Uşaqlar niyə yalan danışır? ARAŞDIRMA

Uşaqlar niyə yalan danışır?

Yalan, həqiqətə uyğun gəlməyən söz deməkdir. Daha çox həqiqəti gizlətmək və qarşı tərəfi aldatmaqdan ibarətdir və insanın qarşısındakı insan tərəfindən qəbul edilməyəcəyini düşündüyü faktları əvəz edən məqbul, reallığa uyğun olmayan söhbətlər kimi qarşıya çıxır. Yalanlara əl atdığınız zamanları həm keçmişdə, həm də indiki böyüklər kimi düşünün. Aranızda müəllimdən və ya iş yerindən icazə almaq üçün yuxarı nəsil valideynlərini xəstələndirənlər, övladını nəyəsə inandırmaq üçün ağ, məsum yalanlardan istifadə edənlər də var. İnsanların yalan danışmasının əsas səbəbləri ya cəzadan yayınmaq, ya da mənfəət əldə etməkdir. Bu qazanc maddi və ya mənəvi ola bilər (maraq, sevgi, sosial status və s.).

Yalan danışmağın səbəbləri yaş qrupuna görə dəyişir

Uşaqlara baxdığımızda həqiqətə uyğun olmayan danışıqların motivasiyası və səbəbləri yaş qruplarına görə fərqli ola bilər. Məsələn, 3 yaşında bir uşaq yuxusunda gördükləri şeyləri gerçəkmiş kimi təsvir edə bilər, bu təsəvvürlər bir vəziyyəti gizlətməyi ehtiva etmir və buna görə də yalan hesab edilməməlidir. Bu, inkişaf prosesinin bir hissəsidir. Çox vaxt məktəbəqədər dövrdə uşaqlar ehtiyaca əsaslanan diqqəti cəlb etmək məqsədi daşıyan yalanlara sahib ola bilərlər. Burada uşaq aldadıcı olmaqdansa, diqqəti cəlb etməyi hədəfləyir. Valideynlərin vəzifəsi uşağın hiss və düşüncələrini yaxşı başa düşməyə çalışmaq olmalıdır. Kifayət qədər diqqət gördükdə uşağın bu cür yalanlara ehtiyacı da azalacaq.

Özünə güvəni aşağı olan uşaq da yalan danışa bilər

Daha sonrakı yaşlarda, xüsusən də, ailədə zülmkar və ittihamçı mühit varsa, uşaq davranışının məsuliyyətini öz üzərinə götürmək əvəzinə, cəzadan yayınmaq üçün yalana əl ata bilər. Xüsusilə, fiziki zorakılığa və təhdidlərə çox məruz qalan bir ailədə böyüyən uşaq, yerinə yetirmədiyi hər hansı bir səhv və ya vəzifədən, buna reaksiyalardan qorxduğu üçün yalana müraciət edə bilər. Sosial mühitdə özünü dəyərsiz hiss edən və özünə inamı aşağı olan uşaqlar da özlərini tərifləmək və heyran olmaq üçün həqiqətə uyğun olmayan ifadələrdən istifadə edə bilərlər.

Valideynlər öz davranışlarını şübhə altına almalıdırlar

Uşaq yalan danışırsa, valideynlərin özlərini, öz davranışlarını sorğulaması vacibdir. Məsələn, ata ilə uşaq arasındakı sirlər “Anana deməliyəm” kimi cümlələrlə uşağa danışmaq onu yalan danışmağa sövq edə bilər. Kifayət qədər diqqət yetirməmək, davamlı olaraq mənfi davranışları tənqid etmək, həddindən artıq reaksiya vermək, zorakılıq tətbiq etmək uşağın öz layiqliliyini şübhə altına almasına və müdafiə mexanizmi olaraq yalan danışmasına səbəb olur. Diqqət əskikliyi, hiperaktivlik və ya digər davranış pozğunluqlarında başqa davranış problemləri ilə birlikdə heç bir məqsədi olmayan qaçınılmaz yalançı davranışlara rast gəlinə bilər.

Uşaqlarda yalan danışma davranışı müalicə edilə bilər

Uşaq yalan danışırsa, erkən uşaqlıq dövründəki xəyali ifadələrdən başqa, bir şey düzgün deyil. Bu nöqtədə yalan danışma davranışı vərdiş halına gəlməzdən əvvəl uşağın niyə yalan danışdığını anlamaq, yalan danışmağa səbəb olan prosesləri və altında yatan bir psixopatologiyanın olub olmadığını qiymətləndirmək lazımdır. Bunu unutmayın ki, əgər uşaqlarda yalan danışma davranışı varsa, psixopatologiya üçün əsas səbəblərin aradan qaldırılması və müdaxilələrlə müalicə edilə bilən bir vəziyyətdir.

Yalanın növləri və səbəbləri

Xəyali yalanlar: Uşaqlar, xüsusən də, 3 yaşa qədər, reallıq və fantaziya arasındakı fərqi çox dəqiq qavraya bilmirlər. Bəzən diqqəti cəlb etmək üçün şişirdilmiş və ya günahsız uydurmalara əl atırlar. Bu davranış tədricən azalır və orta hesabla 5 yaşa qədər davam edir.

Nümunə: Oyuncaq ayı qaçaraq şkafın arxasında gizləndiyini söyləsə, yalan deyil; xəyalidir. Uşaqların təxəyyülü çox geniş olduğu üçün bu və buna bənzər misalları yalan saymaq olmaz. Bu, narahat olacaq bir şey deyil.

Ehtiyac əsaslı yalanlar: 3-5 yaşlı uşaqlar bəzi ehtiyaclarını ödəmək üçün çox vaxt duyğularından istifadə etməyi seçə bilərlər. Emosional istismar da yalanın bir növü ilə əlaqələndirilir. Məsələn, hərarətli xəstəliklərdə özünə diqqətin artdığını yaşadığı üçün diqqət gözləyən uşağın “qızdırmam var” deməsi olduqca normaldır. Biz “yalan, emosional istismar” kimi ifadələri tərif kimi işlətsək də, bu, əslində, ehtiyac mesajıdır. Burada uşağın məqsədi hiyləgər olmaq deyil.

Nümunə: Əgər uşağınızın parka getmək istəyini “işimiz var” və ticarət mərkəzinə getdiyini əsas gətirərək rədd etsəniz, uşağınız da prioritetləri üçün yalan danışmağın düzgün olmadığını düşünməyə başlayacaq. Belə hallarda uşaqları deyil, valideynlər; özlərinə sual verməlidirlər.

Sosial yalanlar: Məktəbə getmək istəməyən, həddindən artıq yuxusu olan və ya gün üçün başqa planları olan uşaqlar xəstə olduqlarını söyləyərək məsuliyyətlərini qısaca inkar etmək istəyə bilərlər. Bunu böyüklər də tez-tez edirlər.

Patoloji yalanlar: Bunlar impuls nəzarəti pozğunluğu olan uşaq və yeniyetmələrin söylədiyi son dərəcə ziddiyyətli yalanlardır. Bu cür yalanlar çox vaxt məqsəd və ya əsaslandırma olmadan irəli sürülür.

Nümunə: Daim əmisi tərəfindən alçaldılan bir uşağın başqa mühitdə əmisi haqqında soruşduqda-əmisi sağ olsa da, öldü deməsi mənasız yalandır. Bu yalanı tətikləyən emosiya uşağın əmisinin varlığından narazılığıdır. Patoloji yalana müraciət etmənin səbəbləri: rədd etmə, istəməmə və buna bənzər mənfi emosiyalardır.

Özünü qoruyucu yalanlar: Bir səhvi etiraf etdikdə həddindən artıq reaksiya ilə qarşılaşacaqlarını düşünən uşaqlar, hətta böyüklər belə, özlərini qorumaq üçün yalana əl ata bilərlər. Yalnız bu əməli etdikləri üçün deyil, etmədiyi bir əmələ görə ittiham edilməkdən qorxan insanlar yalana əl ata bilərlər. Xüsusilə də, zorakılığa məruz qalmış uşağa “niyə yalan danışırsan” sualını vermək, əslində, cavabını artıq bildiyimiz sualı verməklə bərabərdir. Təbii ki, qorxduğu üçün yalan danışır. Ailəyə yalan danışmaq da bir növ müdafiə mexanizminə çevrilə bilər.

Heyranlıqverici yalanlar: Daha hörmətli olmaq istəyən böyüklərdə zaman-zaman şahidi olduğumuz bu cür yalanlar uşaq və yeniyetmələr üçün də bir üsul olaraq seçilə bilər. Özlərində olmayan bacarıqlarla bir işi gördüyünü iddia edən və ya yüksək bacarıq tələb edən işlərdə müxtəlif uğur hekayələri uyduran uşaqlar niyə bu yalanı danışırlar? Bunun ən bariz səbəblərindən biri özünə inamın olmamasıdır. Özünü qeyri-adekvat görən insanlar özlərini tərifləmək üçün yalan danışmağa üstünlük verə bilərlər.

Vərdiş edilmiş yalanlar: Bu yalanlar gerçəkliklə fantaziyanı asanlıqla ayırd edə biləcəyiniz yaşa çatdıqdan sonra da davam edən yalanlardır. İnsanın vərdiş nəticəsində yalana əl atdığını söyləməyimiz üçün o, müəyyən yetkinlik həddinə çatmış, yalanla dürüstlük arasındakı etik fərqi dərk etmiş olmalıdır. Vərdiş edilmiş yalanlar öz maraqlarını qorumaq üçün eqoist və təkrarlanan aldadıcı ritorikadır. Belə yalanlara əl atan insanlarda çox vaxt şəxsiyyət pozğunluğu əlamətləri olur. Bunların hamısı müalicə edilə bilər, lakin onlar mütəxəssis psixiatrdan dəstək tələb edən şərtlərdir.

Yalan deyən uşağa necə davranmalıyıq?

Uşaqlarda yalanın səbəblərini və növlərini yuxarıda qısa təriflərlə izah etdik. Hətta bu tərifləri oxumaqla belə düşünürəm ki, bəzi valideynlər öz səhvlərindən dərs alırlar. Yalan danışan uşaq da səhlənkarlığın nəticəsi ola bilər. Uşaqlarda yalançı davranışı necə düzəltmək olar? Yalan danışan uşağa necə davranacağımızı izah edək.

1.Mükəmməlliyyətçi olmayın: Uşağınız bəhanə və ya böhtan kimi uğursuzluqlarda başqalarını günahlandıra bilər. Bu davranışın səbəbi, adətən, ailə təzyiqidir. Müşahidə edə bilərsiniz ki, siz valideyn olaraq mükəmməlliyyətçi olmağı dayandırdığınız zaman uşağınız da yalan danışmağı dayandırır. Onu qeyd-şərtsiz sevdiyinizi hiss etdirin və onu başqaları ilə müqayisə etməyin. Qoy hiss etsin ki, ona olan sevginiz onun uğurları və ya uğursuzluqları ilə bağlı deyil.

2. Məcbur etmə və ya hədələmə: Əgər uşağınız nə etdiyini gizlədirsə və soruşduqda bunu etməmiş kimi davranırsa, ehtimal ki, özünü təhlükə hiss edir. Əgər siz hədsiz, təzyiqli və təhdidkar olmağı dayandırsanız, uşağınızın da yalan danışmağı dayandırdığını görə bilərsiniz. Mənfi davranış nəticəsində necə cəzalandıracağınız deyil, müsbət davranışların ona nə gətirəcəyi barədə danışın. Nümunə: “Dərsdən evə gec gəlsən, qulağını çəkəcəyəm” demək əvəzinə, “məktəbdən evə gələndə gecikmə, çünki əgər geçikcək, sənin üçün çox narahat olacağam. Daha yaxşı bir üsul “Hər gün evdə vaxtında olmaqla məni çox xoşbəxt edirsən” demək lazımdır.

3. Uşaqlarınızla maraqlanın: Uşaqlarınızı laqeyd qoymayın. Ailəsindən diqqət görməyən uşaqlarda yalan danışma vərdişlərinin artdığı müşahidə edilib.

4. Uşağınızda özgüvən hissini yaradın: Yalan növlərini araşdırarkən, özünə inamsızlığından qaynaqlanan yalanları qeyd etdik. Uşağınızın həyatda uğur qazanması üçün onun zehni bacarıqlarından səmərəli istifadə etməsi lazımdır. Onlar təqdir edilməli, nailiyyət hissi yaşamalı və öz intellekt potensiallarını kəşf etməlidirlər. Bu sayədə onlarda alçalma kimi komplekslər yaranmayacaq, uşaq istənilən mühitdə özünü rahat ifadə edə biləcək və şöhrət qazanmaq kimi məqsədlər üçün yalana əl atmağa ehtiyac duymayacaq.

Ona görə də yalan danışma səbəbləri arasında valideynlərin təhsil səhvləri də əhəmiyyətli paya malikdir. Digər tərəfdən, unutmayın ki, uşaqlarda yalan müalicə edilə bilər. Şikayətləriniz inkişaf edibsə və onlara nəzarət edə bilmirsinizsə, uşaq psixiatrlarından dəstək almağa laqeyd yanaşmayın.

Psixoloq Fərqanə Mehmanqızı: “Yalan, psixologiyada davranış pozğuntusunun əlamətlərindən biri sayılır. Təbii ki, uşağı yalan danışmağa məcbur edən səbəblər araşdırılmalıdır və bu duruma gətirən səbəblər aradan qaldırılmalıdır. Yalan, adətən, qorxudan olur. Məsələn yalan, hər hansısa bir cəza qorxusundan, tərkedilmə qoruxusundan və yaxud da təriflənməyə ehtiyac duyulduğu zaman deyilir. Əsasən də, yalan özgüvənsizliyin nəticəsidir. Hər hansı bir valideynlərlə və yaxud da məktəbdə olan müəllimlərlə uşaq arasındakı psixoloji əlaqə pozulduğu zaman uşaq yalan danışmağa başlayır. Bunun səbəbi bir neçə cürdür: özünü sevdirmək üçün, diqqət mərkəzində olmaq üçün, nümunəvi olduğunu göstərmək üçün, cəzalardan qaçmaq üçün ola bilər. Uşaq, hər hansısa etdiyi yanlış əmələ görə cəza alacaqsa, o zaman cəzadan qaçmaq üçün yalan danışır. Uşağın yalan danışdığını görmək üçün “yalan danışma” yox, “düz danış” demək lazımdır və buna görə də ona təhqir, istər psixoloji, istərsə də fiziki olaraq təzyiq göstərmək olmaz. Sadəcə, müəyyən bir terapiyalar var ki, bu terapiyalarla uşağa yalanın mənfi bir şey olduğunu, düz danışdığı zaman problemin aradan götürüləcəyini göstərən bir növ söhbətlər edilməlidir. Bu terapiyanın edilmə səbəbi də odur ki, uşaq yalana ehtiyac olmadan öz səhvlərini boynuna alsın, bu səhvlərin üzərində işləsin və onu düzəltsin. Valideyn övladına başa salmalıdır ki, yalan onu uğura apara bilməz, bu uğuru, sadəcə, özü qazanmalıdır. Bu nöqteyi-nəzərdən uşaqda yalan gördükdə, davranış pozğunluğu görüldüyü zaman onunla söhbətlər edilməlidir, uşaq diqqət mərkəzində olunmalıdır ki, yalan adət halına və həyat tərzinə çevrilməsin”.

Sosioloq Rəşad Əsgərov: “Ümumiyyətlə, yalan danışmaq nəinki uşaqlarda, hətta olğun, yeniyetmə yaşında olan insanlarda da çox vaxt özünü göstərir. Yalan danışmağın xüsusilə də uşaqlar arasında geniş yayılması onların kiçik yaşlarında ailədə valideynləri, qohumları tərəfindən danışdıqları yalanın ört-basdır edilməsindən irəli gəlir. Onların cəzalandırılmaması, məzəmmət olunmaması, müəyyən qədər təzyiqlərin göstərilməməsi şüuraltı olaraq uşaqlarda belə bir fikri yaradır ki, bu üsuldan daimi olaraq istifadə edə bilərlər. Bunun da nəticəsində uşağın şüuraltına yeridilmiş bu fikirlər, baxışlar, uydurmalar yetkinlik yaşına çatdıqdan sonra, ən çox da gənc yaşına çatdıqdan sonra özünü daha çox göstərir və bu yalanlar əvvəlki yalanlardan tamamilə fərqlənir. Hətta bu yalanlar qətllərə, ölümlərə, cinayətkarlığa və s. səbəb ola bilər. Ona görə də uşaqlar arasında yalana meyilliliyin aradan qaldırılması üçün uşaqlarla sosial işin düzgün məcrada aparılması, xüsusilə də valideynlər, psixoloqlar tərəfindən yalan danışmağın yanlış olduğunu və yalanın insan həyatının pis məcrada inkişafına səbəb olması öyrədilməlidir. Həmin uşağa dostlar və əhatəsi arasında yalan danışmağa görə təcrid siyasətinə məruz qalması və ümumiyyətlə, cəmiyyətin normal məcrada inkişafına təsir etməsi öyrədilməlidir. Uşaq dərk etsə ki, artıq yalan, bizim həm sosial statusumuza, həm cəmiyyətdə sosiallaşmağımıza, həm də insanlarla olan münasibətlərin kəskinləşməsinə mənfi təsir edəcək, bu zaman uşaq könüllü olaraq bu yanaşmadan tamamilə imtina etmiş olacaq. Belə olan halda da cəmiyyətdə yalan heç vaxt müəyyən qədər inkişaf etmiş dərəcədə və yaxud da çox geniş istiqamətdə yayılmamış olacaq. El arasında da belə bir fikir var ki, “yalan ayaq tutar, amma yeriməz”. Bu yalan prosesi elədir ki, müəyyən qədər yalandan istifadə edənlər bir müddətdən sonra bu yalanların aşkara çıxarılacağını düşünmürlər. Lakin bu proses baş verdikdən sonra isə həmin insanlar yalan danışdıqlarına görə utanırlar, xəcalət çəkirlər və yaxud xəcalət hissi bu insanlarda müəyyən qədər bəzi insanlar arasında “gözükölgəli” olmasına gətirib çıxarır. Yaxşı olar ki, bu məsələlər kiçik yaşlı uşaqlar arasında və yaxud da gənclik dövründə daha çox diqqət mərkəzinə alınsın ki, cəmiyyətimizdə yalan, bütün insanlar arasında yayılmasın”.

Psixoloq Vüsalə Əmiraslanova: “Əslində, uşaqların yalan danışma səbəbləri müxtəlifdir. Əsasən, kiçik yaşlarında çox danlanan, çox cəza alan uşaqlar böyüdükdən sonra da yalan danışmağa başlayırlar. Çünki onlar valideynlərin verəcəyi cəzalardan və yaxud da onların qoyduğu qadağalardan qorxurlar. Bəzən görürsünüz ki, uşaqların ətrafında yalan danışan insanlar çox olur. Bu uşaqlar da həmin yalana uyğunlaşırlar, formalaşırlar və yalan danışan insanlardan örnək alıb yalan danışmağa başlayırlar. Məsələn, müəllimədən qorxan uşaq həmişə evdəkilərlə bağlı yalan danışır. Evdəkilərdən qorxan uşaq isə məktəbdəki dərsləri ilə bağlı yalan danışmağa başlayır. Bəzən də uşaqlar çox yüklənirlər, çox yorulurlar və ona görə də valideynlərə yalan danışaraq müəllimin dərs vermədiyini deyirlər. Sonra uşaq böyüdükcə və təhsilin önəminin fərqinə vardıqca bu kimi yalanları danışmağı dayandırır. Bu kimi yalanların hamısı qorxu ilə əlaqəlidir. Uşaq qorxduğu üçün həqiqəti gizlədir. Bəzi uşaqlar da ətrafındakılardan fərqlənmək istəmirlər və yalandan deyirlər ki, bizim evimizdə də bu telefondan var və ya biz də həmin restorana getmişik. Hansı ki, həmin uşaqlar cəmiyyətdən geri qalmaq istəmirlər və ona görə də belə xırda yalanlar danışırlar”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə