Nenad Laloviç Dünya Güləş Birliyinin prezidenti seçilib

Xəbər verdiyimiz kimi, 8-14 sentyabr 2014-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, çempionatdan öncə Beynəlxalq Güləş Federasiyası - FİLA-nın növbəti Konqresi öz işinə başlayıb. Konqresin gündəliyinə arxada qalan müddət ərzində görülən işlərin hesabatı, FİLA prezidenti seçkiləri, İcraiyyə Komitəsinə yeni üzvlərin seçilməsi, FİLA-nın adının dəyişdirilməsi və digər məsələlər daxil edilib.

Azərbaycanı Konqresdə FİLA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev təmsil edib.

Tədbirdə quruma prezident seçkiləri keçirilib. Hazırda FİLA-ya başçılıq edən Nenad Laloviç yeganə namizəd kimi yekdilliklə yenidən quruma rəhbər seçilib. O, bu vəzifəni qarşıdakı 6 il ərzində icra edəcək.

Konqresdə eyni zamanda, uzun müddətdir müzakirəsi aparılan ad dəyişikliyi də baş tutub. Belə ki, Beynəlxalq Güləş Federasiyası - FİLA bundan sonra United World Wrestling - Dünya Güləş Birliyi adlanacaq.

2015-ci ildə bir sıra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edəcək ölkə nümayəndələrinin təqdimatları keçirilib. Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi Bakıda keçiriləcək I Avropa Oyunları barədə geniş məlumat verərək Azərbaycanın bu yarışa səylə hazırlaşdığını bildirib. Ardınca isə, I Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Təqdimat Konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə