Yaşar Rüstəmov: ““Abşeron” FK Azərbaycanın futbol məkanına “1 saatlıq xəlifə” kimi gəlməyib” - MÜSAHİBƏ
22 Mart 2011 18:53 (UTC+04:00)
\"Abşeron\" FK-nın prezidenti Yaşar Rüstəmov
klubun rəsmi saytına müsahibə verib. Siasport.az saytı müsahibəni nəzərinizə
çatdırır:
- Yaşar müəllim,
"Abşeron" klubunun yaranması hansı zərurətdən irəli gəldi?
- Klub yaratmaq ideyası
birdən yaranmadı. Biz futbosevərlər çoxdan idi ki, bu ideya ətrafında fikir
mübadiləsi aparırdıq. Son illərdə Azərbaycanda idmanın dinamik inkişafı, bütün
bölgələrdə müasir tipli idman-sağlamlıq komplekslərinin, olimpiya mərkəzlərinin
inşası bizi də bu proseslərə biganə qoya bilməzdi. Azərbaycan Respublikası
prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin
"2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" haqda Sərəncamı
bu populyar idman növünün tərəqqisi üçün bir çox dövlət qurumları və ictimai təşkilatlar
qarşısında vəzifələr qoydu. Biz də bu məsuliyyətli işin gerçəkləşdirilməsi
uğrunda öz töhfəmizi vermək üçün klubumuzu yaratdıq. Məqsədimiz azərbaycanlı gənclərdən
ibarət komanda yaratmaq idi. İstedadlı gəncləri komandaya cəlb etməklə, Azərbaycan
futbolunun tarixi keçmişini, şanlı ənənələrini bərpa etmək, milli futbolumuzun
inkişafına dəstək olmağa qərar verdik. Bunun üçün Bakı və Bakı ətrafı kəndlər
olmaqla bütün Abşeron yarımadasını əhatə edən bir futbol klubu yaratdıq. Tədricən
bu arzumuzu reallaşdırmaq üçün səylərimizi səfərbər etdik.
- Klubun qarşısında
hansı hədəflər qoyulub?
- Biz ən yüksək zirvələrədək
irəliləmək əzmindəyik. Məqsədimiz Azərbaycan futbol tarixinə "Abşeron"un adını
qürurla yazmaqdır. Klubun infrastrukturunu gücləndirmək, standartlara uyğun baza
tikmək ilkin mərhələdə həyata keçirəcəyimiz başlıca məramımızdır. Yalnız bundan
sonra biz daha yüksək zirvələrə çıxmaq haqqında düşünə bilərik. Belə ki, yalnız
güclü infrastruktura malik olduqdan sonra gələcək hədəflərimizdən əminliklə danışmaq
olar.
- Klubun
infrastrukturunun yaradılması istiqamətində hansı işlər görülür?
- Məkan seçilir. Danışıqlar
aparılır. Sadəcə bir az vaxt lazımdır. Ümid edirik ki, Azərbaycan Futbol
Federasiyası bu istiqamətdə bizə yardımını əsirgəməyəcək. Beynəlxalq təcrübədən
yararlanmağa çalışırıq və bu sahədə işlərimizi
qururuq. Meydança probleminə gəldikdə, təbii ot örtüklü stadionlarla yanaşı,
Bakının hava şəraitini, küləkli və yağışlarını nəzərə alaraq, süni ot örtüklü
meydançaların olması da zəruridir. Ümumiyyətlə, infrastrukturu qurarkən, hətta ən
kiçik və ilk baxışda bəlkə də əhəmiyyətsiz görünə biləcək məqamlara xüsisi diqqət
yetirmək lazımdır. O ki qaldı, uşaq və yeniyetmələrdən ibarət komandalara, bu
istiqamətdə "Abşeron" klub olaraq mühüm addımlar atır. Birinci Divizionda çıxış
etməyimizə baxmayaraq, biz U-12, 13, 14,
15, 17 yaşlılardan ibarət tam heyətli komandalar formalaşdırmışıq. Hazırda yeganə
çətinlik öz təlim-məşq bazamızın və stadionumuzun olmamasıdır. Lakin ümid
edirik ki, yaxın vaxtlarda bu problemi aradan götürəcəyik. Yaxın gələcəkdə isə uşaqların
futbola cəlb edilməsi istiqamətində bir sıra təlim-təhsil xarakterli layihələr və təbliğat-təşviqat kampaniyaları həyata
keçirməyi düşünürük. Özü də bu işlər sırf futbolla məhdudlaşmayacaq.
- Komanda təşkil
olunarkən, məşqçi seçimində hansı prioritetlərə üstünlük verdiniz?
- Ölkəmizin gənc, lakin
yetərincə məşqçi təcrübəsi toplayan mütəxəssisi Mirbağır İsayevlə görüşdükdən sonra onu baş məşqçi
kimi komandada görməyə razılıq verdim. U-17, "Neftçi"nin əvəzedicilərinin baş məşqçisi
vəzifəsində çalışması və ölkənin gənc, istedadlı futbolçularına yaxından bələd
olması seçimimizdə yanılmadığımızı bir daha nümayiş etdirdi.
- Başa
çatan dövr ərzində "Abşeron"un ölkə çempionatındakı çıxışını necə qiymətləndirirsiniz?
- Çempionatın
ilk dövrəsi komandamız üçün çox uğurlu oldu. 13 oyun ərzində qapımızdan yalnız
bir top buraxdıq. Uğurlu çıxışlarımızı II Dövrə də davam etdiririk. Ölkə kuboku
uğrunda yarışlarda nümayiş etdirdiyimiz mübariz oyun futbol ictimaiyyətində
böyük əks-səda doğurub. Futbolçularımızın qələbə istəyi, komanda daxilində ciddi
nizam-intizam, əsas heyətin daha çox gənclərdən ibarət olması "Abşeron"a uğur qazandıran
başlıca amilə çevrilib. Fürsətdən istifadə edib, komandamızın qısa müddət ərzində
formalaşmasında bizə köməkliyini əsirgəməyən "Neftçi" PFK, "Bakı" FK və
"Qarabağ" FK-nın rəhbərliyinə minnətdarlığımı bildirirəm.
- Çempionatın nəticələrinə
görə komandanız çox güman ki, Premyer Liqaya çıxacaq. Komandanın Premyer Liqada
qarşısına qoyduğu başlıca məqsədlər nədən ibarətdir?
- Gəlin, hadisələri
qabaqlamayaq! Çempionat başa çatmayınca, bu barədə geniş açıqlama verməyək.
Lakin qeyd etmək istərdim ki, klubun infrastrukturu tam qurulduqdan sonra biz
sonrakı addımlarımızı və məqsədlərimizi müəyyənləşdirəcəyik.
- Bir qədər əvvəl
qeyd etsiniz ki, başlıca məqsədimiz yüksək zirvələr fəth etməkdir…
- Komandanın hər hansı
bir uğura imza atması üçün onun ən azı 2 il bir heyətlə oynaması vacibdir. Belə
ki, komandanın gücü oyunçuların bir-birini duya bilməsi, bir-birini anlaması ilə
ölçülür. Yüksək nəticələr əldə etmək üçün komanda vahid bir ailə olmalıdır. Nümunə
üçün uzağa getməyək. Almaniya çempionatında çıxış edən "Borusiya" (Dortmund)
komandasının sirri gənclərdən ibarət heyətin tam formalaşması və uzun müddət
bir tərkibdə çıxış etməsidir.
- Hər komandanın
bir rəmzi olur...
- Komandanın rəmzi yəqin
ki, onun öz adıdır. Abşeron torpağı bərəkətli torpaqdır. O, Azərbaycanın
gözüdür. Bu torpaq çox dahilər yetişdirib. Bu adı daşıyan komanda təmsil etdiyi
yerə layiq olmalıdır.
- Gələcəkdə "Abşeron"
klubunun fəaliyyəti yalnız idmanı əhatə edəcək, yoxsa klub ictimai həyatda da
öz sözünü deməyə çalışacaq?
- Klubun yaxın 2 illik fəaliyyət
proqramında ictimai və sosial xarakterli işlərdə iştirakı istisna deyil. Cəmiyyətin
inkişafına təkan verəcək hər hansı bir layihədə iştirak bizim bir vətənpərvər
kimi cəmiyyət və dövlətimiz qarşısında götürdüyümüz öhdəliklərdən biridir. İmkan daxilində bu istiqamətli
layihələrə dəstək olmağa çalışacağıq.
- Yaşar müəllim,
ilk futbol təcrübənizi bölüşə bilərsiniz?
- 1979-cu ildə gənclər
arasında keçirilən dünya çempionatında SSRİ-Argentina qarşılaşmasında SSRİ-nin
milli yığması 3:1 hesabı ilə uduzsa da, yeganə qolun müəllifi İqor Ponomoryev
daha bir uşağın qəlbində futbol ehtirası doğurdu. O uşaq mən idim. Ponomoryev mənim
futbolda ilk idealım olmuşdu. Əgər desəm ki, onun oyunundan həvəslənərək
futbola gəlmişəm, yanılmaram. Futbola gəldiyimdə 10 yaşım var idi, 80-cı illər
idi. "Neftçi"də, Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (OEUGİM) - Kazbek
Tuayevin futbol məktəbində bu idman növünün sirlərinə yiyələnmişəm. 1986-cı ildə
Azərbaycan yeniyetmələrinin yığma komandasının üzvü olmuşam. Yarımmüdafiəçi
idim. Çox razı idim, mövqeyimin üstünlüyünü indi daha yaxşı anlayıram. Birinci
məşqçim görkəmli futbol mütəxəssisi mərhum Ruslan Abdullayev olub. Hazırda
"İnter"də çalışan Yaşar Abdulov və Respublikanın əməkdar məşqçisi Ələkbər Cəfərov
kimi ustadlardan təlim almışam. Yaşar müəllimlə indinin özündə hərdən oyunlarda
görüşürük, hal-əhval tuturuq.
- Futbolu niyə tərk
etmisiz? Əgər keçmişə qayıtmaq istəsəydiniz, nəyi dəyişərdiniz?
- …Əsgərliyə
çağırıldım. İdman klubunda əsgəri xidmətimi davam etdirirdim. Kiçik bir xətaya
görə başqa hissəyə köçürüldüm. Dəliqanlı idim, onda əlimdə olanın dəyərini tam
aydınlığı ilə dərk etmirdim. Bir il məşq etmədim. Əvvəlki formamı qaytarmaq çox
çətin oldu. Məcburən futbolu buraxmalı oldum. Qayıtmaq istəsəydim…bəlkə də heç
nəyi. Çünki hər şey Allah-talanın izni və istəyi ilə baş verir. Bəlkə də, o səhvi
etməsəydim indi futbol klubunun rəhbəri kimi fəaliyyətə başlamazdım. Ürəyimdə
qalan o istək, o niskil futbol eşqimi illər boyu gücləndirərək onu sönməyə
qoymadı. Bu istəyin nəticəsidir ki, bu gün mən Abşeronun adını qürurla daşıyan
bir klubun rəhbəri kimi fəaliyyətimi davam etdirirəm.
- Bəs futbolçu
karyeranızda hansı komandalarda çıxış etmisiniz?
- Əsgərlikdən
öncə "Avtomobilçi"yə (Mingəçevir) cağırılmışam. Vladimir şəhərinin "Torpedo" klubuna dəvət
alsam da, evdən icazə vermədilər. Əsgərlik müddətində isə "Lokomotiv" (Hazırda
Nijni-Novqorod) komandasına dəvət olundum. Ancaq ürəyimdə həmişə bir arzu
qalmışdı, o da "Neftçi"nin formasını geyinmək idi. Hamımız uşaqlıqdan "Neftçi"nin
qızğın azarkeşləri kimi böyümüşük. O dövrdə bütün gənclərin ən böyük arzusu
"Neftçi"də oynamaq idi. Bu gün də ona rəqib olacaq yeni-yeni gənc və güclü
komandalar yaranır. "Abşeron" da onların sırasındadır. Ümid etmək istərdim ki,
yaxın gələcəkdə "Abşeron" FK Azərbaycanın yeni flaqman komandası kimi adını
futbol tarixinə yazacaq.
- Futbol
oynadığınız illərdə mövcud Azərbaycan futbolu ilə indiki futbolu müqayisə etsək,
nə kimi fərqliliklər görmək mümkündür?
- Çox fərqliliklər var. O dövrkü futbol daha çox texnikaya əsaslanırdı.
İndiki futbol isə daha sürətlidir və
futbolçulardan yüksək fiziki hazırlıq tələb edir. Lakin o dövrün futbolu
gözəlliyi ilə daha çox seçilirdi.
- Azərbaycan
futbolunun gələcəyini necə qiymətləndirirsiniz?
- Çox parlaq. Təbii, əgər
millimizin dünya arenasında parlamasını istəyiriksə, ona hər vəchlə dəstək
olmalıyıq. Bacarıqlı futbolçu yetişdirmək ilk növbədə klubun ümdə vəzifəsidir. "Abşeron"
artıq yarandığı qısa müddət ərzində Azərbaycan futboluna öz töhfələrini verməkdədir.
Komandanın qapıçısı Andrey Popoviç artıq milli seçmə komandamızın heyətinə cəlb
olunur. Komandamızın gənc oyunçuları Fərrux Rəhimov, Zahid Quliyev, Kamil Nurəhmədov,
Emin Mehdiyev, Eşqin Quliyev və Orxan Həsənov 21 yaşlılardan ibarət olimpiya
yığma komandasının heyətində aparıcı futbolçulara çevrilir. Emin İbrahimov,
Ruslan Tağızadə, Mehdi Rəsulov, Slavik Alxasov U-19 yığmasının formasını
geyinirlər. Bu, söz yox ki, "Abşeron" FK-nın nailiyyətidir.
- \"Abşeron"un Azərbaycan futbolundakı yerini necə
görürsünüz?
- Biz böyük yolun başlanğıcındayıq. Qısa müddət ərzində nail olduqlarımıza
nəzər salsaq, doğru yolda olduğumuzun şahidi olarıq. Yəni "Abşeron" Azərbaycanın
futbol məkanına "1 saatlıq xəlifə" kimi gəlməyib. İddialarımız da, gücümüzə görədir.
Azərbaycanımızın ən zəngin regionu,
Bakının ətraf kənd və qəsəbələrini birləşdirən nəhəng bir ərazini -
Abşeron yarımadasını təmsil edirik. Bu isə məsuliyyət hissimizi bir qədər də
artırır. Bu baxımdan, "Abşeron"un parlaq gələcəyinə inanıram.