"Azərqaz"ın küçələrdə partlamağa hazır "BOMBALARI" - ARAŞDIRMA

Son vaxtlar əhali arasında “Azəriqaz”la bağlı olan şikayətlər məni bir jurnalist kimi maraqlandırmaya bilməzdi. Məsələ ilə əlaqədar redaksiyamıza daxil olan bəzi şikayətləri araşdırmaq qərarına gəldik. SİA həmin araşdırmanı təqdim edir.

Redaksiyamıza müraciət edən sakinlərdən biri bildirir ki, Bakının Nəsimi rayonu Abbas Səhhət küçəsində əhali qazın təzyiqinin artıb-azalmasından əziyyət çəkir: “Yaşadığımız ünvana yaxın olan qaz tənzimləyicisini dəfələrlə əynində “SOCAR” yazısı olan şəxslərin açıb-bağladığını görmüşdüm deyə o qutuya yaxından baxmaq fikrinə gəldim. Ətraf küçələrdə olan bu qutuların heç birinin üzərində qıfıl və yaxud başqa qoruyucu vasitənin olmadığına indi fikir verdim. Belə çıxır ki, yol ətrafında olan əhaliyə stabil və təklükəsiz qaz verməli olan bu qurğuya istənilən səxs, istənilən an müdaxilə edib əhaliyə gedən qazın təziyiqini qaldıra və sala bilər. Nəzərə alsaq ki, biz müharibə aparan dövlətik, bunun necə təhlükəli olduğunu deməyə ehtiyac yoxdur. Bundan başqa o qurğulardan birinin yaxınlığında işləyən bir şəxs bildirdi ki, bu qutulara bəzən gün ərzində bir necə dəfə müxtəlif insanlar gəlib baxır, müdaxilə edir və onun şəklini çəkir. Bir anlıq xatirladım ki, bizim küçədə “Azərenerji”yə də məxsus tənzimləmə transformatorları var. Lakin 1 il bundan əvvəl o qurğu “Azərenerji” tərəfindən təmir olunandan sonra ətrafına dəmir barmaqlıqlardan qoruyucu çəpər qoyulub. Yəni, kənar şəxslərin müdaxiləsinin qarşısı qismən də olsa alınıb. Bəs “Azəriqaz” bu addımı atmaq üçün kimi gözləyir?!”.

Belə təhlükəli bir qurğudan sadəcə mütəxəssislərin istifadə etməlidir. Bu hal son dərəcə təhlükəli, eyni zamanda istənilən təxribat, terror və ya təsadüfi bədbəxt hadisələrə açıq qapıdır. Həmin qurğulardan əhaliyə paylanan qazın təzyiqinin tez-tez dəyişdirilməsinin kənar şəxslərin müdaxiləsi ilə, yoxsa “Azərqaz”ın bilavasitə özü ilə əlaqəli məsələ olub- olmadığı da araşdırılmalıdır. Həmçinin qaz tənzimləyici qurğulara (şkaflar) baxmaq kifayətdir ki, “Azəriqaz”ın normativlərə uyğun xidmət göstərmədiyi aydın olsun. Həmin qurğunun texniki kitabında qeyd olunub ki, normativə görə, əhaliyə verilən qazın təzyiqi 30 millibardan aşağı olmamalıdır. Lakin yoxlamalar zamanı görürük ki, təzyiq 20-25 millbardan yuxarı qoyulmur, belə aydın olur ki, rəhbərlik işçini buna məcbur edir. Keçən ilin iyun ayının əvvəlində “Azəriqaz”ın mətbuat katibi deyib ki, evlərdə qazın təzyiqi 18-25 millibardır. İndi gəlin gedib yoxlayaq, evlərdə belə təzyiq varmı? Şübhəsiz ki, yoxdur".

Belə məqamda “Azərqaz”a veriləsi bəzi suallar ortaya çıxır:

- 10 il bundan əvvəl əhaliyə verilən təbii qazın təzyiqi gün ərzində sadəcə səhər tezdən və gecə olmaqla iki dəfə dəyişdiyi halda, bu gün təbii qazın təzyiqinin gün ərzində dəfələrlə dəyişməsinin səbəbi nədir?

- Yol kənarlarında yerləşdirilən qaz tənzimləyicilərinin çoxunun qapısı sınıq və ya çox asanlıqla açılabiləndir. Təhlükəsizlik baxımından bu nə dərəcədə düzgündür?

- Həmin qaz tənzimləyicilərinə gündə bəzən bir neçə dəfə ayrı-ayrı şəxslər tərəfindən müdaxilə edilir. Bu qurğulara nəzarəti hansı qurum həyata keçirir?

- Və sonda görməzdən gəlinən bu açıq təhlükə hər hansı bir geridönülməz bədbəxt hadisəyə səbəb olarsa, bu məsələdə cavabdehliyi kim daşıyacaq?

Qeyd etməliyəm ki, “Azərqaz”la əlaqə yaratmaq müşkül deyil, mümkünsüz bir məsələdir. Nəyinki, sadə vətəndaşların, jurnalistlərin belə bu qurumla əlaqə yaratmaq kimi bir imkanı yoxdur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azəriqaz"ın telefonlaşdırıldığı barədə açıqlamalar verib. Lakin hazırki mənzərədə “Azərqaz”ın telefonun icadından belə xəbərdar olduğuna şübhələr yaradır. Vətəndaşlar isə təbii qazla əlaqədar problemlərin həlli üçün kimə müraciət edəcəklərini bilmirlər.

- Maraqlıdır, “Azərqazı”ın yol kənarlarında açıq şəkildə yerləşdirdiyi qaz tənzimləyici bloklarının yaratdığı təhlükəni az da olsa önləmək üçün qıfıl almaq imkanı çatmır?

Məsələni araşdırmağa davam edəcəyik.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə