Hazır mürəbbə almalı, yoxsa evdə bişirməli? - MARAQLI MƏQAMLAR - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

"Məlumunuzdur ki, yaxın keçmişədək analarımız, nənələrimiz tərəfindən meyvələrdən qışa mürəbbə və kompot hazırlayaraq tədarük görülürdü. Evdə gigiyenik şərtlərə və qaydalara əməl edilərək hazırlanan mürəbbələr həm sağlamlıq baxımından faydalı idi, həm də büdcəmizə qənaət idi". Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, son bir neçə ilədək mövsümi meyvələr çox ucuz idi və hər kəs evdə mürəbbə hazırlayıb qışa tədarük görürdü: "Ancaq indi işbazlar mövsümi meyvələrin qiymətini süni şəkildə qaldıraraq bahalaşma yaradıblar. Şəhərdə fəaliyyət göstərən bazar və marketlərdə meyvələrin qiyməti çox baha olsa da, rayonda nisbətən daha ucuzdur. İstirahət üçün rayona gedənlər və ya rayonda qohumları-tanışları olanlar daha ucuz meyvə alaraq qışa mürəbbə hazırlayaraq tədarük görə bilərlər.

İstənilən halda sənaye üsulu hazırlanan mürəbbələrə kimyəvi qatqı maddələri qatıldığına görə sağlamlıq baxımından risk təşkil edir. Sənaye üsulu mürəbbələrin rəngini qorumaq üçün rəngləndiricilər, dadını tənzimləmək üçün aramatizatorlar və rəf ömrünü uzatmaq üçün də müxtəlif kimyəvi qatqı maddələrindən istifadə olunur. Marketdən aldığınız mürəbbələrin tərkib hissəsi yazılan etiketinə diqqət etsəniz görərsiniz ki, qlükoza və ya fruktoza siropu yazısını görə bilərsiniz. Bu insanlarda şəkər xəstəliyinə meyilliyi artırı və obezitəyə səbəb ola bilir. Qlükoza və ya fruktoza siropunun zərərlərindən qorunmaq üçün aldığınız mürəbbənin etiketinə diqqət edin. Əgər etiketdə G37 – Qlükoza siropu (DE-37), G40 – Qlükoza siropu (DE-40), G58 – Qlükoza siropu (DE-60), G95 – Qlükoza siropu (DE min 97), M50 – Yüksək Maltoz siropu, M38 – Maltoz siropu, F85 – Fruktoza siropu adı ilə və ya kodları ilə keçən qida qatqı maddələri yazılıbsa, bu məhsullardan imtina edin".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə