Güllələnmiş heykəllərimizin öz el-obalarına qayıdışı ərəfəsindəyik

Müasir dünyamızda bütün arxiv sənədlərinin aşkar şəkildə olması həqiqətlərin dünyaya çatdırılmasına, ağı qaradan seçməyə imkan yaradıb. Dünya erməniliyinin türklərə və azərbaycanlılara qarşı qatı millətçi davranışları iki əsrlik bir dövrdə davam etmişdir. Faşist ideoloqlarının mövqeyi, ermənilərin təcavüzkarlığı nəticəsində qətlə yetirilən insanların sayı-hesabı yoxdur. Erməni daşnakları xüsusi qəddarlıqla kütləvi qırğınlar törədiblər. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Tarixi torpaqlarından qovulmuş azərbaycanlılar qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuşdur. Daha sonra Dağlıq Qarabağ ətrafında başlayan hadisələr kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Minlərlə günahsız insanın qanını tökməklə kifayətlənməyən erməni cəlladlarının cansız heykəlləri də gülləbaran etməsi tarixin çox uzaq olmayan bir zamanıdır. Hər birimizə çox ağır təsir göstərən bu hadisə yaralı heykəllər kimi qəbul etdiyimiz böyük sənətkarların yaşayıb yaratdığı el-obalarından didərgin düşmüş abidələrdir. Düşmən əsirliyindən azad edilən bu abidələr illərdir ki, ziyarət olunur, dilsiz daşlar vətən həsrəti ilə bir gün doğma yurdlarına qayıdacaqlarını gözləyirlər. 30 ilə yaxın bir dövrdə hər birimizin qəlbini sızladan daş heykəllərin intizarına çox keçməz ki, son qoyular. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qətiyyəti, iradəsi, prinsipiallığı nəticəsində bu gün 30 ilə yaxındır ki, yolumuzu gözləyən torpaqlarımızın bir qismi artıq işğaldan azad olunub. Azərbaycan torpaqları da öz sahiblərinin üzərində gəzəcəyi günün intiarındadır. Heykəlləri güllənmiş Xan qızı, Üzeyir bəy, böyük nəğməkar Bülbül öz doma yurdlarına qaydacaqlar. Donmuş üzlər hərəkətə gələcək, uzaq kimi görünən yollar bir addımlıqda olacaq. Qəmli, intizarlı baxışlarda bir nikbinlik hökm sürəcək - Vətənə, doğma yurda qayıdış günü. Erməni mənəviyyatsızlığına, qəddarlığına son qoyulacaq o gün. O mənəviyyatsızdlığa ki, tarix boyu heç bir dünya xalqların etmədiyi işlərə erməni cəlladları imza atmışdılar. Cansız heykəllərə güllə ataraq qiymətli heykəllər, milli memarlıq abidələri, muzey əşyaları gülləbəran etmişdilər. Bu gün güllələnmiş abidələr sırasında Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılan XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın da abidəsidə var. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilərək dəmir tullantısı kimi Gürcüstana satılmışdır. Azərbaycan tərəfi abidəni Gürcüstandan Bakıya gətizdirib. Qəribə bir tale yaşayan abidə xalqımızın sənət beşiyindən bizə bir əmanətdir. Bir mənbədə belə yazılır: "Şəhərə girən ermənilər intiqam almaq üçün Şuşada anadan olan üç azərbaycanlı musiqiçinin və şairin tunc büstlərini söküb satdılar. Bu heykəllər yalnız möcüzə nəticəsində itirilməmişdi – bu dəfə onları Tiflisdə metal qırıntılarının alveri ilə məşğul olan bir şəxs xilas etmişdi".

QARABAĞ XANLIQLARININ SONUNCU VƏRƏSƏSİ

Bəli, o Xurşidbanu Natəvanın büstü güllələnmişdi ki, o, Qarabağ xanlıqlarının sonuncu vərəsəsi idi. Əbəs yerə onu sarayda «Dürrü yekta» (Tək inci), el arasında isə «Xan qızı» çağırmırdılar. Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar).

XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars dili, onun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. O, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır. Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında Qarabağın tanınmış simaları sırasında adları çəkilən və Natəvanını yaxın və uzaq qohumlarından olan Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndirmişlər. Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

"BU UÇURUMLU YOLLARIN SONUNDA BİZİ ÖZ MİLLİ BİRLİYİNİ, AZADLIĞINI TAPMIŞ AZAD AZƏRBAYCAN GÖZLƏYİR"

Natəvan poeziyası peşəkar Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Bəstəkar "Xan qızı Natəvan" operasını da yazmışdir. Məşhur tarzən Qurban Pirimov yazırdı: "Xurşidbanu nəinki şeir, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi İsi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı".

Xurşidbanu yaradıcılığına, şəxsiyyətinə, ictimai fəaliyyətinə müraciətlər çox olmuşdur. İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" əsərində o, bir şairə kimi göstərilməyib, o həm dəşairlikdən çox Qarabağ bölgəsinin hökmdarı, xanı kimi təsvir olunub. "Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə inanıram. İnsanın gözəl hisslərinin, gözəl fikirlərinin pərvazı üçün, insan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır" ifadələri dramın leytmotivini təşkil edir. Natəvan üçün Azərbaycanın birliyi, azadlığı, xalqın mədəniyyəti, dili, milli müstəqilliyi əsas amalıdır. Ümummilli Lider Heydər Əliyevin "Xurşidbanu Natəvan" dramının tamaşasına baxdıqdan sonra söylədiyi ifadələri xatırlatmaq yerinə düşərdi: "Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə Sizə sağ ol deyirəm". Təbii ki, "Natəvan" dramı qələmə alındığı bir zamanda Azərbaycan müstəqilliyini qazamamışdır. Natəvanın dili ilə müəllifin Azərbaycanın nə vaxtsa müstəqil olacağı ifadə olunmuşdu. İlyas Əfəndiyev Natəvanın dili ilə deyirdi: "Daha mənə xidmətçi lazım deyil, Bəyim. Gedin ləyaqətlə yaşayın. (Həyəcanla) Gedin, kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşidbanunun kəndi, torpağı yoxdur!

Onu da qeyd edim ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir". Bəli, Azərbaycan azadlığına, birliyinə qovuşdu. Uçurumlu yolları keçərək öz istiqlal tarixini yazdı. Bu gün işğal altında olan torpaqları uğrunda vətən müharibəsi aparır. Tezliklə Azərbaycanda qələbə marşı səslənəcək. O zaman bütün Azərbaycan xalqı, Qarabağda ruhu dolaşanlar sevincəklər. Güllələnmiş heykəllərimizində öz el-obalarına qaydışı olacaq!!!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...