"Avro 2020" ikidən çox ölkənin ərazisində keçirilə bilər

Bu gün Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclası olub. İclasda Avro-2020 çempionatına ev sahibliyi üçün sifarişlər verilməsi qrafiki təsdiq olunub, 2014-cü və 2015-ci illərdə UEFA Superkuboku yarışlarına ev sahibliyi edəcək ölkələrin adları çəkilib, gənclər arasında yeni klub turniri təsis edilib.


UEFA-nın saytı xəbər verir ki, Avropa Futbol İttifaqı bütün milli assosiasiyalarla müzakirələr aparandan sonra, 2012-ci ilin dekabr ayında həmin müzakirələrin yekunlarına əsasən sifarişlər verilməsi reqlamentini dərc edəcək. Bu məsələdə marağı olan assosiasiyaların sifariş dosyeləri hazırlamaq və onları UEFA-ya təqdim etmək üçün 2013-cü ilin sentyabr ayına qədər vaxtı olacaq. Avro-2020-nin hansı ölkədə keçiriləcəyi həmin dosyelər öyrəniləndən sonra, 2014-cü ilin mayında elan ediləcək.


Xatırladaq ki, 2020-ci ildə qitə birinciliyinin keçirilməsi üçün Azərbaycan və Gürcüstan (birlikdə) Türkiyə, həmçinin Uels, Şotlandiya və İrlandiyadan ibarət Britaniya triosu sifarişlər təqdim ediblər.


2020-ci ildə ilk Avropa çempionatının keçirilməsinin 60 illiyi tamam olacaq. Bununla əlaqədar, UEFA İcraiyyə Komitəsi Avro-2020 final turnirinin təşkilinin mümkün formatı mövzusuna da toxunub. Həmin formata görə turnirin keçirilməsi bir, iki və ya daha çox ölkəyə, eləcə də bir neçə şəhərə etibar edilə bilər. Hər şey konkret təkliflərdən asılıdır.


İcraiyyə Komitəsi 2012-2015-ci illərin Avropa kubok turnirlərindən əldə edilən gəlirlərin klublar arasında bölüşdürülməsinin yeni sxemini bəyənib. 2014-cü və 2015-ci illərdə UEFA Superkuboku uğrunda matçların ev sahibləri təsdiq edilib.


Bu matçlardan birincisi Uelsdə, "Kardiff Siti" stadionunda, ikincisi isə Tbilisidə, Mixail Mesxi adına stadionda keçiriləcək. İcraiyyə Komitəsi UEFA Superkuboku keçirilməsinin yeni tarixini də razılaşdırıb. FİFA-nın beynəlxalq matçlarının yeni təqviminin ratifikasiyasından asılı olaraq (2014-cü ildən etibarən) UEFA Superkubokunu avqustun sonunda deyil, ortalarında keçirmək nəzərdə tutulur. 2013-cü il üçün UEFA Superkubokunun keçiriləcəyi yer və tarix isə daha əvvəl razılaşdırılmışdı – bu matç avqustun 30-da Praqadakı "Eden" stadionunda keçiriləcək.


İclasda 19 yaşa qədər gənclər arasında UEFA-nın iki ildə bir dəfə eksperimental klub turnirinin keçirilməsi də qərara alınıb. Bu yarışlar 2013-2014-cü illər mövsümündə başlanacaq və onlarda Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olan 32 klubun gənclərdən ibarət komandaları çıxış edəcəklər. Qrup mərhələsində bu komandaların yarışlarının qrup tərkibi və təqvimi yaşlılardan ibarət komandalarla eyni olacaq. Pley-off mərhələsində hər bir raundda bir matç keçiriləcək. Beləliklə, hər komanda mövsüm ərzində ən çoxu 10 oyun keçirəcək. Yarımfinal və final oyunları neytral stadionlarda təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə