Kimdir günahkar? - SORĞU - MÜƏLLİM YOXSA VALİDEYN

Son vaxtlar sosial şəbəkələrdə şagirdlərin məktəbdə intizamsız davranışlarının şahidi oluruq. Əslində, pis müəllim, pis şagird yoxdur. Müəllim və şagird arasında yaxşı və ya pis münasibət var. Bəzi uşaqlar mövcud öyrənmə və qavrama çatışmamazlıqlarını sinifdə dəcəllik edərək, daimi döyüş və narahatlıq vəziyyəti yaradaraq yatırmağa çalışırlar. Bu uşaqlar zahirən tündxasiyyət, davakar, tənbəl, dərslərə maraqsız və intizamsız adlandırılır.

Bəs müəllim-şagird münasibətlərində günahkar kimdir? Bəzən valideynlər də şagirdin müəllimə olan hörmətinin azalmasında əsas iştirakçı rolunu oynayırlar. Şagirdlərin intizamsız davranışlarının səbəbi valideyn yoxsa müəllimdir? Suallarımıza cavab tapmaq üçün SİA şəhər sakinləri arasında sorğu keçirdi.

Şəhər sakini Arzu Məcidova: "Düşünürəm ki, məktəbdə yaranan bütün münaqişələrin səbəbini müəllimdə görmək olmaz. Çünki valideynlər uşaqlara səlahiyyət çox verirlər. Yeni smartfonlar alaraq uşaqları dərs oxumaqdan kənarlaşdırıb başqa işlərlə məşğul olmasına səbəb olurlar. Mənim 3 uşağım var. Uşaqlarıma telefonu məktəbvaxtı almamışam. Ancaq universitetə daxil olandan sonra telefon işlətmələrinə icazə vermişəm. Bu mövzuda oğlum mənlə razılaşmır və mənə şikayətlənir. Uşaqlar səlahiyyətlərindən düzgün istifadə etməyi bilmirlər. Şagirdlər bir-birləri ilə bəhsə-bəhs edirlər. Telefonda həddən çox oyun oynayıb zərərli vərdişlərə meyilli olurlar. Uşaqlar valideynini yalnız valideyn olduqdan sonra anlayırlar".

Şəhər sakini Ədalət Əbdül Səməd: "Son vaxtlar müəllim və şagird problemi daha çox yaşanır. Burada cəmiyyətin, valideynin, müəllimin günahı var. Hər kəs gərək övladına qarşı diqqətli olmalı və övladlarına nəzarət etməlidirlər. Valideynlərin bu cür yanaşması yanlışdır və düzəldilməlidir. Valideynlər övladlarının məktəb davranışlarına, dərsi vaxtında yerinə yetirməyinə nəzarət etməlidir. İndiki dönəmdə hər kəsin əlində telefon var. Valideyn də telefonda vaxt keçirdiyi üçün uşaqdan xəbəri olmur. Mən uşaq olanda hər gün gündəliyimi valideynim yoxlayırdı. İndi oxumağa şərait çoxdur. Lakin həm şagirdlər oxumağa həvəsli deyil, həm də valideynlər nəzarət etmir".

Şəhər sakini Arifə Məhərrəmova: "Düşünürəm ki, dövrümüzdə şagirdlərin müəllimlərə davranışının pis olması cəmiyyətimizdən aslıdır. Mən uşaq olanda müəllimdən qorxardıq. Məktəbdə müəllimdən icazə almadan heç yerə getməzdik. İndi müəllim şagirddən dərsi ciddiyətlə tələb etsə də, bəzi valideynlər buna narazılıq edirlər. Valideynlər uşaqların təlim-tərbiyəsi ilə məşğul olmurlar. Əvvəllər müəllimlə şagird arasında hər hansı bir problem yarananda valideynlər müəllimin tərəfini tutur, onu dəstəkləyirdi".

Şəhər sakini Cəmil Quluzadə: "Şagird, müəllim və valideyn münasibəti əvvəlcədən düzgün qurulmalıdır. Valideynlər uşaqlarını ancaq təhsilə yönəldirlər. Lakin bəzi uşaqların peşə öyrənməsi daha vacibdir. Valideynlər məcbur edirlər ki, uşaqlar dərs oxusun. Lakin uşaqların davranışı və istəkləri ilə maraqlanmırlar. Valideynlər uşaqların fikrini öyrənmək istəmirlər. Yalnız öz istəklərini uşaqlar üzərində həyata keçirməklə məşğuldurlar. Təhsildən əvvəl uşağın təlim-tərbiyəsi önəmlidir. Belə olmadıqda, uşaqlar müəllimə qarşı çıxır və xoşagəlməz hallar baş verir. Uşaqları döyməklə başa salmaq olmaz, onları yalnız dinləmək lazımdır".

Şəhər sakini Tamilla Hüseynova: "Bizim vaxtımızda müəllim bizi hirsləndirəndə biz müəllimə qarşı çıxmırdıq. İndi nəinki şagird, həm də valideyn müəllimə pis davranır. Bəlkə də ona görə indi təhsil səviyyəsi aşağıdır. Mən oxumuşam və təhsilliyəm. Lakin nəzərə çatdırım ki, müəllim hazırlığına getməmişəm. İndiki dövrdə həm müəllimlərdə, həm valideynlərdə səhvlər var. Müəllimlər şagirdlərə vaxtında dərsi tam mənimsətməlidir. Belə olduqda şagirdin əlavə məşğələyə ehtiyacı olmaz. İndi sinifdə 30-dan çox uşaq olur. Müəllimin isə 45 dəqiqəyə hər şagirdlə eyni səviyyədə maraqlanmağa vaxtı çatmır. Düşünürəm ki, siniflərdə şagirdlərin sayı azaldılsa, tədris daha yaxşı olar. Əvvəlki dövrdə müəllimə hörmət fərqli idi. İndi məktəb müəllimləri şagirdlərdən fərqlənmir".

Şəhər sakini Nailə Ağayeva: "Valideynlər uşaqları yanlış yetişdirir. Bizim dövrümüzdə müəllimin şagirdi tənbehləməsi, danlaması qəbahət deyildi. Əgər müəllim şagird sözə əməl etmirsə, oxumursa tənbeh edə bilər. Əvvəlki dövrün təlim - tərbiyəsi bizdə hələ də qalıb. Müəllimlə şagirdlər arasında çox gözəl münasibət qurulması vacibdir. Bizim dövrümüzdə müəllimdən gizlənirdik. Müəllim yeməkxanada olanda ora getmirdik. İndiki valideynlərdə çox günah var. Belə bir məsəl var: "Uşağı burax, dalınca gəz".

Uşağa tərbiyə verərkən onu sıxmaq da olmaz. Uşaqlara sadəcə nəzarət etmək lazımdır. Müəllimlərə hörmətlə yanaşmaq və onlara qiymət vermək lazımdır. Şagirdin təlim-tərbiyəsinin düzgün olmamasının birinci günahkarı valideyndir. Valideynin işi uşağını məktəbə aparmaq və gətirməklə bitmir".

Şəhər sakini Dilşad Həşimova : "Son zamanlar sosial şəbəkələrdə müəllim- şagird münasibətlərinin pozulmasını görürük. Düşünürəm ki, ailədə düzgün tərbiyə verilsə məktəbdə belə hallar yaşanmaz. Cavanlıqda müəllimlərə ilahi qüvvə kimi baxırdıq. Mənim özüm də müəlliməyəm. Düşünürəm ki, uşağı düzgün təlim tərbiyə verərək, düzgün yönəltmək lazımdır. Müasir dövrdə telefon, komputer lazımdır. Amma hər şeyi qədərində istifadə etməliyik. Peşəsini yaxşı yerinə yetirən müəllimlərimiz çoxdur. Onlara qiymət vermək lazımdır. Çünki onlar çox əziyyət çəkirlər. Lakin bunu da vurğulayım ki, bəzi müəllimlər şagirdlər arasında ayrı-seçkilik aparır. Bu da uşağı vadar edir ki, müəllimə soyuq münasibət bəsləsin.

Valideynlər uşaqlarının psixologiyasını bilməli və ona görə davranmalıdırlar. Valideyn öyrətməlidir ki, müəllim böyük qüvvədir. Müəllim o qədər müqəddəs varlıqdır ki, ondan nəsillər dərs alır. Müəllim adının önündə baş əyirik. Biz belə böyümüşük".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə