Yeniyetmələr arasında intihar hadisələrinin artmasına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Ölkəni intihar dalğası bürüyüb. Son günlər ölkədə yeniyetmələrin intihar etməsi hadisələri artmağa başlayıb. Sosial şəbəkələrin və medianın sensasiya ardınca qaçması bu bəlanın kütləviləşməsinə böyük təsir göstərir. İntihar hadisələrinə hər kəsin baxış bucağı fərqlidir. Bəs görək şəhər sakinləri bu barədə nə düşünür. SİA bu mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini Nazim Sabiroğlu: "İntihar səbəbləri çox ola bilər. Kimisi imtahanda pis nəticə göstərdiyi üçün, kimisi ailə basqısı səbəbilə intihara üz tutur. Lakin intihar nə dini, nə də mənəvi nöqteyi-nəzərdən çıxış yolu deyil. Səbəbləri daha çox ailədə axtarmaq lazımdır. Ümumiyyətlə, bütün bunlar çox təəssüfedici haldır".

Şəhər sakini Kişvər Qarayeva: Belə halların olmaması üçün gərək ailədə uşaqlara ciddi nəzarət olunsun. Valideynlər uşaqlarının hara getdiyinə, kimlərlə dostluq etdiyinə diqqət etməlidir. İndiki zəmanədə uşaqlar da sözəbaxan deyillər. Özbaşınalıq, valideynlərdən uzaqlaşmalar intihar hallarının artmasına gətirib çıxarır".

Şəhər sakini Orxan Mirzəyev: "Düşünürəm ki, ailədə diqqətsizlik azyaşlılar arasında intihara, cinayətə meyilliliyə səbəb olur. Eyni zamanda, ailə basqısı da uşaqların psixologiyasına təsir edir. Psixoloji pozuntular da intihar hadisələrinin artmasına gətirib çıxarır".

Şəhər sakini Ruhəngiz Mehdiyeva: "Məncə, son zamanlarda gənclər arasında intihar hadisələrinin çoxalmasından cəmiyyət bir dərs çıxarmalıdır. Bu halların səbəbləri dərindən araşdırılmalı və insanlar da həmin səbəblərin olmaması üçün əlindən gələni etməlidir. Valideynlərin uşaqlarını nəyə isə məcbur etməsi onların üzərinə ağır yük qoyur. Uşaqlar da çıxış yolunu intiharda görür".

Şəhər sakini Yaşar Şahverdiyev: "Ailədaxili münaqişələr, psixoloji problemlər uşaqlara da yansıyır. Hər problemi, dərdi uşağa bildirmək lazım deyil. Uşaqlar yeniyetmə yaşında formalaşırlar. Ona görə də uşaqlara düzgün tərbiyə vermək, onları düzgün yönləndirmək lazımdır".

Şəhər sakini Sünbül Tağıyeva: "Hər şey ailədən başlayır. Uşaq yaşlarından qızın dostu anası, oğlanın dostu da atası olmalıdır. Bir problemləri olanda valideynləri ilə bölüşməlidir. Valideyn uşağa hər bir şeyi vaxtlı-vaxtında izah etməlidir ki, özlərini tənha hiss etməsinlər. Ailə uşağa yaxşı tərbiyə verməlidir, uşağın dostu olmalıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə