“Raquf Orucov Kuboku” turniri keçirilib

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və "Judo Club 2012"nin təşkilatçılığı ilə 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında keçirilən "Raquf Orucov Kuboku" beynəlxalq turniri başa çatıb.

SİA-nın məlumatına görə, Bakı İdman Sarayında keçirilən turnirin rəsmi açılış mərasimində dövlət qurumlarının, ictimai təşkilatlarının nümayəndələri, ziyalılar, tanınmış idmançılar və Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi Ağayar Axundzadə, Milli Məclisin deputatları Hadi Rəcəbli, Adil Əliyev, ötən il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun qardaşı Zabil Orucov çıxış ediblər.

Turnirdə Azərbaycandan 10, Rusiya və Gürcüstanın hər birindən bir komanda mübarizə aparıb. Seçmə mərhələnin yekununda Rusiya, Gürcüstan, "Judo Club 2012" idman klubu və "Neftçi" komandaları yarımfinala çıxıblar.

Yarımfinal qarşılaşmalarından sonra Gürcüstan və "Judo Club 2012" komandaları finala vəsiqə qazanıblar.

Maraqlı idman mübarizəsi şəraitində keçən final görüşündə qalib gələn Gürcüstan komandası "Raquf Orucov Kuboku"nun ilk sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə