Daşkəsədə "Narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib

Noyabrın 29-da Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayan məktəblilərin zərərli vərdişlərdən qorunması, müvafiq sahədə təlim-tərbiyə, habelə maarifləndirmə işlərinə töhfə məqsədilə "Narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Daşkəsən rayon İcra hakimiyyətinin məsul əməkdaşları Ruslan Məmmədəliyev və Elmar Əliyev, Daşkəsən rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev və Şöbənin əməkdaşları, rayon Təhsil Şöbəsinin metodisti Naməddin Mirzəyev, rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi Zaman Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk olaraq Vətən uğurunda qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Sevil Ələsgərova çıxışında narkomaniyanın törətdiyi fəsadlar, gənclərin bəhs olunan ictimai bəladan qorunması və bu sahədə onlara göstərilən geniş dəstək tədbirlərindən danışıb.

Çıxış edən rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktik işlər barədə məlumat verib. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Seymur Əfəndiyev yetkinlik yaşına çatmayan məktəblilərin və gənclərin zərərli vərdişlərdən qorunması ilə bağlı ictimaiyyət arasında təbliğat və müvafiq maarifləndirmə işlərinin gücləndirilməsinə hər zaman böyük ehtiyac duyulduğunu qeyd edib.

Rayon İcra hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev çıxışında yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi və sağlam inkişaf etməsi istiqamətində ölkədə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyəti barədə ətraflı çıxış edib, məktəblilərə və müəllimlərə tövsiyələr verib.

Tədbirdə həmçinin “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...