"Covid pasportunun tələb kimi qoyulmasını anlamaq çətindir" - EKSPERT DİLƏ GƏLDİ

“Əlbəttə ki, dövlətin insanlarımızın səhhətinin qayğısına qalması və pandemiyanın mümkün qədər tez başa çatmasına çalışması təqdirəlayiqdir. Lakin, anlaşılması çətin olan bəzi məqamlar da var. Çünki, covid-19 pasportu tələb edilirsə, axı biz uzun müddətdir təbliğat aparırıq ki, koronavirusa qarşı peyvənd könüllüdür. Yəni, bu peyvəndi könüllü vurmağı tələb edirlərsə, yaxud buna şərait yaradılıbsa, bu pasport məsələsinin qəti bir tələb kimi qoyulmasını anlamaq çətindir. Yəni, bu ziddiyyət təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu saat ölkədə birinci doza peyvəndi vurduranların sayı 3 milyon nəfər civarındadır: “Yəni, yerdə qalan 7 milyon insan bu peyvəndi vurdurmayıb. Avqustun 1-nə kimi yerdə qalan insanların həmin peyvəndi vurdurub çatdırması sadəcə olaraq mümkün deyil. Çünki, biz gündə görürük ki 30-40 min adam peyvənd olunur. Bu hesabla isə avqust ayının 1-nə kimi hamının vaksinasiya olunması ağılasığmazdır”.

Azər Həsrət sözlərinə belə davam edib: “Bu baxımdan tələbin bu qədər qəti qoyulması bir qədər anlaşılan deyil və könüllülüklə də ziddiyət təşkil edir. Amma, ümumilikdə başqa çıxış yolu da görülmür. Çünki, əgər iş yerləri açılırsa və adamlar işə gəlirsə, təbii ki, özünü qorumaq üçün tədbirlər görmüş adamlarla, bu tədbirləri görməmiş adamlar arasında müəyyən fərqlər olmalıdır. Çünki, covid-19-a qarşı iynə vurdurmamış, eyni zamanda da indiyənə qədər virusa yoluxmamış adamlar potensial daşıyıcıdırlar. Yəni, bəzən onların özlərinin də xəbəri olmadan həmin xəstəliyi daşıyırlar və daşıyıcılar da virusu yayır. Düşünürəm ki, Nazirlər Kabinetinin tələbini biraz başa düşmək olar. Amma o ziddiyyətin aradan qaldırılması üçün, tədbirlərin görülməsi vacibdir. Covid-19-a qarşı peyvəndin könüllülükdən daha çox məcburi olması ilə bağlı qərar verilməlidir. Ziddiyyəti aradan qaldırmaq üçün ya covid pasportu ləğv edilməlidir, ya da könüllük aradan çıxarılıb məcburi olmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə