Yol təhlükəsizliyini təmin etmək üçün regionlara avtobus turları təşkil olunub-MÖVQE
23 May 2011 14:24 (UTC+04:00)
Gənclər üçün Təhsil Mərkəzi (GTM) ölkənin 7 regionuna avtobus turu
təşkil edib. Bu turlar Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Bakıdan
regionlara təhlükəsiz yol" layihəsi çərçivəsində baş tutub. Bu barədə SİA-ya
GTM-nin sədri Vusal Quliyev məlumat verib. O bildirib ki, turların əsas məqsədi
regionlarda yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək, vətəndaş
məsuliyyətini artırmaq, daha çox insanın yol təhlükəsizliyi haqqında
məlumatlandırılmasını təmin etmək və əhalinin diqqətini yol təhlükəsizliyinə
yönəltməkdir. Onun sözlərinə görə, Bakı, Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar,
Gəncə, Yevlax və Ağdaşda Dövlət Yol Polisinin müşayəti ilə baş tutan avtobus
turunda mərkəzin fəalları iştirak edir.
"Tədbirlərdə çıxış edən
Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələri bu layihənin davamlı olaraq digər
regionlarda keçiriləcəyini qeyd edib və gəncləri bu maarifçilik işini öz
əhatələrindəki insanlar arasında təşkil etməyə çağırıb. Onlar qeyd edib ki, bu
layihənin həyata keçirilməsində əsas zərurət ötən illərdə ölkənin aparıcı
magistral yollarında baş verən avtomobil qəzaları və onun acı nəticələridir. Bu
qəzaların baş verməsinin əsas səbəbi vətəndaşların yol təhlükəsizliyinə riayət
etməmələri, məlumatsızlıq və diqqətsizlikdir. Bunun nəticəsində də xeyli sayda
insan dünyasını dəyişir, eyni zamanda xeyli insan şikəst olur. "Sürət məsafəni
deyil, ömrü qısaldır" devizi altında reallaşan avtobus turu çərçivəsində hər
bir regionda məktəblilərin yol təhlükəsizliyinə həsr olunan rəsm sərgiləri də
təşkil olunub. Hər bir region üzrə 3 qalib müəyyən edilib və onlar
mükafatlandırılıb. Sonda tədbir iştirakçılarına və məktəblərə layihənin
maarifləndirici nəşrləri paylanıb", -deyə o əlavə edib.