Xocalı soyqrımı bəşəriyyətə qarşı cinayətdir

200-ildən bəridir ki, Azərbaycan xalqı zaman-zaman, davamlı olaraq erməni-daşnak cinayətkar və şovnist millətçilərinin kütləvi qırğınlarına, deportasiya və soyqırım siyasətinin qurbanına çevrilmişdir. XX əsrin əvvəllərində özgə torpaqları hesabına özlərinə dövlət yaradaraq, dişlərində şirə qalan erməni daşnaklarının bu mənfur siyasəti “Böyük Ermənistan” yaratmaq kimi sərsəm ideyanın tərkib hissəsi olmaqla onu reallaşdırmaq cəhdidir. 1992-ci ilin 26 fevralında erməni vəhşiləri tərəfindən törədilmiş tarixə “Xocalı Faciəsi”, “Xocalı Soyqırımı” kimi daxil olmuş bu dəhşətli qırğın əslində təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vandallıq aktıdır. Xocalı soyqırımı öz vəhşiliyinə, cinayətin forma və məzmununa, amansızlığına görə ən dəhşətli cinayətlərdən olmaqla əsrin Xatın, Xirosima, Sonqimı kimi faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqı və dövləti Xocalı dəhşətlərini heç zaman unutmamış, hər zaman bu faciəni öz içində, qəlbində yaşatmış və zamanı yetişməsi üçün qisas gününü gözləmiş,ona hazırlaşmşdır. Nəhayət həmin gün yetişdi və ötən ilin sonunda 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, “Dəmir yumruqla” düşmənin başını əzdi. Biz istər 1-ci Qarabağ müharibəsində istərsə də Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən şəhidlərinin də, Xocalı qurbanlarının da qisasını artıqlaması ilə ala bildik.

Biz eyni zamanda 44 günlük vətən müharibəsində 30 ilə yaxın müddət ərzində erməni qəsbkarlarının işğal altında saxladığı torpaqları geri aldıq. Qürurverici və təsəlliverici haldır ki, Vətən müharibəsində məhv etdiyimiz erməni silahlı qüvvələrinin tərkibində vuruşan Xocalı caniləri də var idi.

Biz bu qələbədə həm də Xocalı Soyqırımı başında dayanan, onlara rəhbərlik edən Köçəryan, Sarkisyan və Ohanyan kimi beynəlxalq canilərə də ömürlük dərs verdik. Onlar hələ törətdikləri bu cinayətlərə görə cavab verəcəklər. Tariximizə şərəflə yazılmış 44 günlük müharibədə ermənilərin Azərbaycana qarşı torpaq iddialarına həmişəlik son qoyuldu və düşünürəm ki, erməni milllətçilərinin tarixin müxtəlif dönəmlərində öz havadarlarının vasitəsilə Azərbaycandan qopartdıqları nə varsa onların geri qaytarılmasının başlanğıc mərhələsinə qədəm qoymuşuq. Biz eyni zamanda Xocalı faciəsinin dəhşətlərini daimi olaraq öz həmvətənlərimizə və gələcək nəsillərə çatdırmalı, Xocalı faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, bu vəhşiliyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi üçün, dünya icyimaiyyətinə çatdırılması istiqamətində “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq “Xocaliya Ədalət” kompaniyasına hərtərəfli dəstək göstərməli və bu istiqamətdə fəaliyyətimizi bir an belə dayadırmamalıyıq.Bu bizim vətəndaşlıq borcumuzla yanaşı, eyni zamanda şəhidlərimiz və Xocalı qurbanlarının ruhu qarşısında insanlıq borcumzdur.

Ramiz Göyüşov
YAP Binəqədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə