Siqaret çəkmək vərdişdir, yoxsa intihar? - ARAŞDIRMA

Son zamanlar siqaret çəkən kişilərlə yanaşı, qadınların da sayı kifayət qədər çoxdur. Mütəxəssislər siqaret çəkən qadınlarda düşük, erkən doğum, hamilə qalmamaq və s. kimi təhlükəli risklər olduğunu vurğulayırlar.

Siqaret çəkmə xüsusilə qadınların cinsiyyət orqanlarına, yəni cinsi reproduktiv orqanlara təsir göstərir. Doğuş və hamilə qalma şansını azaldır. Bu qadınlar vaxtından əvvəl doğum edir. Siqaret çəkən hamilə qadınlarda müxtəlif qanaxmalar meydana gəlir. Sonrakı yaşda olan qadınlar isə erkən klimaks keçirirlər.

Qadınlarda erkən qırışlar və dəri xəstəlikləri meydana gəlir və qadınlarla əlaqəli bütün xərçəng növləri üçün risk faktorları arasında siqaret çəkmə aparıcı yer tutur. Siqaret çəkmək qadınlar üçün son dərəcə təhlükəlidir.

Qadınların siqareti buraxmağın kişilərə nisbətən daha çətin olduğunu qeyd edən mütəxəssislər, beyindəki digər bioloji dəyişikliklər səbəbindən qadınların siqareti buraxmasının daha çətin olduğunu xüsusi qeyd edirlər. Siqaret şirkətləri bunu bildiyindən qadınları daha çox bağımlı etmək üçün müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Qadınlara məsləhət odur ki, siqaret çəkməyin. Başlamısınızsa, ən qısa müddətdə ayrılın. Kişilərdən daha çox risk altındasınız. Çünki siqareti buraxmaq sizin üçün daha çətindir.

Siqaret çəkənlər və siqaretdən imtina etmiş şəxslər, heç vaxt siqaret çəkməyənlərə nisbətən daha çox acı çəkirlər. London Universitet Kollecinin tədqiqatçıları tərəfindən 220 min insanın məlumatlarını araşdıraraq apardıqları araşdırma belə bunun səbəbini ortaya çıxara bilməyib. Ancaq siqaretin bədəndə daimi dəyişikliklərə səbəb olduğu düşünülür.

SİA məsələ ilə bağlı sosioloq, psixoloq və ekspertlərin də fikrini öyrənib:

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı: “Bununla bağlı qadağa da tətbiq edildi. Xüsusi siqarət çəkmək üçün ayrılan yerlər də oldu. Lakin çox təəssüflər olsun ki, əməl edən azdır.

Qapalı məkanlarda siqaretçəkmə məsələsi bizim yaralı yerimizdir. Xüsusilə, uşaqların olduğu məkanlarda belə hallara yol verilməsi çox böyük narahatlıq doğurur.

Doğrudur, avtobus, metro kimi ictimai nəqliyyatda siqaretdən istifadəyə icazə yoxdur. Lakin hər hansısa restoran və kafedə rəhbərlik bununla bağlı qadağa tətbiq etmir. Rəhbərlik bunu müştərini itirməmək üçün edir. Bu da zərəri digər müştərilərə vurmaq deməkdir.

Xanımların siqaret çəkməsi məsələsi isə, ümumiyyətlə, mənim qəbul etmədiyim bir şeydir. Bu, hər kəsin şəxsi fikridir. Hər kəs özü bilər və hər kəsin öz orqanizmidir. Amma “öz bədənidir”dən kənara çıxan bir məsələ var ki, bu qadın gələcəyin anasıdır. Onun öz bədəninə vurduğu zərər gələcək nəsillərə vurduğu zərər deməkdir. Ona görə qadınların siqaret çəkmə məsələsi mənim əsla qəbul etmədiyim və qəbul edə bilməyəcəyim bir problemdir. Bir şey ki, növbəti nəsillərdə öz fəsad və zərərini göstərəcək, ona laqeyd qalmaq olmur. Məni narahat edən yalnız bu tərəfidir.

Amma tutalım “mən dünyaya uşaq gətirməyəcəyəm, belə bir fikrim yoxdur” və yaxud da “dünyaya uşaq gətirdikdən sonra siqaret çəkməyə başlamışam” kimi fikirlərə qarışmaq da heç kimin haqqı deyil. Bu, fərdin şəxsi seçimidir”.

Psixoloq Aytən Ələkbərova: “Çox təəssüflər olsun ki, ictimai yerlərdə siqaretin artması, hətta kafe restoranlarda da rahatlıqla siqaret istifadə edən insanlar görürük. Çox üzülərək qeyd edirəm ki, bu insanların içərisində kifayət qədər qadınlar da var.

Çingiz Abdullayevin çox gözəl bir sözü var ki, “Mən, siqaret çəkən xanımı bir külqabıya bənzədirəm”. Yəni, qadından ən azı parfüm qoxusu gələr, siqaret qoxusu yox.

Amma son dövrlər xanımlar arasında siqaret çəkmək bir dəb halını alıb. Bu cür insanlar kənardan heç yaxşı qarşılanmır".

Araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik:

Şəhər sakini Ülkər Xəlilli: “Siqareti ona görə sevmirəm ki, çəkən insan təkcə özünə yox, ətrafına da zərər verir. Hətta deyərdim ki, ətrafa zərəri daha çoxdur. Siqaret çəkənlərə normal baxıram, əslində, amma zərərlidir. Heç kimin çəkməsini istəmərəm. Nə qız, nə də oğlan. Çəkməsələr ömürləri uzanar, həm də ətrafa zərər verməmiş olarlar”.

Şəhər sakini Aytac Ali: “Siqaretə qarşı çox həssasam. Qoxusu gələn kimi öskürüb-asqırmağa başlayıram. Demək olar ki, nifrət etdiyim şeylər sırasında öndə gəlir. Nə oğlan, nə qız fərqi yoxdur, istəmərəm belə bir vərdişə yiyələnib, sağlamlıqlarına ziyan vursunlar. Düşünsək ki, hələ pandemiyadır və bu çox təhlükəlidir. Əvvəllər qızlar siqaret çəkəndə təəccüblənir, qəribə hiss edirdim. Çünki heç oğlanlarda da bu vərdiş düzgün gəlmirdi mənə. İndi isə "hər kəs özü bilər, hərənin öz həyatı var" fikrindəyəm. Özüm isə bu və bunun kimi zərərverici amillərdən uzaq durmağa çalışıram”.

Şəhər sakini Fatimə Əzizli: “Siqaret daxilində tütün maddələri olan zərərli vasitədir. İnsan onu çəkib zövq belə ala bilməz. Çünki bir neçə il çəkilən siqaret ağciyər, mədə və s. kimi insan orqaniziminə ziyan gətirir. Siqaret xərçəng xəstəliyinin yaranmasına səbəb olur. İnsan ömründən aparan həm zəhərli, həm də zərərli maddədir. Kişilərlə yanaşı, qadınlar da son illərdə siqaret çəkməyə başlayıblar. Qadında da, həmçinin, siqaret çəkmək eyni problemlərin yaranmasına səbəb olur. Bununla yanaşı isə mən, bir Azərbaycan xanımına zərərli maddələri qəbul etməyi yaraşdırmıram. Həm öz daxilimizi, həm də ətraf mühiti zərərli maddələrdən qoruyaq. Siqaret qutularının üzərində yazıldığı kimi “Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur”. Öz əlimizlə öz gəncliyimizi məhv etməyək. Sağlam yaşayaq, sağlam ömür sürək”.

Şəhər sakini Ləman Quliyeva: “İnsan bilərək nə üçün öz sağlamlığına zərər vursun ki?! Təbii ki, sağlamlığa zərər olduğu üçün sevmirəm və istifadə etmirəm. Hər kəsin şəxsi fikiridir. Bir söz deyə bilmərəm. Pis də baxmıram. Amma öz sağlamlıqları üçün çəkməməklərini tövsiyə edirəm”.

Şəhər sakini Fatma Abdullayeva: “Siqaret çəkmək hər kəsin öz seçimidir deyə düşünürəm və insan seçimlərini ona zərər verəcəyini bilərək seçir. Mən sağlamlığımı qorumaq üçün siqaret çəkmək istəmirəm. O ki qaldı qızların siqaret çəkməsi məsələsinə, mncə, kiminsə həyatına, seçimlərinə qarışmaq başqasının həddi deyil, əgər o həmin insanın ailəsi deyilsə”.

Şəhər sakini Sevinc Quliyeva: “Ümumiyyətlə siqaret çəkmək, içki içmək bir seçimdir. İnsanlar bunu özü seçir və istifadə edir. Öncə bunu deyim ki, mən, ona görə siqaret çəkmirəm, xoşlamıram ki, bunu qadın kimi zərif bir varlığa yaraşdırmıram. Amma klassik azərbaycanlılar kimi siqaret çəkən qadınlara da əxlaqsız kimi baxmıram. Tanıdığım siqaret çəkən qadınlar var ki, heç bəzi hicablı qadınlar onlar qədər namuslu deyil. Bu, şəxsi həyata daxil bir nüansdır və mən də hər kəsin şəxsi qərarlarına və həyatına hörmətlə yanaşıram. Amma yenə deyirəm, mənim fikrimcə, qadın çiçəkdir və tütün qoxusu onu tez zamanda soldura bilər”.

Şəhər sakini Fatimə İsmayılova: “Siqaret çəkənlərə pis baxmıram. Sadəcə, zərərli vərdişdir. Məncə, istəsələr siqareti tərgidə bilərlər. Ancaq hamının öz fikri və qərarı var. Siqaretin çox pis qoxusu var ki, bu da kənar şəxsləri narahat edir. Qızların siqaret çəkməsinə də qarşıyam. Qadına yaraşmır siqaret çəkmək. Həm zərəri, həm qoxusu iyrəncdir. Qadından siqaret qoxusu gəlməməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə