Azərbaycan çempionatının ilk qalibləri

Azərbaycan çempionatının ilk qalibləri

Dekabrın 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başlayıb. Dekabrın 15-dək davam edəcək yarışın ilk günü sərbəst güləşçilər arasında 57, 61, 65, 70, 74 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Yaşar Əliyev (57 kq), Cəlal Süleymanov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Cəbrayıl Həsənov (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Bununla yanaşı, görüşlərin obyektiv və ədalətlə idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimlərinin də köməyindən istifadə olunur. Azərbaycan çempionatında ədaləti qorumaq üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim ölkəmizə dəvət edilib. Xüsusilə prinsipial qarşılaşmalarda onların xidmətindən istifadə edilir.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar federasiya tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilib və tam dəst idman geyimi ilə təmin olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə