Texnologiyadan istifadə xəstəliklərə səbəb olur - ARAŞDIRMA

Texnologiya həyatımızı asanlaşdıran rəqəmsal bir gücdür. Amma texnologiya asılılığından söz düşəndə ​​o, həyatı çətinləşdirən bir faktora çevrilir. Telefonlar, kompüterlər, ağıllı cihazlar, oyun konsolları kimi rəqəmsal cihazlar həyatımızın ayrılmaz bir hissəsinə çevrildi. Xüsusilə bu cihazlar internetlə birləşdirildikdə, insanların çoxu üçün saatlarla istifadə etməsi normal bir vərdiş halına gəldi. SİA məsələ ilə bağlı araşdırma aparıb sosioloq, psixoloq və texnoloqun fikirlərini öyrənərək daha dolğun məlumat toplayıb.

Texnologiya asılılığı söz mövzusu olduqda, texnologiya daha məhdudiyyətsiz və ölçü olmadan istifadə olunur. Nəticədə insanlar fiziki, şəxsi və sosial problemləri ilə tək qalırlar.

Texnologiya asılılığının simptomları:

1. Yalnız bir neçə dəqiqə deyərək saatlar keçirmək

2. Ekran vaxtınız haqqında ətrafınızdakılara yalan danışmaq

3. Uzun müddət kompüter istifadəsi səbəbindən fiziki problemlərdən şikayətçi olmaq

4. Anonim bir şəxsiyyətə sahib olmaq, insanlarla internet üzərindən danışmağı üstün tutmaq.

5. İnternetə girmək üçün yemək, dərs və ya randevuları ləğv etmək.

6. Kompüter qarşısında çox vaxt keçirdiyiniz üçün özünü günahkar hiss etmək.

7. Kompüterdən uzaq olanda özünü gərgin və boş hiss etmək

8. Gecə saatlarınadək kompüter qarşısında qalmaq

Texnologiya asılılığından yaranan problemlər

Fiziki şikayətlər

- gözlərdə yanma

- boyun əzələlərində ağrı və sərtlik

- bədən duruş pozuqluğu

- əllərin uyuşması

- zəiflik

Sosial şikayətlər

- akademik nailiyyətlərin azalması

- şəxsi, ailə və məktəb problemləri

- vaxtı idarə edə bilməmək

- yuxu pozğunluqları

- yemək yeməmək

- fəaliyyətində azalma

- internet dostları xaricində təcrid

Bağımlılığa nəzarət üsulları

- Gündəlik internet istifadə saatlarını dəyişdirin

- Həftəlik internet istifadə cədvəlləri hazırlayın və onlara əməl olunmasını təmin edin

- Psioloji dəstək və ya ailə müalicəsi kimi üsulları tətbiq edin

- Etmək istədiyi, amma etmə imkanı olmayan fəaliyyətləri bir dəftərə yazın

Nə etməli?

- Uşaqlarınızı dostları ilə təbii yollarla tanış olmağa yönəldin və həmyaşıd qruplarında ünsiyyət qurmalarını təmin edin.

- Övladlarınızı istedad və maraqlarına uyğun idman qollarına yönəldin

- Övladınızın dostluğunu dəstəkləyin, onları bir araya gətirəcək fəaliyyətlər planlaşdırın

- Uşağınızın kompüter istifadəsini yoxlayın və virtual mühitdə dostları ilə tanış olun

- Kompüterlərinizdə təhlükəsiz internet tətbiqetmələri olduğundan əmin olun.

Nə etməməli?

- Smartfon və planşetdən uşaqları təsəlli etmək və ya susdurmaq kimi vasitələrdən istifadə etməyin.

- Uşaqların internetdən nəzarətsiz və uzun müddət istifadə etməsinə icazə verməyin

- Yemək və çay saatlarında uşağa kompüter qarşısında xidmət göstərməyin

- Televiziya və ya internet kimi texnoloji cihazlara əsaslanan bir ev planı qurmayın.

Onu da qeyd edək ki, texnologiyadan asılılıq günümüzdə bir sıra ciddi xəstəliklərə səbəb olur:

1. Eqo (narsizm)

Ego, insanların axtarış panelində öz adlarını axtardıqları və internetdə özləri haqqında olan hadisələri izlədikləri bir vəziyyətdir. Bu insanlar internetdə haqqında deyilən hər şeyi bilmək istəyirlər. Texnoloji xəstəliklərdən biri olan "eqo sörf", onlayn narsisizm kimi də tanınır. Narsisizm isə özünə aşiq olma vəziyyəti olaraq izah edilir.

2. Kiberxondrik

Şəxsin əldə etdiyi məlumatlarla özünü müalicə etməsinə kiberxondrik deyilir. Bundan əlavə, bu vəziyyəti yaşayan insanlar günlərlə, hətta həftələrlə internetdə məzmun axtarırlar. Əlbəttə ki, araşdırmaq və öyrənmək yaxşıdır. Ancaq hamımızın bildiyimiz kimi internetdə həm doğru, həm də yalan məlumatlar var. Bu səbəbdən yalan məlumatlar işığında həkim oyunu oynayaraq özünü diaqnoz qoymaq bir çox problemə səbəb olur.

3. Fomo

Texnologiya xəstəliklərindən olan Fomo, inkişafları izləyə bilməmək və ya itkin düşmək qorxusu olaraq bilinir. Bu vəziyyəti yaşayan insan heç bir inkişafı izləyə bilməməyi özü üçün böyük bir çatışmazlıq hesab edir. Bu səbəbdən daim narahatlıq və peşmanlıq hissləri yaşayır. Sosial mediada dostlarının vəziyyəti haqqında daima məlumatlandırılmaq istəyirlər.

4. Nomofobiya

Elektron xəstəliklər arasında olan nomofobiya, mobil telefonununda əlaqənin kəsilmə qorxusudur. Yəni, bu vəziyyəti yaşayan şəxs heç vaxt telefonundan uzaq durmaq istəmir. Telefondan uzaqlaşsa qorxur və çaxnaşmaya başlayır. Bundan əlavə, bu çaxnaşma başgicəllənmə, nəfəs darlığı və titrəmə kimi hallara səbəb olur.

5. Fotolurkinq

Fotolurkinq, sosial mediada saatlarla başqalarının şəkillərinə baxmaq xəstəliyidir. Sosial medianın artması və inkişafı bir insanın başqa bir şəxsin şəklinə baxmasını asanlaşdırdı. Bu səbəbdən başqalarının paylaşdığı fotolara baxmaq qaçılmazdır. Ancaq saatlarla başqalarının şəkillərinə baxmaq özünə inamsızlığa və özünə hörmətin azalmasına səbəb olur.

6. Cheesepodding

Texnologiya xəstəliklərindən biri olan Cheesepodding, İnternetdə olarkən MP3 yükləmək hallarıdır. Amma maraqlısı odur ki, adam o qədər MP3 yükləyir ki, əksəriyyətini dinləməyə vaxt tapmır. Beləliklə, bu vəziyyəti bir növ MP3 yığma adlandırmaq olar. Digər tərəfdən, bu gün "Spotify" kimi platformaların olması, cheesepodding xəstəliyinin azalmasına səbəb oldu.

7. İnternet qəzəbi

İnternet qəzəbi, ehtimal ki, hamımızın yaşadığı bir şeydir. Bu sinir müvəqqəti problemlərdən və ya istifadə etdiyimiz texnoloji cihazların zəif performansından qaynaqlanır. Bu səbəblərdən, əsəbiləşəndə ​​insanın özünə və ətrafındakılara emosional və mənəvi olaraq zərər verməsi qaçılmazdır.

8. Selfit

Kameralı telefonlar çıxdıqdan sonra şəkil çəkmək ən çox yayılmış hadisələrdən biri oldu. Amma elə insanlar var ki, hətta yuxudan duranda və yolun ortasında belə şəkil çəkdirirlər. Bu vəziyyətə, şəkil çəkməklə daimi bağlılığa "selfitis" deyilir. Selfit ən çox yayılmış texnoloji xəstəliklərdən biridir. Əslində hər kəsin ətrafında selfitdən əziyyət çəkən birini tapmaq mümkündür.

Məsələ ilə bağlı Bakı Slavyan Universitetinin müəllimi Alpay Əhmədov öz fikirlərini bildirib: “Kompüterin ən böyük fəsadı bel ağrısıdır. Ən azı 3 saat kompüter qarşısında oturmaq belə bu ağrıya kifayətdir. Həmçinin, əsas fəsadlardan biri də gözün zəifləməsidir. Göz əzələləri çətin işləyir. Miyopiya ildən-ilə cavanlaşır və bu həqiqətin kompüterlərin, telefonların və tabletlərin populyarlaşması ilə əlaqəsini inkar etmək olmaz. Yaxşı olar ki, gecədən sonra kompüter qarşısında zaman keçirməyələr. Bu da çox ziyandır. Həmçinin bu, insanlar internet və kompüter asılılığı yaradır”.

Sosioloq Lalə Mehralı isə öz fikirlərini bu cür ifadə edib: “Biz kompüterin həyatımıza girməyinə nə qədər sevindiksə, yəni, o bizim işlərimizi nə qədər asanlaşdırdısa, illər keçdikcə əslində sağlamlığımıza nə qədər zərər vurduğunun da fərqinə vardıq. Düzdür, onun vasitəsilə sağlamlığımızı qurban verərək işlərimizi daha rahat həyata keçirə bilirik. Əvvəl arxivdə nə isə axtaranda günlər, saatlar, hətta bəzən həftələr sərf etmək lazım gəlirdi. İndi axtardığımız məlumat bir klikin, bir düymənin ucundadır. Kompüterin insan həyatında istifadəsi o qədər rahatdır. Amma biz qarşılığında öz sağlamlığımızı qurban veririk, gözlərimizi, fiziologiyamızı, fizioloji quruluşumuzun dəyişməsi prosesini hamımız bilirik. Onurğamızın əyriliyi, getdikcə insanların donqar vəziyyətə gəlməyi, ibtidai insan skeletinə bənzəməyimiz, yəni, hamısı göz qabağındadır. Hamımız hər şeyin fərqindəyik. Sadəcə, onun ziyanları ilə barışmışıq. Çünki, həyatımızı qazandığımız tutalım, işimiz olsun, maraqlarımız olsun, məşğuliyyətimiz olsun, bizə gəlir gətirən çox şeyə görə kompüterə borcluyuq. Bu səbəbdən də onu həyatımızdan çıxarmaq bizə faciəli görünür. Onsuz özümüzü təsəvvür edə bilmirik. O olmadan nəsə etməyə çətinlik çəkirik. Sadəcə, istifadəni minimuma endirmək, əgər işimiz bitdisə kompüterin qarşısından qalxmaq, lazım deyilsə, istifadə etməmək lazımdır. Asılı vəziyyətə gəlmək təbii ki, xəstəlik baxımından təhlükəli vəziyyətlərə səbəb ola bilər”.

Son olaraq psixoloq Vüsalə Əmiraslanova məsələnin psixoloji yanlarına toxunub: "Son dövrlər işlərin onlayn olması, ümumiyyətlə, kompüterə tələbatın artması, bütün işlərimizin kompüterlə görülməsinə görə insanlar demək olar ki, saatlarla kompüterin qarşısında olurlar. Əsas da öyrəşmək üçün çox işlədilməlidirki, əl öyrəşsin, sonra digər işləri daha tez yerinə yetirə bilsinlər. Bəzən müəyyən yazı işləri, hesablamalar var ki, saatlarla, hətta bütün gün ərzində kompüter arxasında oturmalı oluruq. Bu da fəsad olaraq, göz xəstəlikləri, skolioz, bel xəstəlikləri, kifoz yəni, onurğa sütununu xəstəlikləri və göz xəstəliklərinə səbəb olur. Amma, bundan əlavə, yəni çox kompüter qarşısında olmaq şüalanmaya səbəb olduğuna görə saçları da tökür. Həmçinin, dəri qurumasına səbəb olur. Ümumiyyətlə, çalışmaq lazımdır ki, mütəmadi yox, ara verə-verə işlərini davam etdirsinlər. Düzdür, elə insanlar var ki, sırf işləri kompüterlədir. Ən azından iş saatlarında da arada kompüterin qabağından durmaq, növbəli şəkildə işləmək lazımdır və evə gələndə artıq kompüter, telefondan uzaq olmaq lazımdır. Çünki, işdə də kompüter, evə də kompüter və yaxud da əgər telefonla məşğul olurlarsa, bu bütün günü şüalanma, bütün günü diqqətin ora yönləndirilməsi deməkdir. Əsas psixoloji fəsadlarından biri budur ki, insanlar ətraf aləmdən demək olar ki, təcrid olurlar. Yəni, kompüterdə çox vacib iş görərkən biz diqqətimizi ancaq ona fokuslayırıq, yəni, bizim üçün kənarı hiss etmək, eşitmək çətin olur. Buna görə də bizdə yəni asosiallaşma, insanlardan, ünsiyyətdən qaçma, ondan əlavə ancaq işinə odaklanma və yaxud da iş deyilsə, nəyəsə baxırsa fikrini ora yönləndirmə problemi yaşayırıq. Yəni, biz kənarı hiss edə bilmirik və bu da özünə qapanmaya səbəb ola bilir. Uşaqlarda daxili nitq formalaşır, insanlarla danışmırlar, özləri özləri ilə danışırlar, böyüklərdə utancaqlıq kompleksi, insanlarla ünsiyyətə girməmə, qaçma hissi yaranır".

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...