"Əsrin müqaviləsi" və Neftçilər Günü - ARAŞDIRMA

Neftçilər Günü - neft-qaz sahəsində çalışanların peşə bayramıdır. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.

Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi.

1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri- Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı. "Əsrin müqaviləsi"nə ilkin qoşulan şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl" (ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson", "Amerada Hess" (ABŞ) şirkətləri də qoşuldu.

Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur.

1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in İstanbul sammitində (1999, 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı.

2002-ci il avqustun 18-də Sanqaçal terminalında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, 13 oktyabrında isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirilmişdir. 2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə veriləcəkdir. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətindədir H. Əliyevin bu layihənin gerçəkləşdirilməsində əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinə onun adı verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si "Neftçilər Günü" kimi qeyd olunur.

Neftçi deyəndə bəzən yanlış olaraq yalnız quyudan neft hasil edən insanı nəzərdə tuturlar. Qazmaçı da, təmirçi də, operator da, geoloq da, geofizik də, bu sahədə çalışan inşaatçı da, rabitəçi də neftçidir, böyük neftçilər ordusunun üzvüdür. Bu gün neft, bizim hər birimizin həyatından, taleyindən keçir. Çünki ölkənin sosial-iqtisadi inkişafında neft amili həlledici rol oynayır. Neftdən əldə edilən gəlirlə Azərbaycanda yeni infrastruktur yaradılır, xaricdən heç bir kömək almadan qlobal layihələr reallaşdırılır, qeyri-neft sektoru inkişaf etdirilərək iqtisadiyyat şaxələndirilir.

Ümummilli lider Heydər Əliyev neftçinin Azərbaycanda həmişə ən şərəfli peşələrdən birinin sahibi olduğunu demişdir. Bu, indi də belədir. SİA Neftçilər Günü ilə bağlı araşdırma apararaq deputatların və uzun müddət neft-qaz sektorunda çalışmış neftçini fikrini öyrənib.

Məlum gün münasibəti ilə ömrünün 24 ilini bu sahəyə həsr edən Nahid Məmmədovun fikirlərini öyrəndik. Gəlin, ilk öncə onun haqqında məlumatlanaq: Nahid bəyin 49 yaşı var. Ailəli və bir övlad sahibidir. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1995-ci ildə bu akademiyanın neft-qaz mühəndisliyi fakültəsindən məzun olub və təyinat alaraq “Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsi”ndə operator vəzifəsində çalışıb. Daha sonra o, Nəriman Nərimanov adına Abşeronneft Neft-Qaz Çıxarma İdarəsində qaz hasilatı üzrə mühəndis vəzifəsində çalışıb. O, yalnız mühəndisliklə kifayətlənməyərək həmçinin, bir sıra müxtəlif vəzifələrdə də iş icra edib. Hal-hazırda isə neft-qaz hasilatı üzrə usta vəzifəsində çalışır.

Onun işi nə qədər ağır və çətin olsa da, bunu sevərək edir: “Bildiyimiz kimi, neftçilərin əksəriyyətində həyatının yarısı dənizdə keçir. Hər iş kimi bu sahənin də özünəməxsus çətinlikləri var. Amma bunu qorxulu, riskli adlandırmaq olmaz. Çünki adi bir misal çəkək, məsələn, dülgər işi. Dülgər də ani bir diqqətsizlik edərsə, əlini, qolunu itirə bilər. Belə hallar az olmayıb. İndi belə hadisələrə görə deyə bilərikmi ki, heç kim dülgər olmasın, təhlükəlidir, ya qorxuludur? Əlbəttə ki, yox. Eləcə də bizim işimiz. Sadəcə olaraq diqqətli, məsuliyyətli olmaq lazımdır” deyən Nahid bəy də məhz belə neftçilərdəndir.

O, bəzən elə olub ki, hava şəraiti ilə bağlı olaraq aylarla evə getməyib. Daha doğrusu, gedə bilməyib. Nahid bəy deyir ki, bu sahəni seçən insan möhkəm iradəli, qoçaq, dözümlü və ən əsası, sağlam ruhlu olmalıdır.

N. Məmmədov sözlərinə belə davam edib: “Biz hamı kimi, hər səhər durub işə getmirik. Bu tərəfdən işimiz nisbətən rahatdır. Amma hamıdan fərqli olaraq bir gün evdən çıxıb, 15 gün, bəzən bir ay sonra evə qayıdırıq. Bəzi hallarda bir ay işdə, bir ay evdə oluruq. Çətinliklərimiz də olur. Ancaq bunlar müvəqqətidir. İşini sevərək görürsənsə, hər şeyin öhdəsindən gələ bilərsən. Müəyyən müddətdən sonra ailə də artıq öyrəşir. Mən işimi sevirəm. Ailə üzvlərim də məni belə qəbul edib. Ona görə də işimlə bağlı evdən nə qədər uzaqda qalsam da, əlavə söz-söhbət, küskünlük yaşanmır”.

“Bayramları da əsasən işdə qeyd edirik. Təbii ki, bayramda ailədən uzaq qalmaq çətin olur. Əvvəllər telefon olmurdu, ailəmizlə əlaqə yarada bilmirdik. İndi,çox şükür, belə problemlərlə o qədər də qarşılaşmırıq. Dəniz bizim ikinci evimizdir. Burada bizim asudə vaxtlarımız üçün çox gözəl şərait yaradılıb”.

“Fırtınalar bizim dostumuzdur. Nə qədər güclü külək olsa da, bu, dənizə olan sevgini azaltmır. Ara-sıra güclü küləyə düşürük. Təbii ki, əvvəlcədən bu barədə məlumatlandırılırıq. Bu zaman dənizə çıxmırıq. Qeyri-adi hava dəyişkənliyi yaşanarsa, külək tutmayan nöqtələrdə gəminin və heyətin təhlükəsizliyini təmin etmək mümkündür”.

“Bir oğlum var və onun seçimlərinə daim hörmətlə yanaşıram. Hansı sahəni seçsə, ona daim dəstəyəm. Lakin, oğlum mənim sahəmi seçsə, onunla sadəcə fəxr edərəm. Təbii ki, yenə də seçim onundur. Gənclərə tövsiyyəm odur ki, dəniz çox gözəldir. Bu sahə üzrə çalışmaq istəyən gənclər heç nədən qorxmasınlar. Bütün sahələr kimi, bizim sahənin də öz çətinliyi və özünəxas müsbət cəhətləri var”.

Deputat Azər Badamov isə fikirlərini bu cür ifadə edib: “Bu gün neft-qaz sənayesində çalışanlar peşə bayramlarını qeyd edirlər. Əgər biz müstəqillik illərimizdə keçdiyi tarixi yolumuza bir anlıq qayıtsaq görərik ki, 1994-cü ildən başlayaraq Azərbaycan addım-addım inkişaf edərək regionun ən güclü ölkəsinə çevrilib. Bu illərdə yığdığımız iqtisadi güc hərbi gücümüzü artırmağımıza imkan verdi. Nəticədə isə 44 günlük Vətən müharibəsində Böyük Qələbə qazanaraq torpaqlarımızın 30 illik erməni işğalına son qoyduq . Neft-qaz sahəsində uğurlu istehsal ərsəyə gətirə bilməsəydik bugünkü nailiyyətlərdən danışa bilməzdik. Uğurlu neft strategiyamızın banisi Ümumimilli Lider Heydər Əliyevdir. Ulu Öndərin rəhbərliyi ilə 27 il əvvəl 20 sentyabrda imzalamış "Əsrin müqaviləsi" Azərbaycanın gələcəyinə açılmış qapısı olub. Bəli, "Əsrin müqaviləsi" və düzgün müəyyənləşmiş neft strategiyası Azərbaycanın neft-qaz sənayesinin yenidən qurulmasına imkan verdi. Əgər 27 il əvvəl Azərbaycanın neft sənayesinin dirçəldilməsi üçün xarici şirkətlərin maliyyəsinə ehtiyac duyulurdusa, bu gün isə Azərbaycan 53 milyard dollar valyuta ehtiyatına malik, həm də bir çox ölkələrə investisiya yatıran ölkəyə çevrilmişdir. Uğurla keçdiyimiz qısa və qələbəli tarixi yolumuza nəzər salanda hər uğurumuzun təməlində neftçilərin əməyini görürük. Neft sahəsində çalışan fəhlədən başlamış bütün kollektivin gecə-gündüz əməyi sayəsində neftimizi və qazımızı dünya bazarlarına çatdıra bilirik. Məhz neft-qazdan gələn gəlirləri sayəsində işğaldan azad olunmuş ərazilərimizdə sürətlə yenidən qurma və bərpa işlərini apara bilirik. Ona görə də neftçilərimiz “Neftçilər Günü”nü yüksək səviyyədə bayram etməyə layiqdirlər. Bayramınız mübarək əziz neftçilər!”.

Bu özəl gün münasibət ilə jurnalist-ekspert Rövşən Rəsulov da öz fikirlərini bildirərək neftçilərimizi təbrik edib: “Bildiyimiz kimi, bu günün neftçilərin peşə bayramı kimi qeyd edilməsi Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib. Məhz bu özəl gündə sözügedən peşənin təmsilçiləri sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələləri geniş müzakirə edir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir. Çünki neftçi peşəsi həm də fədakarlıq anlamını da daşıyır. Bu gün Azərbaycan neftçisi bütün dünyaya bir örnəkdir. 20 sentyabr tarixinin bu sahədə çalışanların peşə bayramı kimi qeyd edilməsi isə bildiyimiz kimi 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqları, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilənin imzalanması ilə bağlıdır. Təxminən, 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.

Sonrakı proseslər barədə isə mətbuatda kifayət qədər məlumatlar vardır və Heydər Əliyevin təməlli neft strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Artıq Azərbaycan dünya neft sənayesində lider mövqeyə sahibdir və bu reallıq özünü demək olar ki, bütün tərəflərdən sübuta yetirir. Misal üçün, ötən il Azərbaycanın neft sənayesi üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. İmzalanma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev yeni müqavilənin Azərbaycan üçün çox böyük əhəmiyyəti olduğunu vurğulayıb. Söz yox ki, bu əhəmiyyəti biz iqtisadiyyatımızın, sənayemizin hərtərəfli inkişafında müşahidə edirik. Əhalinin sosial təminatının yaxşılaşdırılmasından başlayaraq ordumuzun gücləndirilməsinə, hərbi sənayemizin artırılmasına, həmçinin müvafiq təbəqələrdə yaşayan əhalimizin güzəranlarının daha da yaxşılaşdırılmasına qədər əldə edilən hər bir uğur mütərəqqi neft strategiyası ilə bağlıdır. Hətta belə də deyə bilərik ki, bu günkü müasir Azərbaycanın güclü iqtisadiyyatının təməlində neft strategiyasının uğurları dayanır. Bütün bunlara görə isə bizlər əziz neftçilərimizə də minnətdar olmalıyıq, çünki onlar gecəli-gündüzlü, yorulmadan öz peşələrinin öhdəsindən layiqincə gəliblər. Fürsətdən istifadə edərək bütün neftçilərimizi peşə bayramları münasibəti ilə ürəkdən təbrik edirəm”.

Son olaraq isə deputat Müşviq Cəfərov da bunları deyib: "Azərbaycan sənayesinin inkişafına, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına mühüm töhfələr verən qəhrəman neftçilər hər cür ehtirama layiqdirlər. Xalqımızın Ümummilli lideri Heydər Əliyev ötən əsrin 90-cı illərində yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi işində, Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasnda xüsusi fədakarlıqları ilə seçilən bu çətin və şərəfli peşə sahiblərinə qayğı və diqqət xeyli artırıldı. Ulu öndər Heydər Əliyevin “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında 2001-ci il avqust ayının 16-da imzaladığı tarixi fərman, ötən illər ərzində neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının parlaq təzahürü idi.

Dövlətimiz neftçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ötən illər ərzində neftçilərin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə rəhbərlik etdiyi bütün dövrlərdə neftçilərə, xüsusiusi ilə dəniz neftçilərinə, eləcə də Neft Daşlarına diqqət və qayğı göstərib. Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də neft sənayesinin o cümlədən dənizdə neft hasilatının inkişafını və gələcək perespektivlərini daima diqqət və nəzarətdə saxlayır. Neft Daşlarında yaşayan və işləyən neftçilər üçün yüksək səviyyədə əmək və yaşayış şəraiti yaradılıb.

Mən bu əlamətdar gün münasibəti ilə bütün neftçiləri, o cümlədən dənizdə çalışan neftçiləri, Neft Daşlarının sakinlərini təbrik edir onlara işlərində və həyatlarında böyük uğurlar arzu edirəm".

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...