Yeni qanun medianın inkişafına necə təsir edəcək? - MÜSAHİBƏ

SİA Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərlinin müsahibəsini təqdim edir:

- Azərbaycan prezidenti yanvarın 12-də Azərbaycan Respublikasının media sahəsində itinadların dərinləşməsi haqqında fərman imzaladı. Eyni zamanda media sahəsində yeni qanun layihəsi hazırlanır. Yeni qanun nəyi dəyişdirəcək və ehtiyac niyə yarandı?

- Yeni qanunun qəbul olunmasına uzun müddətdir ki, ehtiyac var idi. 2016-cı ilin gündəm məsələlərindən biri Azərbaycanda media üzrə yeni qanunun hazırlanması idi. Burada iki mühüm səbəb göstərilir. Birincisi ondan ibarətdir ki, media haqqında qanunvericilik yayğın idi. Yəni , informasiyanın emalına, alınmasına, yayılmasına aidiyyatı olan ölkədə təqribən 8 birbaşa, 7 əlavə qanun var idi. Lakin, qanunda elə maddələr var idi ki, bir-birlərini təkzib edirdilər. Məsələn, "KİV haqqında qanun"un 7-ci maddəsi ilə "Fövqəladə vəziyyət haqqında" qanunun 8 maddəsi bir-birinə ziddiyyət təşkil edir. KİV haqqında qanunda göstərilir ki, ölkəmizdə mediaya senzura yolverilməzdir. Lakin, Hərbi vəziyyət haqqında qanunun 8 maddəsində göstərilirdi ki, bəzi hallarda mediaya senzura tətbiq oluna bilər. Bunu demək istəyirəm ki, qanunların çoxluğu bir tərəfdən oxuyub məntiqi uzlaşdırma yaratmaq baxımından çətinlik yaradırsa, digər tərəfdən ziddiyyətli maddələr bir-biri ilə problem yaradır. Bu baxımdan biz təklif edirdik ki, qanunlar vahid sənəddə birləşdirilsin. Eyni zamanda bu, insanların qanunu oxumasını və başa düşməsini asanlaşdıracaq.

- Yeni qanun medianın inkişafına hansı təkanı verəcək?

- Onlayn media təxminən 20 ildir ki, gündəmdədir. Hazırda özünün pik dövrünü yaşayır. Təəssüf ki, hazırda qüvvədə olan qanunvericilik həmin onlayn medianın fəaliyyətini tam tənzimləyə bilmir. Çünki, bu qanunda yeni anlayışlar yoxdur. Həmin qanunun 3-cü maddəsində göstərilir ki, internet üzərindən yayılan məhsullar da KİV məhsulu hesab olunur. Lakin, onlayn media qurumunun strukturu necə olmalıdır və hansı standartlar əsasında formalaşmalıdır, bu barədə anlayışlar göstərilmir. Qanun yenilənməsinə ona görə ehtiyac yarandı ki, onlayn medianı da əhatə etsin. KİV haqqında qanunda çoxlu dəyişikliklər aparıldı. KİV haqqında qanun 62 maddədən ibarət idi. Lakin, orda 78 maddəyə qədər dəyişiklik aparılmışdı. Yəni, bu o deməkdir ki, qanun dəyişikliklərə görə mahiyyətini itirirdi. Sonrakı inkişaf dövründə ənənəvi medianın onlayn versiyası və internetdə yayılan yeni media tipləri ortaya çıxdı. Məsələn "SƏS" qəzetinin televizya versiyası yayımlanır. Burada problem yoxdur ona görə ki, onsuz da "SƏS" qəzeti ənənəvi media tipidir və normal peşəkar kollektivi var. Eyni zamanda, istehsal etdiyi informasiya da harada yayılmasından asılı olmayaraq peşəkardır. Digər variantda isə məxsusi olaraq yayılan televizya kanalları, radioları və başqaları nəzərdə tutulur. Kimin əlində telefonu var, internetə çıxışı varsa özünə sayt yaradır. Bu saytların nə kollektivləri, nə də gündəlik informasiya yayımları var. Eyni zamanda belə informasiyalar xəbər standartlarına uyğun deyil. Qeyri-peşəkar insanlar tərəfindən yazılan informasiyanın məzmununda problem olur. Bu şəxslərin xüsusi maraqları var. Məqsəd informasiya yaymaq deyil. Şantajla məşğul olanlar saytı boş qalmasın deyə, başqalarının istehsal etdiyi məhsulu götürüb başlıqlarında dəyişiklik edib,öz adlarından saytlarında yerləşdirirlər. Beləliklə, müəllif hüquqlarını pozurlar. Bəzən yalnış informasiyaları yaymaqla hüquqları da tapdalayırlar.

- Bəzi özlərinə kanal açan insanlar heç bir əsası olmayan məlumatları tamaşaçılara təqdim edirlər. Yeni qanun layihəsi internet mediasında bu cür çıxış edən şəxslərə hüquqi məsuliyyət qoyurmu?

- Yeni qanun layihəsində nəzərdə tutduğumuz "reket" jurnalistlərin yığışdırılması üçün birbaşa məsuliyyət qoyur. "Reket jurnalistika"nın özü qurama ifadədir. Reketçilik tamamilə fərqli hüquqi məsuliyyət növüdür. Bu anlayış dedikdə nəzərdə tutulan media da öz marqalarını güdənlərdir. Qanun layihəsində bu təbəqə insanların qarşısının alınması üçün iş yoxdur. Qısası, bu qanun layihəsi qanunda səliqə səhman yaradılmasına tövhə verəcək. Yeni media tiplərinin anlayışı verilir. Eyni zamanda onlayn medianın standartları müəyyənləşdirilir. Yeni qanunvericiliyinin tezliklə və sürətli tətbiq olunması arzu olunandır. Yəqin ki, mediada çox böyük dəyişikliklər gözlənilir. Qanunda birbaşa qadağa yoxdur. Media məkanı sərbəstdir. Standartları düzgün tətbiq edənlər KİV kimi qəbul olundu. Lakin, digərlərinin də fəaliyyəti dayandarılmayacaq. Lakin, o demək deyil ki, qanunları pozmaq lazımdır. Cəmiyyət özü konkret olaraq reketçiliklə məşğul olan media orqanlarını şikayət etməlidirlər. Reket təbəqələrin üz tutduqları yer səhiyyə və təhsil sahəsidir.

- Jurnalistlər vahid bir sənədin və ya gödəkcə verilməsi reketçiliyin qarşısını ala bilərmi?

- Bu problemin həllinə çox kömək ola bilər. Mətbuat Şurası reket jurnalistlərə qarşı mübarizəyə başladığı ən aktiv dövrlərdə vahid vəsiqələrin və ya geyimlərin formalaşmasını planlaşdırmışdı. Dünya praktikasında da istifadə olunan vasitədir. Sadəcə, belə uğursuzluq var ki, 2019 da keçirilən aksiyaları zamanı KİV-lərlə bağlı monitorinq aparılırdı. Burada bir şeyin şahidi oldum ki, Mətbuat Şurasının bənzəri olan gödəkçələrdən istifadə olunur. Bu geyimləri geyinen şəxs jurnalist kimi qıraqda durub vəzifəsini yerinə yetirmək əvəzinə polislə zərərləşdirilən aksiya iştirakçısının arasına girir. Bu məsafə çox yaxın olduğu üçün şəxs zərər çəkə bilər. Məlum oldu ki, gödəkcə Mətbuat Şurasının təqdim etdiyi gödəkcə deyil. Müşahidələrimiz göstərdi ki, bu hallar çox yaşanır. Bizim gödəkcələrə bənzərini hazırlayaraq insanları aldadırlar. Düşündük ki, Mətbuat Şurası bu halların qarşısını almaq üçün yeni kodlaşdırılmış və nömrələnmiş vəsiqə və gödəkcələr təqdim ediləcək. Eyni zamanda Medianın İnkişafı Agentliyi də vahid vəsiqələrin paylanması ilə bağlı məlumat verib. Burada müəyyən informasiyalar olacaq ki, neqativ hallar olduqda müəyyənləşdirmək mümkün olsun. Bu baxımdan görülən işlər çoxdur.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə