"İRƏLİ" İctimai Birliyi və "LİBRAFF" Kitab mağazaları şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclərlə" layihəsinin növbəti görüşü baş tutub. SİA xəbər verir ki, layihənin növbəti qonağı tanınmış aktyor və ssenarist Azər Aydəmir olub.
O, öz yaradıcılıq yolundan bəhs edərək, aktyorluq sənətinin incəlikləri və peşəkar kino sahəsində qazandığı təcrübələr haqqında fikirlərini bölüşüb. Yerli film sənayesinin bu günü və gələcəyi ilə bağlı maraqlı məqamları vurğulayan Azər Aydəmir, son dövrlərdə əldə edilmiş uğurlardan, müasir kino sənayesinin inkişafı üçün həyata keçirilən dövlət tədbirlərindən bəhs edib, gənc auditoriyaya motivasiya verən çıxışı ilə yadda qalıb.
Tədbir interaktiv şəkildə davam edib, iştirakçılar qonağa peşəkar yolun başlanğıcı, ssenari yazarlığı, kino sənətinin çətinlikləri və imkanları ilə bağlı suallar ünvanlayıblar. Gənclərin yaradıcı axtarışlarına dəstək məqsədi daşıyan bu görüş kino sahəsinə maraq göstərən istedadlı iştirakçılar üçün həm maarifləndirici, həm də ilhamverici platformaya çevrilib.
Tədbirin davamında bəstəkar, pianoçu Nigar Süleyman müəllifi olduğu "Əqrəb mövsümü: İki dünya bir olsa da" serialının musiqisini pianoda təqdim edib.
Layihənin əsas məqsədi gəncləri tanınmış və uğur qazanmış şəxslərlə bir araya gətirmək, onların şəxsi həyat yolu, peşəkar fəaliyyəti və yaradıcılıq təcrübələrindən faydalanmaq üçün imkan yaratmaqdır. Bu görüşlər gənclərə ilham verməklə yanaşı, onların dünyagörüşünün formalaşmasına, gələcək planlarına və karyera seçimine müsbət təsir göstərməyi hədəfləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə