Bakı Slavyan Universitetində (BSU) Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir. SİA xəbər verir ki, beynəlxalq forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı, Bakı Slavyan Universiteti və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə reallaşır.
Forumun keçirilməsində məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, hər kəs üçün keyfiyyətli təhsil, xarakter və iradə tərbiyəsi, emosional və süni zəkanın balansı məsələlərinə diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə töhfə verməkdir.
Forumda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Baltaş Qrupun rəhbəri, tanınmış türkiyəli psixoloq Acar Baltaş, Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru Kəralayn Rayt, Riqa Klassik Dövlət Gimnaziyasının direktoru Roman Əliyev, Baltaş Qrupunun qurucusu, tanınmış türkiyəli psixoloq Zuhal Baltaş, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsilin siyasəti və təhlili üzrə magistratura təhsili almış Lalə Əliyeva, Estoniya Karyera Təhsil Akademiyasının rəhbəri Sənəm Əli təqdimatlarla çıxış edərək öz təcrübələrini bölüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə