Kaxaber Tsxadadze: “Gəncə” ilə matçı idarə etmiş hakimi cəzalandırmaq lazımdır ki, digər hakimlərə də dərs olsun” - MÜSAHİBƏ

"İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze "Gəncə" ilə oyunda məğlubiyyət barədə klubun rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni nəzərinizə çatdırır:

 

 

"Gəncə" oyuna çox sərt başladı, ilk 20 dəqiqə "İnter" üçün çox ağır oldu. Belə görünürdü ki, komanda ev sahiblərinin belə təzyiqini gözləmirdi.

 

- Deməzdim ki, 20 dəqiqə oldu, daha doğrusu, ilk 5 dəqiqə çəkdi. Buna səbəb rəqibin düzgün qiymətləndirilməməsi oldu və bunun nəticəsində oyuna köklənmə lazımi səviyyədə olmadı. Böyük kadr problemlərinə baxmayaraq, biz "Qarabağ" və "Qəbələ" ilə gözəl oyunlar keçirmişdik. Lakin "Gəncə" ilə qarşılaşmada bunu edə bilmədik. Bu, əlbəttə ki, bəraət demək deyil, o bizim səvhdir. Hesab açıldıqdan sonra uşaqlar tələsməyə başladılar, onların hərəkətlərində bizə hücumların son mərhələlərində mane olan əsəbilik var idi.

 

- Qol buraxılmış epizodda hansısa konkret futbolçunun səhvidir?

 

-Mən heç zaman hansısa konkret futbolçunu günahlandırmıram. Futbol komanda oyunudur. Buraxılmış bir çox səhv qapımıza qolun vurulmasına gətirib çıxardı. Mən artıq oyuna yenidən baxmışam, bu gün onu futbolçularla birlikdə araşdıracağıq və müəyyən nəticələr əldə edəcəyik.

 

- Uğursuz birinci hissə sizi fasilədə iki əvəzetməyə vadar etdi...

 

-Doğrusu, imkan olsaydı, mən bir neçə əvəzetmə edərdim. Bizdə o qədər də alınmadı, buna səbəb, dediyim kimi, futbolçuların oyuna yaxşı köklənməmələri oldu. Mənə ağır gəlir. Biz çox lazımlı üç xal itirdik. Mən artıq dünən futbolçulara dedim ki, ağıllı adamlar başqalarının səhvləri üzərində öyrənirlər. Nə etməli? Biz belə bir səhv buraxdıq, amma bu, faciə deyil. Düşünürəm ki, bu oyun bizi silkələyəcək, məğlubiyyətdən mütləq lazımi nəticələr çıxaracağıq.

 

Hakimlik məsələsi barədə də danışmaya bilmərəm. Birinci hissədə Arif Daşdəmirovu cərimə meydançasında yıxdılar, lakin hakimin fiti susdu. Bu gün Xaqani Məmmədovla görüşdüm və o etiraf etdi ki, orada penalti var idi. İkinci hissədə "Gəncə"nin futbolçusu cərimə sahəsində əlilə oynadı, lakin hakim yenə də reaksiya vermədi. Bundan başqa, Branislav Çervenkanın yıxılmasıyla bağlı epizod çox mübahisəlidir, fikrimcə, onu orada itələmişdilər. Hesab edirəm ki, hakim bilərəkdən bütün bu səhvlərə göz yumdu. Xaqani Məmmədovla söhbətimdə dedim ki, oyunun nəticəsinə təsir göstərən belə səhvlər buraxmış şəxslər ciddi şəkildə cəzalandırılmalıdırlar. Gəlin bu suala belə yanaşaq: Mən səhv etdim, məni çox sərt şəkildə 5 oyunluq cəzalandırdılar. Nəyə görə başqalarını cəzalandırmırlar? "Gəncə" ilə matçı idarə etmiş hakimi cəzalandırmaq lazımdır ki, digər hakimlərə də dərs olsun və onlar belə səhvlərə yol verməsinlər.

 

- Bu il komanda az qol vurur - 6 oyuna 7 qol. Bu, nə ilə bağlıdır?

 

- Birincisi, bu onunla bağlıdır ki, bütün rəqiblər bizimlə oyunda hökmən qapanırlar. Hətta "Xəzər-Lənkəran" bizə qarşı müdafiədə oynayırdı. "İnter"ə qarşı hamı xüsusi hazırlaşır, axı, biz ölkə çempionuyuq. İkincisi, bu, məqamların pis yerinə yetirilməsilə də bağlıdır. "Qarabağ"la oyunda biz bir çox məqamı qaçırdıq, həmçinin "Turan"la oyunda da məqamlardan istifadə edə bilmədik. Biz məşqlərdə məqamların yerinə yetirilməsi üzərində çox çalışırıq. Bundan başqa bu problem həmçinin fərdi yanaşma da tələb edir. Futbolçular özləri bu məsələ ilə məşğul olmalı və təkmilləşməlidirlər. Belə tapşırıqlar üçün hər məşqdən sonra vaxt ayırıram.

 

- Qarşıda bu mövsüm hiss olunacaq dərəcə güclənmiş "Muğan"la oyun gəlir...

 

- "Muğan" çox möhkəm, döyüşkən, fiziki cəhətdən güclü komandadır. Əbəs yerə öz meydanında "Bakı" komandasına qalib gəlmədi. Bu klubda bir çox yaxşı futbolçu var, hələlik onlar xüsusi stabil oyunla fəqrlənmirlər, lakin fikirləşirəm ki, bu komanda "altılığa" düşmək uğrunda mübarizə aparacaq. Deyərdim ki, "İnter"in asan oyunları olmur və olmayacaq. Bir daha təkrarlayıram, biz, axı, çempionuq, bu isə rəqiblərə əlavə stimul verir.

 

- Sözlərinizdən belə nəticəyə gəlmək olur ki, çempionluq titulunu saxlamaq, onu əldə etməkdən çətindir...

 

- Yuxarıda dediklərimdən belə nəticəyə gəlmək olar. Əgər ötən il komandalar "İnter"lə oyuna eyni gücə malik rəqib kimi meydana çıxırdılarsa, indi onlar başqa cür köklənirlər. Bir daha təkrarlayıram, çempionla oyun əlavə stimul verir, hamı məhz bizə qarşı oyunda özünü sübut etməyi arzulayır. Ancaq mən özümüzə inanıram, bizim komandanın böyük potensialı var və biz onu mütləq nümayiş etdirəcəyik.

 

- İndiki çempionatla əvvəlki çempionat arasında əsas fəqr nədən ibarətdir?

 

- Fikrimcə, ötənilki çempionat daha maraqlı idi. Həmin çempionatda bir çox yaxşı komandalar var idi. Bu mövsüm bir çox klublar mövqelərini itirdilər. Hələlik "Bakı" klubu öz oyununu tapa bilməyib, "Qarabağ" stabil görünmür. Ötən il "Turan" daha güclü idi, mən hələ "Simurq" barədə demirəm. "Standart" və "Karvan" da maraqlı komandalar idi. Bax, bu orta səviyyəli komandalar, fikrimcə, azalıb. Deyərdim ki, indi liderlərlə digərləri arasında hansısa uçurum yaranıb.

 

- Bəs, hansı komandalar gücləniblər?

 

-"AZAL" çox sevindirir, "Neftçi" çox güclənib. "Xəzər-Lənkəran" da yaxşı istiqamətə dəyişib ki, bu da təəccüb doğurmur. Axı, onlar mövsümarası dövrdə transfer məsələsində çox çalışıblar. Fikirləşirəm ki, qışda "Qarabağ" artıracaq, bu klub mütləq güclənəcək, axı, indi orada futbolçu çatışmazlığı göz qabağındadır. "Bakı" klubunda da müsbət dəyişikliklərin olacağını gözləyirəm. Bu klub çox geniş heyətə, yüksək səviyyəli futbolçulara malikdir. Bununla belə, bu klublardan bəziləri qeyri-stabil oyun nümayiş etdirərsə, o zaman liderlərdən hiss olunacaq dərəcədə arxada qala və çempionluq uğrunda mübarizəyə qoşulmaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə