Azərbaycanın inkişaf modelinin təməli qoyan Dahi Şəxsiyyət - ŞƏRH

Müasir Azərbaycan dövlətinin Memarı və Qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız Dahi Şəxsiyyətdir. Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüşdür. Bu Dahi İnsan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol 1969-cu ildən – məhz Onun birinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə dövlət müstəqilliyini qoruyaraq, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və ölkəmizdə inkişafın təməli qoyulub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda böyük uğurlara, xalqın sosial rifah halının yaxşılaşdırılmasına, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsinə səbəb olub. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb.

HEYDƏR ƏLİYEVİN DƏRİN ZƏKASI, GÜCLÜ İRADƏSİ ÖLKƏNİ SABİT İNKİŞAF VƏ TƏRƏQQİ YOLUNA ÇIXARDI

Müstəqilliyimizin ilk illərinə diqqət yetirsək, ictimai-siyasi vəziyyətin gərginliyini və belə bir zamanda, Azərbaycanın uçurum qarşısında olduğunu daha aydın görmək olur. Ölkədə xaos, anarxiya və özbaşınalıq baş alıb gedirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdı və uğurların təməlini qoydu. Əlbəttə ki, bu gün böyük fəxarətlə söz açdığımız uğurların yolu çətin, ağır və məşəqqətli yoldan başlanıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı yenicə qazanılmış, dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi və iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrildi. Böyük Şəxsiyyət olmasaydı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdi. Qardaş qırğını səviyyəsinə qalxmış qarşıdurmanı dayandıraraq, ölkəni sabit inkişaf və tərəqqi yoluna çıxarıb. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının əhəmiyyətini dərindən başa düşən Azərbaycan xalqı tezliklə Onu əvvəlcə Milli Məclisin Sədri, bir neçə aydan sonra isə Prezident seçilməsini dəstəkləyib.

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə və beynəlxalq aləmdə böyük nüfuza malik Ulu Öndər Heydər Əliyev nəinki ölkə daxilində qarşıdurmanı dayandırıb, həmçinin Ermənistanın işğalçı siyasətinin qarşısını alaraq, atəşkəsə nail olub. Bu isə Azərbaycana gərgin vəziyyətdən çıxmağa və sivil inkişaf yolu ilə addımlamağa imkan yaradıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı.

ULU ÖNDƏRİN AZƏRBAYCANA RƏHBƏRLİK ETDİYİ İLLƏRDƏ MİLLİ RUH, AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ YÜKSƏLDİ

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünki dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən, hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Xüsusi olaraq vurğulayaq ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxlayıb. Hələ sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan nizami ordunun formalaşması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdəndir. Məhz o islahatların parlaq nəticəsidir ki, bu gün Azərbaycan işğalçı Ermənistan üzərində qətiyyətli qələbə qazandı. İşğal altında olan tarixi torpaqlarımız işğaldan azad edildi.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi tariximizdə əvəzsiz Zəfərə imza atdı. Ötən 18 ildə Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən, zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.

Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 ilə yaxın dövr ərizində xarabazara çevrilmiş torpaqlarımız yenidən qurulur və böyük canlanma müşahidə olunmaqdadır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edəcək və bunun üçün artıq dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırılır. Sosial obyektlərin tikilməsi, yaşayış üçün şərait yaradılması, evlərin inşası işləri ardıcıl olaraq həyata keçiriləcək.

Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, ordumuzun, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Ona görə də əbədiyyətə qovuşan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək. Əbədiyaşar Lider xalqı üçün etdiyi bütün fədakarlıqları ilə hər zaman qəlbi Azərbaycanla döyünən bütün azərbaycanlıların qəlbində ən xoş duyğularla xatırlanacaq.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə