Ölümə aparan içkilər hansılardır? - AÇIQLAMA

“Ümumiyyətlə, enerji içkilərinin hər zaman fəsadlarını söyləyirik. Bu içkilərin ən böyük fəsadı xüsusilə, gənclərin sağlamlığı üçün çox böyük risk yaratmasıdır. Baxmayaraq ki, enerji içkilərinin ziyanlı olduğunu təbliğ edirlər, bunun satışı və gənclər tərəfindən istehlakı getdikcə artır. Üstəlik, tərkibində müxtəlif bioloji aktiv maddələr var: kofein, jenşen, amin turşusu və s.”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib”.

Onun sözlərinə görə,insanlar bu içkiləri spirtli və spirtsiz formada da qəbul edirlər: “Enerji içkilərində vitaminlərin olmasını göstərmələri gəncləri daha çox aldadır. Çünki, tam məlumatlı olmayan bir gənc bu vitaminlərin onun orqanizminə enerji verəcəyini düşünür. Halbuki, bunlar tamamilə süni, kimyəvi qatqı maddələrindən ibarət və tərkibində həddindən artıq kofein və şəkərin olması orqanizmə nəinki enerji içkisi, eyni zamanda enerji bombası kimi təsir edir. Hər orqanizmin günlük enerji sərfiyyatı var ki, bu içkiləri içdikdə o günlük enerjini az bir müddətdə aktivləşdirir və dərhal sonra aşağı salır. Ona görə də bu orqanizm üçün birbaşa riskdir. Ən təhlükəli hallarından biri də kofeinlə spirti birlikdə qəbul etmələridir ki, gənc nəsil arasında ən çox 18 - 29 yaş arası gənclərin 70 faizi enerji içkilərini spirtlə qarışdırıb içir. Bu da daha çox təhlükəli haldır. Enerji içkilərindən zəhərlənmələr, bəzi halda ölümlə nəticələnən hallar məhz spirtlə qarışdırıldıqda ən çox rast gəlinəndir”.

M.Hüseynova sözlərinə belə davam edib: “Ümumilikdə kofeinli enerji içkilərini həddindən artıq içdikdə zəhərlənmə də baş verir ki, bu da birbaşa ürək-damar sisteminə təsir edir edir. Eyni zamanda, bu, özünü ürəkbulanma, qusma, qan təzyiqinin artması kimi də göstərir. Həmçinin, mütəmadi olaraq enerji içkiləri qəbul edən insanlar daha çox aqressiv, daha çox depressiyaya meylli olurlar və ən çox risk daşıyan qruplar isə uşaq və yeniyetmələr, daha çox isə tələbələrdir. Ən təhlükəli hallardan biri isə sürücülərin, nəzarətçilərin, bəzən də idmançıların bunu qəbul etməsidir ki, orqanizmə birbaşa həm qazlı, həm rəngli, həm süni maddələrlə zəngin, eyni zamanda da yüksək şəkərli içkini içməklə çox böyük zərər vururlar. Enerji içkilərinin bir çox ölkələrdə qadağan olunmasına baxmayaraq yenə də əlçatandır. Yaxşı olardı ki, bununla bağlı maariflənmə işləri daha çox aparılsın və ən azından zərərlərini düzgün şəkildə çatdırsaq düşünürəm ki, bundan imtina etmək də o zaman daha rahat olacaq. Çünki enerji içkilərini parlaq rəngli bankalarda hazırlamaqlarına baxmayaraq, bir çox tanınmış simaları, xüsusilə idmançıları bunun reklamına cəlb edilirlər ki, bu da ən xoşagəlməz hallardan biridir. Məhz cavan, gənc orqanizm və idmana meylli insanlar həmin simaların təsirindən bu içkiləri istifadə edib onun kimi idmançı və uğurlu olacağını düşünür. Ən böyük yanlışlardan biri də budur və istəyərdim ki, bu halların qarşısı alınsın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə