Uşaqlar niyə zorakılığa məruz qalır? - SOSİOLOQ, PSİXOLOQ VƏ SƏDR AÇIQLADI

“Təəssüf ki, son zamanlar azyaşlılara qarşı zorakılıq halları çoxalıb. Hal-hazırda cəmiyyətimizdə bu sahədə qarışıqlıq hökm sürür. Bunun da əsas səbəblərindən birincisi ailə institutuna diqqətin zəifliyidir. İndiki ailələr artıq 50 il bundan öncəki ailə deyil. Əvvəlki ailələrdə ata da, ana da uşaq qarşısında öz böyük məsuliyyətini daha dərindən duyub, hiss edirdi. İndiki ailələrin bir çoxunda valideynlər ailə qarşısındakı məsuliyyətini o qədər yüksək səviyyədə hiss etmirlər. İndiki valideynlər son 30-40 ildə formalaşmış insanlardır ki, təəssüflər olsun ki, bu 30 il ölkəmizdə xaotik qarışıqlıq dövrü olub”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, bu dövrdə insanların istər təhsil, istərsə də həyatlarının digər sahələrində gərginliklər olub: “Bu gərginliyin nəticəsi olaraq indiki valideynlərdə həm psixoloji, həm də sosial-mənəvi cəhətdən müəyyən problemlər yaranıb. İndiki zamanda əksər valideynlər özləri də uşaqlarına zorakılıq tətbiq edirlər. Məsələn, qədimlərdə heç vaxt belə şey yox idi ki, abort halları olsun. Son zamanlar uşaq qız olanda onu abort edirlər. Bu da valideynə psixoloji travmadır. Çünki, o başa düşür ki, öz uşağının qatilidir. Onlar hiss etsə də, etməsə də beyinlərində şüuraltı dəyişikliklər olur. Cəmiyyətin özündə də kifayət qədər gərginliklər var. Valideynlərin maariflənməsi, özü üzərində işləməsi zərurət hesab olunur. Yəni, indiki ailələrdə ailə institutuna qarşı xeyli problemlər var”.

“Digər tərəfdən xeyli yarım ailələr var. Buraya boşanmış, anası-atası rəhmətə getmiş ailələr aiddir. Boşanma halları dəhşətli dərəcədə çoxalıb. Siz təsəvvür edin ki, hələ pandemiyadan öncə hər 100 ailədən 30-a qədəri boşanırdı. Bu say indi daha da artıb. Bu o deməkdir ki, evlərdə gərginlik var. Ailələrdə belə gərginlik olduğu halda, uşaqlara qarşı məhəbbət və diqqət azalır”.

Sosioloq sözlərinə belə davam edib: “Həmçinin, xeyli sayda vətəndaş nikahı ilə yaşayanlar var. Onların sayı 17 mindən artıqdır. Bütün bunların hamısı ailə instititunun indiki düşdüyü ağır vəziyyəti göstərir. Dünyanın hər yerində valideynləri maarifləndirirlər. Bu yolla valideyn uşaqla necə təmasda olmaq, onu necə tərbiyə etmək lazım olduğunu anlayır. Bizdə bu sahədə heç bir iş getmir. Bu sahədə boşluq olduğunu anlayıb 2020-ci ildə bir kitab hazırladıq. Bu kitab 6 yaşına qədər uşaqaların təlim-tərbiyəsi üçün çox əhəmiyyətli vəsaitdir. Lakin, bu vəsaitdən istifadə edənlərin sayı isə çox azdır. Dünyanın hər yerində valideynlər çalışır ki, mütəxəssislərin hazırladığı kitablardan istifadə etsin”.

Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı da öz fikirlərini qeyd edib: “Onun sözlərinə görə, azyaşlı uşaqların zorakılığa məruz qalması bütün dövrlərdə olub. Amma bu dövlərdə pandemiyanın verdiyi daxili və xarici aqressiya nəticəsində insanlarda empatiya bacarığı aşağı düşərək, onlarda depressiya və azğınlaşma gedir. Onlar biri-birini dinləmirlər. Bu da şəxsiyyətin pozulmasına gətirib çıxarır. Şəxsiyyətin pozulması ailədaxili münaqişələrə, insanın özünün ətrafla və özü ilə olan münasibətində pozulmalara gətirib çıxarır. Psixoloji alyans doğru qorunmur. Beləliklə, pedofillik, uşaqlara qarşı cinsi və psixoloji təcavüzlər artır",

Psixoloq sözlərinə belə davam edib: "Bu gün bu məsələ qabardılmalı, Qadın və Uşaq Hüquqlarının Müdafiəsi Komitəsi tərəfindən ciddi nəzarətə alınmalıdır. Bu gün nəinki uşaqlar, həm də bütün yaşlarda olan qadınlar, hətta qocalar da psixoloji və fiziki zorakılığa məruz qalırlar. Bu dönəmdə insanlar özündən zəiflərə qarşı qəddar olurlar”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də məsələyə belə aydınlıq gətirib: "Ailədə uşaqların zorakılığa məruz qalmasının birinci səbəbi ailədən qaynaqlanır. Əgər bu gün uşaqlar baxımsız vəziyyətdədirsə, deməli, ailədə o uşağa baxan, diqqət edən yoxdur. Uşaqlara qarşı zorakılıq dedikdə, əksəriyyət yalnız şiddət, döyülmək, döyülmək nəzərdə tutur. Əgər biz, bir uşağı diqqətsiz, nəzarətsiz, səhhətində sonradan yaranan hər hansısa problemin olduğunu görürüksə bu da ona qarşı zorakılıqdır. Uşağın yanması, yıxılması, əzilməsi özü də zorakılıqdır. Yəni, valideynin uşağa etdiyi diqqətsizlik və ya onların diqqətdənkənar qalması ilə bağlıdır”.

Kəmalə Ağazadə sözlərinə davam edib: "Biz zorakılığın daha çox psixoloji növünə rast gəlirik. Bu da uşaqların şüuraltında uzun zaman formalaşaraq, onların psixi-nevroloji problem yaşamasına gətirib çıxarır. Hər birşey ailədən başlanır. Ardı isə bağçada, məktəbdə və cəmiyyətdədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə