Yaşar Rüstəmov: ““Abşeron” FK Azərbaycanın futbol məkanına “1 saatlıq xəlifə” kimi gəlməyib” - MÜSAHİBƏ

\"Abşeron\" FK-nın prezidenti Yaşar Rüstəmov klubun rəsmi saytına müsahibə verib. Siasport.az saytı müsahibəni nəzərinizə çatdırır:

- Yaşar müəllim, "Abşeron" klubunun yaranması hansı zərurətdən irəli gəldi?

- Klub yaratmaq ideyası birdən yaranmadı. Biz futbosevərlər çoxdan idi ki, bu ideya ətrafında fikir mübadiləsi aparırdıq. Son illərdə Azərbaycanda idmanın dinamik inkişafı, bütün bölgələrdə müasir tipli idman-sağlamlıq komplekslərinin, olimpiya mərkəzlərinin inşası bizi də bu proseslərə biganə qoya bilməzdi. Azərbaycan Respublikası prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" haqda Sərəncamı bu populyar idman növünün tərəqqisi üçün bir çox dövlət qurumları və ictimai təşkilatlar qarşısında vəzifələr qoydu. Biz də bu məsuliyyətli işin gerçəkləşdirilməsi uğrunda öz töhfəmizi vermək üçün klubumuzu yaratdıq. Məqsədimiz azərbaycanlı gənclərdən ibarət komanda yaratmaq idi. İstedadlı gəncləri komandaya cəlb etməklə, Azərbaycan futbolunun tarixi keçmişini, şanlı ənənələrini bərpa etmək, milli futbolumuzun inkişafına dəstək olmağa qərar verdik. Bunun üçün Bakı və Bakı ətrafı kəndlər olmaqla bütün Abşeron yarımadasını əhatə edən bir futbol klubu yaratdıq. Tədricən bu arzumuzu reallaşdırmaq üçün səylərimizi səfərbər etdik.

- Klubun qarşısında hansı hədəflər qoyulub?

- Biz ən yüksək zirvələrədək irəliləmək əzmindəyik. Məqsədimiz Azərbaycan futbol tarixinə "Abşeron"un adını qürurla yazmaqdır. Klubun infrastrukturunu gücləndirmək, standartlara uyğun baza tikmək ilkin mərhələdə həyata keçirəcəyimiz başlıca məramımızdır. Yalnız bundan sonra biz daha yüksək zirvələrə çıxmaq haqqında düşünə bilərik. Belə ki, yalnız güclü infrastruktura malik olduqdan sonra gələcək hədəflərimizdən əminliklə danışmaq olar.

- Klubun infrastrukturunun yaradılması istiqamətində hansı işlər görülür?

- Məkan seçilir. Danışıqlar aparılır. Sadəcə bir az vaxt lazımdır. Ümid edirik ki, Azərbaycan Futbol Federasiyası bu istiqamətdə bizə yardımını əsirgəməyəcək. Beynəlxalq təcrübədən yararlanmağa çalışırıq və bu sahədə işlərimizi qururuq. Meydança probleminə gəldikdə, təbii ot örtüklü stadionlarla yanaşı, Bakının hava şəraitini, küləkli və yağışlarını nəzərə alaraq, süni ot örtüklü meydançaların olması da zəruridir. Ümumiyyətlə, infrastrukturu qurarkən, hətta ən kiçik və ilk baxışda bəlkə də əhəmiyyətsiz görünə biləcək məqamlara xüsisi diqqət yetirmək lazımdır. O ki qaldı, uşaq və yeniyetmələrdən ibarət komandalara, bu istiqamətdə "Abşeron" klub olaraq mühüm addımlar atır. Birinci Divizionda çıxış etməyimizə baxmayaraq, biz U-12, 13, 14, 15, 17 yaşlılardan ibarət tam heyətli komandalar formalaşdırmışıq. Hazırda yeganə çətinlik öz təlim-məşq bazamızın və stadionumuzun olmamasıdır. Lakin ümid edirik ki, yaxın vaxtlarda bu problemi aradan götürəcəyik. Yaxın gələcəkdə isə uşaqların futbola cəlb edilməsi istiqamətində bir sıra təlim-təhsil xarakterli layihələr və təbliğat-təşviqat kampaniyaları həyata keçirməyi düşünürük. Özü də bu işlər sırf futbolla məhdudlaşmayacaq.

- Komanda təşkil olunarkən, məşqçi seçimində hansı prioritetlərə üstünlük verdiniz?

- Ölkəmizin gənc, lakin yetərincə məşqçi təcrübəsi toplayan mütəxəssisi Mirbağır İsayevlə görüşdükdən sonra onu baş məşqçi kimi komandada görməyə razılıq verdim. U-17, "Neftçi"nin əvəzedicilərinin baş məşqçisi vəzifəsində çalışması və ölkənin gənc, istedadlı futbolçularına yaxından bələd olması seçimimizdə yanılmadığımızı bir daha nümayiş etdirdi.

- Başa çatan dövr ərzində "Abşeron"un ölkə çempionatındakı çıxışını necə qiymətləndirirsiniz?

- Çempionatın ilk dövrəsi komandamız üçün çox uğurlu oldu. 13 oyun ərzində qapımızdan yalnız bir top buraxdıq. Uğurlu çıxışlarımızı II Dövrə də davam etdiririk. Ölkə kuboku uğrunda yarışlarda nümayiş etdirdiyimiz mübariz oyun futbol ictimaiyyətində böyük əks-səda doğurub. Futbolçularımızın qələbə istəyi, komanda daxilində ciddi nizam-intizam, əsas heyətin daha çox gənclərdən ibarət olması "Abşeron"a uğur qazandıran başlıca amilə çevrilib. Fürsətdən istifadə edib, komandamızın qısa müddət ərzində formalaşmasında bizə köməkliyini əsirgəməyən "Neftçi" PFK, "Bakı" FK və "Qarabağ" FK-nın rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Çempionatın nəticələrinə görə komandanız çox güman ki, Premyer Liqaya çıxacaq. Komandanın Premyer Liqada qarşısına qoyduğu başlıca məqsədlər nədən ibarətdir?

- Gəlin, hadisələri qabaqlamayaq! Çempionat başa çatmayınca, bu barədə geniş açıqlama verməyək. Lakin qeyd etmək istərdim ki, klubun infrastrukturu tam qurulduqdan sonra biz sonrakı addımlarımızı və məqsədlərimizi müəyyənləşdirəcəyik.

- Bir qədər əvvəl qeyd etsiniz ki, başlıca məqsədimiz yüksək zirvələr fəth etməkdir…

- Komandanın hər hansı bir uğura imza atması üçün onun ən azı 2 il bir heyətlə oynaması vacibdir. Belə ki, komandanın gücü oyunçuların bir-birini duya bilməsi, bir-birini anlaması ilə ölçülür. Yüksək nəticələr əldə etmək üçün komanda vahid bir ailə olmalıdır. Nümunə üçün uzağa getməyək. Almaniya çempionatında çıxış edən "Borusiya" (Dortmund) komandasının sirri gənclərdən ibarət heyətin tam formalaşması və uzun müddət bir tərkibdə çıxış etməsidir.

- Hər komandanın bir rəmzi olur...

- Komandanın rəmzi yəqin ki, onun öz adıdır. Abşeron torpağı bərəkətli torpaqdır. O, Azərbaycanın gözüdür. Bu torpaq çox dahilər yetişdirib. Bu adı daşıyan komanda təmsil etdiyi yerə layiq olmalıdır.

- Gələcəkdə "Abşeron" klubunun fəaliyyəti yalnız idmanı əhatə edəcək, yoxsa klub ictimai həyatda da öz sözünü deməyə çalışacaq?

- Klubun yaxın 2 illik fəaliyyət proqramında ictimai və sosial xarakterli işlərdə iştirakı istisna deyil. Cəmiyyətin inkişafına təkan verəcək hər hansı bir layihədə iştirak bizim bir vətənpərvər kimi cəmiyyət və dövlətimiz qarşısında götürdüyümüz öhdəliklərdən biridir. İmkan daxilində bu istiqamətli layihələrə dəstək olmağa çalışacağıq.

- Yaşar müəllim, ilk futbol təcrübənizi bölüşə bilərsiniz?

- 1979-cu ildə gənclər arasında keçirilən dünya çempionatında SSRİ-Argentina qarşılaşmasında SSRİ-nin milli yığması 3:1 hesabı ilə uduzsa da, yeganə qolun müəllifi İqor Ponomoryev daha bir uşağın qəlbində futbol ehtirası doğurdu. O uşaq mən idim. Ponomoryev mənim futbolda ilk idealım olmuşdu. Əgər desəm ki, onun oyunundan həvəslənərək futbola gəlmişəm, yanılmaram. Futbola gəldiyimdə 10 yaşım var idi, 80-cı illər idi. "Neftçi"də, Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (OEUGİM) - Kazbek Tuayevin futbol məktəbində bu idman növünün sirlərinə yiyələnmişəm. 1986-cı ildə Azərbaycan yeniyetmələrinin yığma komandasının üzvü olmuşam. Yarımmüdafiəçi idim. Çox razı idim, mövqeyimin üstünlüyünü indi daha yaxşı anlayıram. Birinci məşqçim görkəmli futbol mütəxəssisi mərhum Ruslan Abdullayev olub. Hazırda "İnter"də çalışan Yaşar Abdulov və Respublikanın əməkdar məşqçisi Ələkbər Cəfərov kimi ustadlardan təlim almışam. Yaşar müəllimlə indinin özündə hərdən oyunlarda görüşürük, hal-əhval tuturuq.

- Futbolu niyə tərk etmisiz? Əgər keçmişə qayıtmaq istəsəydiniz, nəyi dəyişərdiniz?

- …Əsgərliyə çağırıldım. İdman klubunda əsgəri xidmətimi davam etdirirdim. Kiçik bir xətaya görə başqa hissəyə köçürüldüm. Dəliqanlı idim, onda əlimdə olanın dəyərini tam aydınlığı ilə dərk etmirdim. Bir il məşq etmədim. Əvvəlki formamı qaytarmaq çox çətin oldu. Məcburən futbolu buraxmalı oldum. Qayıtmaq istəsəydim…bəlkə də heç nəyi. Çünki hər şey Allah-talanın izni və istəyi ilə baş verir. Bəlkə də, o səhvi etməsəydim indi futbol klubunun rəhbəri kimi fəaliyyətə başlamazdım. Ürəyimdə qalan o istək, o niskil futbol eşqimi illər boyu gücləndirərək onu sönməyə qoymadı. Bu istəyin nəticəsidir ki, bu gün mən Abşeronun adını qürurla daşıyan bir klubun rəhbəri kimi fəaliyyətimi davam etdirirəm.

- Bəs futbolçu karyeranızda hansı komandalarda çıxış etmisiniz?

- Əsgərlikdən öncə "Avtomobilçi"yə (Mingəçevir) cağırılmışam. Vladimir şəhərinin "Torpedo" klubuna dəvət alsam da, evdən icazə vermədilər. Əsgərlik müddətində isə "Lokomotiv" (Hazırda Nijni-Novqorod) komandasına dəvət olundum. Ancaq ürəyimdə həmişə bir arzu qalmışdı, o da "Neftçi"nin formasını geyinmək idi. Hamımız uşaqlıqdan "Neftçi"nin qızğın azarkeşləri kimi böyümüşük. O dövrdə bütün gənclərin ən böyük arzusu "Neftçi"də oynamaq idi. Bu gün də ona rəqib olacaq yeni-yeni gənc və güclü komandalar yaranır. "Abşeron" da onların sırasındadır. Ümid etmək istərdim ki, yaxın gələcəkdə "Abşeron" FK Azərbaycanın yeni flaqman komandası kimi adını futbol tarixinə yazacaq.

- Futbol oynadığınız illərdə mövcud Azərbaycan futbolu ilə indiki futbolu müqayisə etsək, nə kimi fərqliliklər görmək mümkündür?

- Çox fərqliliklər var. O dövrkü futbol daha çox texnikaya əsaslanırdı. İndiki futbol isə daha sürətlidir və futbolçulardan yüksək fiziki hazırlıq tələb edir. Lakin o dövrün futbolu gözəlliyi ilə daha çox seçilirdi.

- Azərbaycan futbolunun gələcəyini necə qiymətləndirirsiniz?

- Çox parlaq. Təbii, əgər millimizin dünya arenasında parlamasını istəyiriksə, ona hər vəchlə dəstək olmalıyıq. Bacarıqlı futbolçu yetişdirmək ilk növbədə klubun ümdə vəzifəsidir. "Abşeron" artıq yarandığı qısa müddət ərzində Azərbaycan futboluna öz töhfələrini verməkdədir. Komandanın qapıçısı Andrey Popoviç artıq milli seçmə komandamızın heyətinə cəlb olunur. Komandamızın gənc oyunçuları Fərrux Rəhimov, Zahid Quliyev, Kamil Nurəhmədov, Emin Mehdiyev, Eşqin Quliyev və Orxan Həsənov 21 yaşlılardan ibarət olimpiya yığma komandasının heyətində aparıcı futbolçulara çevrilir. Emin İbrahimov, Ruslan Tağızadə, Mehdi Rəsulov, Slavik Alxasov U-19 yığmasının formasını geyinirlər. Bu, söz yox ki, "Abşeron" FK-nın nailiyyətidir.

- \"Abşeron"un Azərbaycan futbolundakı yerini necə görürsünüz?

- Biz böyük yolun başlanğıcındayıq. Qısa müddət ərzində nail olduqlarımıza nəzər salsaq, doğru yolda olduğumuzun şahidi olarıq. Yəni "Abşeron" Azərbaycanın futbol məkanına "1 saatlıq xəlifə" kimi gəlməyib. İddialarımız da, gücümüzə görədir. Azərbaycanımızın ən zəngin regionu, Bakının ətraf kənd və qəsəbələrini birləşdirən nəhəng bir ərazini - Abşeron yarımadasını təmsil edirik. Bu isə məsuliyyət hissimizi bir qədər də artırır. Bu baxımdan, "Abşeron"un parlaq gələcəyinə inanıram.

Bütün xəbərlər Facebook səhifəmizdə