Dezinformasiyalara qarşı mübarizə NECƏ APARILMALIDIR? - QURUM RƏSMİSİ AÇIQLADI

"Sosial şəbəkələrdə dezinformasiyaların yayılması adi hala çevrilib. Hətta nəinki bizdə bütün ölkələrdə də sosial şəbəkələrdə bu kimi problemlər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

Onun sözlərinə görə, günümüzdə sosial şəbəkələr çox vacib bir elementdir: "Sosial şəbəkələr insanların fikrini ifadə etmək üçün çox böyük bir platformadır. Çox təssüf ki, bu cür böyük imkanların içində bu fəaliyyətə ziyan vuran, məqsədlər güdən, öz məqsədlərinə xidmət edən bir sıra qurumlar var ki, onlar bu vəziyyətdən sui-istifadə edirlər. Bu kimi halların qarşısının alınması üçün tək biz yox, bütün dünya bu barədə araşdırmalar aparır. Çox təəssüf ki, sosial şəbəkələr elə bir açıq müstəvidir ki, burada müəyyən qanunların yaradılması baxımından administrativ tədbirlərin görülməsi, qadağalar, cəzalar keçmir. Bu mümkün də deyil".

Yadigar Məmmədli həmçinin qeyd edib ki, sosial şəbəkələrdə ciddi mənbə olmayan qurumların məlumatı ciddiyə alınmır: "Onların məlumatlarını bəzən götürüb doğru olub-olmadığını araşdırmaq lazımdır. Çox təəssüf ki, özlərini xəbər portalı adlandıran saytlar da var ki, bəzi sosial şəbəkədəki xəbərlərin doğru olub-olmadığını yoxlamadan, araşdırmadan xəbər kimi saytda paylaşırlar. Əslində sosial şəbəkələrdə saxta xəbərlərin verilməsi bizi narahat etməməlidir. Amma həmin saxta məlumatların xəbər saytları üzərindən yayılması ciddi problem törədir. Buna görə də biz jurnalistlərin üzərinə düşən məsuliyyət də ondan ibarətdir ki, sosial şəbəkələrdə daha çox ümumi reaksiya yaradan, hamıya maraqlı olan məsələləri daha dəqiq araşdırmalı, onun dəqiqliyini yoxladıqdan sonra isə yaymalıyıq. Belə olduğu halda dezinformasiyaların da sayı azalar".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə