Artan ailədaxili cinayətlər - Problemin kökündə nə dayanır? - ARAŞDIRMA

Sürətlə dəyişən dünyamızda insanın yaşaması bir növ onun ən yaxın mühiti ilə münasibətindən, ətraf mühitin insanların davranışlarına təsirini dərk etməsindən asılıdır. İnsanın ən yaxın mühiti onun evi və ailəsidir. Bütün insanlar fərdlər və ya ailələr olaraq daim dəyişən dünyada yaşamalı və bu dünyaya uyğunlaşmalıdırlar. Bir tərəfdən sənaye və texnologiyada baş verən dəyişikliklər ailə həyatına da təsir edir və bu qarşılıqlı əlaqə hazırda kütləvi informasiya vasitələrinin köməyi ilə çox sürətlidir. Əhalidə, sosial-iqtisadi strukturda baş verən dəyişikliklər bilavasitə və dolayısı ilə ailədə də öz əksini tapır və nəticədə ailə həyatı daim dəyişir.

Ailə bəşəriyyətin bütün tarixi boyu mövcud olmuş və dəyişikliklər qarşısında daim öz davamlılığını qoruyub saxlayan bir qurumdur. Ailə insanın ən dərin tərbiyəvi təsirlər aldığı, çox şeylər öyrəndiyi, həyata hazırlaşdığı bir məktəbdir. Uşaq cəmiyyətdə yaşamağı ailəsindən öyrənir. Uşaqların tərbiyəsində məqsəd sağlam şəxsiyyət yaratmaqdır. Bütün cəmiyyətlərdə ailə şəxsiyyətin yaranması və inkişafında təsirli olan ilk sosial amildir.

Ailədəki problemləri maddələr baxımından sıralayaq:

- Evdə söz-söhbət və gərginlik

- Uşaq-valideyn münasibətlərində problemlər

- Uşaqlarda və ya yeniyetmələrdə uyğunlaşma problemləri və davranış dəyişiklikləri

- Alkoqol-maddə istifadəsi

- Depressiya

- Boşanma və ayrılıq

- Uyğunluq məsələləri

- Cinsi problemlər.

Ailə mühiti fərdlərin müsbət davranışlar əldə etdiyi və inkişaf etdirdiyi bir sahə olsa da, bəzən mənfi təcrübələr səbəbiylə travmatik nəticələrin yarana biləcəyi bir sahəyə çevrilə bilər.

Aparılan araşdırmalara görə, evlilik nisbətlərinin əksinə, boşanmaların artdığı görünür. Bundan əlavə, nikah yaşının artması da aşkarlanıb. Məişət problemlərinə gəlincə, zorakılıq əsas problemlərdən biridir. Zorakılıq, güc və təzyiq tətbiq etməklə insanlara fiziki və ya ruhi zərər verən bütün davranışlar kimi müəyyən edilir. Məişət zorakılığı, qısaca olaraq, ailə üzvlərindən birinin ailənin digər üzvləri tərəfindən hücumu kimi müəyyən edilə bilər. Son illər məişət zorakılığının artdığı müəyyən edilib. Məlumdur ki, təhsil, mədəniyyət, həyat keyfiyyəti, sosial quruluş və zorakı davranışın azalması arasında əlaqə var. Ailə institutu zorakılığın və onun növlərinin öyrənildiyi ilk yerdir.

Həyat yoldaşları arasında ünsiyyət problemləri, uyğunsuzluq, valideyn-övlad arasında ünsiyyət problemləri də mühüm ailə problemlərindəndir. Nəhayət, xüsusilə son vaxtlar gündəmə gələn və kommunikasiya texnologiyalarının inkişafı ilə müşayiət olunan məişət problemi ər-arvad arasında xəyanət və aldatma ilə məşhurdur. Xüsusilə mobil telefon, internet və sosial medianın geniş yayılması ilə həyat yoldaşlarının aldatma və xəyanətlə qarşılaşmalarının artdığı müşahidə edilir.

Ailədaxili uyğunsuzluq və psixologiyada ailədə yaşanan problemlər depressiya, narahatlıq pozuqluğu, yuxu pozğunluğu, travma sonrası stress pozuqluğu, cinsi problemlər kimi bir çox problemə səbəb ola bilər. Yaxşı bir münasibətdə şiddətdən, xəyanətdən və nəzarət səylərindən uzaq olmalı, sağlam ünsiyyət qurmalıyıq. Beləliklə, xoşbəxt və dinc bir əlaqənin ilk addımını atırıq.

Syuzan Sarandonun dediyi kimi, “Bütün xoşbəxt ailələr eynidir, amma hər bədbəxt ailənin öz hekayəsi var”.

SİA məsələ ilə bağlı araşdırma apararaq hüquqşünas, psixoloq və sosioloqların fikirlərini öyrənib.

Hüquqşünas Fariz Əkbərov ailədaxili cinayətlərdə problemin kökündə dayanan səbəblərin hüquqi yanlarına toxunub: “Məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda büruzə verir. Son dövrlər ailə-məişət zəminində baş verən cinayətlərin sayı artıb. Ölkədə ər və arvad qatili, gəlin və kürəkənin öz yaxın adamları tərəfindən qanının tökülməsi ilə bağlı baş vermiş cinayətlər haqlı narahatlıq doğurur. Cinayətlərin də əksəriyyətinin namus üstündə baş verdiyi bildirilir.

Ailə daxilində baş verən qətllərin müxtəlif səbəbləri olur:

Bu, normal adekvat reaksiya deyil, əksinə, qeyr-adekvat reaksiyadır ki, ailə üzvləri səbəbdən asılı olmayaraq bir-birini öldürməyə cəhd göstərir. Ailə zorakılığına məruz qalan qurban (bu, daha çox qadın olur) özünü və ya uşaqlarını qorumaq üçün yoldaşına ağır xəsarət yetirir və nəticədə ölüm faktı törənir.

Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, “mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt”dır . Bu akt zorakı şəxsin qurbanı izləmək, sığınacaq tapdığı yeri axtarmaq və narahat etmək kimi zorakılığından müdafiə etmək üçün verilir.

Həmin qanunda göstərildiyi kimi, mühafizə orderləri qısa və uzunmüddətli olaraq verilir. Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən müraciət daxil olandan 24 saat müddətində verilməlidir. Uzunmüddətli mühafizə orderi isə yerli məhkəmənin çıxardığı qətnamə əsasında verilir. Qısamüddətli mühafizə orderi bir aylıq, uzunmüddətli order isə altı aylıq müddətə verilir”.

Psixoloq Fidan Namazova: “Ailə daxili cinayətlər üst-üstə yığılan xırda məişət mübahisələrin toplusu və ya qısqanclıq zəminində yaranan davaları sonucu olur. Cinayətə əl atmaq insanların aqressiya və emosiya partlaması nəticəsində özlərini kontrol edəbilməməsindən törədilir. Az hallarda isə cinayətkar öncədən əməlini planlayır, bu, əsasən, şiddət quranları və ya aşırı qısqanc insanların davranışları olur.

Anlamaq lazımdır ki, həddindən artıq qısqanclıq, şiddətə meyillilik, aşırı aqressiya psixoloji rahatsızlıq əlamətləridir. İnsanlar mütəmadi olaraq psixoloji sağlamlığının qayğısına qalmalı, stress azaltmaq üçün idmanla məşğul olmalı, ara-sıra gəzintiyə çıxmalıdır. Heç bir səbəb cinayət törətməyi təmizə çıxara bilməz”.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Çox təəssüf ki, bu gün dövlət qurumları və biz Qeyri-Hökumət Təşkilatları nə qədər maarifləndirmə işləri aparsaq da, ailədaxili cinayətlərin qarşısını ala bilmirik. Ailədə baş verən cinayətlər cəmiyyətdə böyük narahatçılıq doğurur. Ən narahatedici məqam da odur ki, bir çox hallarda ərləri tərəfindən qətlə yetirilən qadınlara "xəyanət" damğası vurub qətl törədəni haqlı çıxarmağa çalışırlar. Amma çox vaxt məhkəmə araşdırması zamanı bəlli olur ki, qətlə səbəb heç də xəyanət deyilmiş.

Çox vaxt ailələr haqqında danışanda, baş verən cinayətlərlə bağlı fikir yürüdəndə əsas məqamı unuduruq ki, ailədə heç bir münaqişə və sonu qətllə nəticələnən cinayətlər birdən-birə baş vermir. Ailəyə kənar müdaxilələrin olması gəlin-qaynana çəkişməsi, ərin ailəyə olan biganəliyi, xasiyyətlərin, dünyagörüşlərinin uyğunlaşmaması, yersiz, həddini aşan qısqanclıqlar, səbəbindən baş verən mübahisələr ailədə dərinləşdikcə sonda qətllərə səbəb olur”.

SİA məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib:

Şəhər sakini Fatma Abdulla: “Ailə böyük məfhumdur. Düşünürəm ki, şəxslər ailə qurmazdan öncə bunu hərtərəfli araşdırmalı və ortaq qərarlar verməlidir. İstər iş, istər maddi, istərsə də mənəvi cəhətdən yollarının eyni olduqları qənaətinə gəldikdən sonra bu imzanı atmaq düzgün olardı. Son zamanlar ailədaxili münaqişələrin, cinayətlərin artması fikrimcə, azyaşlıların evliliyə məcbur edilməsi, bir-birini yaxşı tanımadan verilən qərarlar və məişət zorakılığının artmasının nəticəsidir. Ümid edək ki, gənclər, ailə quran şəxslər qərarlarını hərtərəfli düşünüb bu addımı atacaqdırlar. Hər kəsə xoşbəxtlik diləyirəm”.

Şəhər sakini Nərmin Bağırzadə: “Son dövrlər ailə-məişət zəminində baş verən cinayətlərin sayı artıb. Ailədaxili şiddət və ya zorakılıq bu anlayış barədə indi hətta balaca uşaqlarımızında anlayışı var. “Qadın ərini baltaladı”, “ailə münaqişəsi zəminində ər arvadının başını kəsdi”, “ər həyat yoldaşını güllələdi”, “kişi arvadının boğazını kəsdi”, “ər arvadını döyə-döyə öldürdü”... kimi xəbərləri demək olar ki, hər gün eşidirik. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip cinayətlər son dövrlərdə adi hal kimi qəbul olunmağa başlanılıb. Qətlin kökündə bir aqressiya durur. Ailədaxili cinayətlərin baş verməsinin əsas səbəbi şəxsiyyətlərarası münasibətlərin düzgün qurulmaması ilə bağlıdır”. Bu cinayətlərin baş vermə səbəbi isə namus və xəyanət üstündə olduğu ortaya çıxır. Ağır cinayətlərin mətbuatda, sosial şəbəkələrdə birbaşa paylaşılması yolverilməzdir. Çünki bu cür ailədaxili cinayət xəbərlərini dərc edərkən diqqətli olmaq lazımdır. Əgər mətbuatda intihar hadisələrindən çox yazılarsa, intiharların sayında kəskin artım olur. Eləcə də ağır cinayətlərlə bağlı da bu sözü demək olar. Bu cür cinayətlərdən çox yazanda cinayətlərin sayı azalmır, əksinə, bir müddət artmağa başlayır”.

Şəhər sakini Paşa Məmmədov: “Ailədaxili münasibətlərin ilk səbəblərindən biri xəyanətdir. İkinci səbəb isə güvənsizlikdən qaynaqlanır. İstər kişi, istərsə də qadın şəxsi münasibətdə bir-birinə güvənməlidir. Tərəflər arasında qarşılıqlı anlayış olmalıdır. İki insanı bir-birinə bağlayan ən güclü amillər bunlardır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə