Naxçıvanda MMA üzrə açıq birincilik keçirilib

Naxçıvanın İlham Əliyev adına Olimpiya İdman Kompleksində MMA idman növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və "Turan" Döyüş Klubu tərəfindən birgə təşkil olunan yarışa 100-ə yaxın idmançı qatılıb.

SİA-ya xəbər verir ki, yarışda 13 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Mükafatlandırma mərasiminin əvvəlində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidova idmançılara göstərilən diqqət və dəstəyə görə Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov tərəfindən təşəkkürnamə təqdim olunub. Federasiyanın Naxçıvan üzrə nümayəndəsi Xəyal Abdullayev isə MMA və qrapplinq idman növlərinin təbliği və inkişafındakı xidmətlərinə görə fəxri diplomla təltif olunub.

Nəticələrə əsasən Yusif Qasımov (25 kq), Ayxan Quliyev (32 kq), Məhəmməd Qasımov (38 kq), Nurəddin Əliyev (42 kq), Əli Əbilov (46 kq), Rahim Cəfərov (50 kq), Əbülfəz Cəfərov (52 kq), Məhəmməd Həsənov (54 kq), Musa Abdullayev (56 kq), Elgün Fərəcov (58 kq), Oğuz Məmmədli (61 kq), Əli Əsədli (64 kq) və Ravil Alməmmədov (73 kq) müvafiq çəki dərəcələrində birinci olublar.

İlk üç yeri tutan idmançılar diplom və medallarla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə