divizionun şərtlərini də nəzərə almalıyıq. Birinci yer tutan komanda lisenziya ala bilməsə, biz onu elitaya buraxa bilmərik.

Bütün xəbərlər Facebook səhifəmizdə