Tarını silaha dəyişən qəhrəman

Ağdam rayonunun Qaradağlı kəndindən olan şəhid İsizadə Elvin Azim oğlu musiqiçi idi. Asəf Zeynallı adına musiqi kollecində təhsil alan Elvin sevimli tarını silaha dəyişərək Vətən müharibəsində iştirak edib. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirib. Arzusu cəbhədən qayıtdıqdan sonra konservatoriyada oxumaq, tar ifaçılığı üzrə tanınmış şəxs olmaq idi. Bütün arzularını, həmçinin canını Vətənə qurban verən gənc musiqiçi oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

SİA xəbər verir ki, Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrətli muzeyində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İsizadə Elvin Azim oğlunun anım tədbiri keçirilib. Ağdam rayon Tarix Diyarşünaslıq muzeyinin kollektivi ilə birgə təşkil olunan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, təhsil aldığı Qaradağlı kənd tam orta məktəbin və musiqi məktəbinin müəllim və şagirdləri, mədəniyyət işçiləri iştirak edib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarınının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzey əməkdaşları tərəfindən hazırlanmış şəhidin həyatından bəhs edən video-slayd göstərilib.

Döyüş Şöhrətli muzeyinin direktoru Sahib Məmmədov, Ağdam rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Ülvi Qədirov və digər çıxış edənlər tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, şəhid Elvin İsizadənin qısa, lakin şərəfli ömür yolundan danışıblar.

Şəhidin anası Gülbəniz Quliyeva və atası Azim Quliyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirib, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.

Tədbirdə şagirdlər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər. Rahib Məmmədov adına Döyüş Şöhrətli muzeyinin kollektivi adından şəhid anasına təşəkkurnamə, şagirdlərə fəxri fərmanlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə