Ər-arvad arasında zorakılıq - bunun ailələrə, uşaqlara təsiri NECƏDİR? - SORĞU

Ailədə qadınlara qarşı zorakılıq ilə uşaqlara qarşı zorakılıq arasında sıx əlaqə var. Yəni evdə məişət zorakılığı varsa, o evdə uşaqların da zorakılığa məruz qalma ehtimalı yüksəkdir. Uşaqlar həm fiziki, həm də ailədəki zorakılığın birbaşa təsirinə məruz qalırlar. Şiddət göstərən, uşağın anasına emosional zərər vermək və onu istədiyini etməyə məcbur etmək üçün bilərəkdən uşağa fiziki, emosional və ya cinsi zorakılıq tətbiq edə bilər. Ailədə zorakılıq olanda uşaqların emosional ehtiyacları ödənilmir. Buna görə də qəzəb, onların qarşılaşdıqları yeganə duyğu olur. Gələcəkdə özlərini ifadə etmək üçün istifadə etdikləri yeganə üsul olaraq mütləq bunu seçirlər. Bəs görəsən insanlar məişət zorakılığının uşaqlara təsirini necə qiymətləndirir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Zəfər Rəhimov: “Təbii ki, bu məsələyə pis baxıram. Qadına, uşağa qarşı zorakılıq çox pis haldı. Nəticədə biz insanıq və insan kimi də onları başa salmaq olar. Bu, dinimizdə də var ki, qadınlara, uşaqlara ümumiyyətlə, canlılara qarşı zorakılıq günahdır. Onlarla davranışa mütləq diqqət etmək lazımdır. Qadınlara və uşaqlara bir davranışı zorakılıqla deyil, sözlə və ədəb-ərkanla başa salmaq lazımdır. Çox təəssüf ki, bu kimi hallar var və davam edir”.

Şəhər sakini Məlahət Müslümova: “Ümumiyyətlə, zorakılığa birmənalı olaraq qarşıyam. Elə ailələr var ki, tez boşanır, bəzi ailələrdə də uşaqlar bu şiddəti görürlər və onlar da psixoloji olaraq şiddətə məruz qalırlar. Bunun qarşısını almaq üçün də gərək hər bir övladın başında valideyni dayansın, ona düzgün tərbiyə versin. Bəlkə də şiddət göstərən insanların da yanında valideynləri olsaydı və yaxşı tərbiyə versəydilər, qadına qarşı şiddətin heç bir halda düzgün olmadığını başa salsaydılar, vəziyyət bu yerə qədər gəlib çıxmazdı. Bəzi dövlətlərdə görürük ki, həbsxanalarda şiddət göstərən insanı çox pis şəkildə cəzalandırırdılar. Onlara bir növ işgəncələr verib, qorxudurlar və yaxud hansısa əzasını kəsirlər. Bu da digər insanlara dərs olur və etmirlər. Bizdə də bu kimi cəzalar tətbiq olunsa, elimizdə qadınlara və uşaqlara qarşı zorakılıq yox olar”.

Şəhər sakini Hikmət Qasımov: “Bu mövzu haqqında hər bir insanın fikri müxtəlifdir. Mənə görə, dövlətimiz bu haqda güclü tədbirlər görsə, daha yaxşı olar. Məsələn, polisə zəng edib şikayət edən qadın dərhal cavablandırılsın və anında onun köməyinə gəlsinlər. Bu kimi məsələlərin qaynağını anında araşdırmaq lazımdır. Bəzi valideynlərin psixoloji problemləri olur. Düşünürəm ki, onları çağırıb psixoloji dəstək və tövsiyələr verilməlidir. Uşaq evin güzgüsüdür. Əgər uşaq ailədə nalayiq ifadələr, şiddət və s. kimi hadisələrə şahid olarsa, onları real həyatında da insanlara qarşı tətbiq etməyə başlayacaq. Gördüyümüz kimi, məktəblərdəki uşaqlar kriminal həyatda daha çox meyillidirlər və bunların da səbəbi ailədən qaynaqlanır”.

Şəhər sakini Sevinc İsmayılova: “Hamımızın da bildiyi kimi, dövlətimizdə kişi və qadın hüquqları bərabərdir. Düşünürəm ki, bu hal ən çox da qadının özündən asılıdır. Qadın öz hüquqlarını bilməlidir və özünü müdafiə etməlidir. O öz hüquqlarını bilmədikdən və özünü əzdirdikdən sonra hansısa bir insan təbii ki, gəlib ona şiddət göstərəcək. Bunu da bildirim ki, bəzi xanımlar buna dözürlər və adını da sevgi qoyurlar. Lakin sevgi şiddət deyil, qayğı və hörmətdir. Sevgi, öldürmək deyil, yaşatmaqdır”.

Şəhər sakini Şıxəli Nəsirov: “Demək olar ki, hər gün biz bu kimi xəbərlərlə qarşılaşırıq, qadınlar və uşaqlar öldürülür. Dünən eşitdiyim xəbərə görə, bir kişi yoldaşı və dörd uşağının hər birini qətlə yetirib və ona az müddətdə cəza verilib. Düşünürəm ki, bu cəza müddətinin azlığı səbəbindən cinayətlər bu qədər çoxdu. Əgər bu müddət artırılsa və bəzilərinə də şiddətli cəza verilsə qadınlara və uşaqlara qarşı zorakılıq da azalar. Əks halda bu hadisələrin qarşısını almaq mümkün olmayacaq”.

Şəhər sakini Nərmin Rəsulova: “Belə hadisələrdə təbii ki, təsir altına ən çox şahid olan uşaq düşür. Onların gözü qarşısında təhqirlər və şiddət hadisələri baş verir. Onlar da bir növ psixoloji zorakılığa məruz qalmış olurlar. Həmin uşaqların çoxu da böyüdükdə məhz şiddət göstərənləri dəstəkləyirlər və özləri də buna meyilli olurlar. Hər bir ailədə problem olur. Düşünürəm ki, bəzi problemləri uşaqların qarşısında həll etmək düzgün deyil”.

Şəhər sakini İradə Musayeva: “Məncə, bunun səbəbi bəzən qadınlar olur. Bu hallar ən çox bizim mentalitetdən irəli gəlir. Bu kimi hallar baş verəndə həmin qadının ailəsi deyir ki, “Ərin əsəbləşəndə sakit ol və ona cavab vermə, nə desə də o sənin ərindi”. Bu sözlər qadınlara o qədər deyilib ki, artıq bunu bəzi qadınlar normal qəbul edib dözürlər. Axı nəyə görə? Qadınlar heyvan deyil ki, onlar döyülərək başa salınsın. İnsanlar bir-birini danışaraq başa düşürlər. Fikrimcə, hər şiddət görən qadın öz haqqını tələb etsə və bunu gizlətməsə bu halların qarşısı alınar”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə