Yol təhlükəsizliyini təmin etmək üçün regionlara avtobus turları təşkil olunub-MÖVQE

Yol təhlükəsizliyini təmin etmək üçün regionlara avtobus turları təşkil olunub-MÖVQE

Gənclər üçün Təhsil Mərkəzi (GTM) ölkənin 7 regionuna avtobus turu təşkil edib. Bu turlar Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Bakıdan regionlara təhlükəsiz yol" layihəsi çərçivəsində baş tutub. Bu barədə SİA-ya GTM-nin sədri Vusal Quliyev məlumat verib. O bildirib ki, turların əsas məqsədi regionlarda yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək, vətəndaş məsuliyyətini artırmaq, daha çox insanın yol təhlükəsizliyi haqqında məlumatlandırılmasını təmin etmək və əhalinin diqqətini yol təhlükəsizliyinə yönəltməkdir. Onun sözlərinə görə, Bakı, Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Gəncə, Yevlax və Ağdaşda Dövlət Yol Polisinin müşayəti ilə baş tutan avtobus turunda mərkəzin fəalları iştirak edir.

"Tədbirlərdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələri bu layihənin davamlı olaraq digər regionlarda keçiriləcəyini qeyd edib və gəncləri bu maarifçilik işini öz əhatələrindəki insanlar arasında təşkil etməyə çağırıb. Onlar qeyd edib ki, bu layihənin həyata keçirilməsində əsas zərurət ötən illərdə ölkənin aparıcı magistral yollarında baş verən avtomobil qəzaları və onun acı nəticələridir. Bu qəzaların baş verməsinin əsas səbəbi vətəndaşların yol təhlükəsizliyinə riayət etməmələri, məlumatsızlıq və diqqətsizlikdir. Bunun nəticəsində də xeyli sayda insan dünyasını dəyişir, eyni zamanda xeyli insan şikəst olur. "Sürət məsafəni deyil, ömrü qısaldır" devizi altında reallaşan avtobus turu çərçivəsində hər bir regionda məktəblilərin yol təhlükəsizliyinə həsr olunan rəsm sərgiləri də təşkil olunub. Hər bir region üzrə 3 qalib müəyyən edilib və onlar mükafatlandırılıb. Sonda tədbir iştirakçılarına və məktəblərə layihənin maarifləndirici nəşrləri paylanıb", -deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə