Erməni neofaşizminin iç üzü BMT TRİBUNASINDA

İlkin ƏLİYEV, Gənc Politoloqlar Mərkəzinin sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli, videoformatda keçirilən iclasında 182 ölkə arasında Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi altıncı çıxış etdi. Azərbaycan prezidenti öz çıxışında Qoşulmama Hərakatının dünya siyasətində və beynəlxalq münasibətlərdə oynadığı rola toxunaraq demişdir: "Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir”.

Azərbaycan prezidenti Qoşulmama Hərəkatının əsas missiyasını bir daha xatırladaraq qeyd etmişdir ki, Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır, ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir.

Cənab İlham Əliyev Qoşulmama Hərakatının öz əhəmiyyətini bu gün də saxlamaqda olduğunu, bu il Qoşulmama Hərəkatının təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyininin qeyd ediləcəyini, qəbul edildiyi gündən Bandunq Prinsipləri vasitəsi ilə onlara sadiqliyini bəyan edən dövlətləri soyuq müharibə dönəmində istiqamətləndirildiyini, soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmamasının Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmadığını, əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onların bu gün hər zaman olduğundan daha əhəmiyyətli olduğunu xatırlatmışdır.

BMT-nin əhəmiyyətinə toxunaraq Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış etmişdir.

Azərbaycan Prezidenti demişdir: ”Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.

Daha sonra Azərbaycan Prezidenti yeni bir ideya irəli sürərək qeyd etmişdir ki, “BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir”.

Prezident İlham Əliyev 2020-ci ilin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli, videoformatda keçirilən iclasındakı çıxışının ikinci hissəsinə : "İndi mən Azərbaycan adından çıxış edirəm!” deyərək yüksək trubinadan bəyan etmişdir: "Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir”.

Daha sonra o demişdir: "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

“MƏN AZƏRBAYCAN ADINDAN ÇIXIŞ EDİRƏM!”

Həmin video toplantıda dövlətimizin başçısı cənab İlham Əliyev öz parlaq nitqi ilə dünyaya bir həyacan təbili çalmış və bu ali tribunadan Ermənistanın, həm də indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olanları, artıq faşistləşmiş dövlətə havadarlıq edənləri açıq, qətiyyətli və cəsarətli şəkildə ifşa etmişdir.

Azərbaycan Prezidenti ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olduğunu, müstəqilliyin ən yüksək dəyər və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürü olduğunu, təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqi əldə etdiyini qeyd etmişdir. Daha sonra prezident bütün üzv dövlətlərin BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürdüyünü, lakin Ermənistanın öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmiş olduğunu, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etməsini, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam etdiyini, Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, Ermənistanın Xocalı soyqırımını törətdiyini, ondan çox ölkənin Xocalı soyqırımını tanıdığını, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçiridiyini, Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etdiyini,Ermənistan qoşunların təmas xətti və Ermənistan–Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf aldığını, təxribatlar törətdiyini bir daha BMT üzvü olan dövlətlərin başçılarının diqqətinə çatdırmışdır.

Azərbaycan Prezidenti Ermənistanın sonuncu təxribat aktını 2020-ci ilin iyul ayında Ermənistan–Azərbaycan sərhədində törətdiyini, Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimizin öldürüldüyünü, mülki infrastruktura ciddi zərər vurulduğunu, Ermənistanın diversiya dəstəsinin Azərbaycan sərhədinin təmas xəttini keçməyə cəhd etməsini, 2020-ci il avqustun 23-də həmin dəstənin başçısının Azərbaycan hərbçiləri tərəfindən yaxalanmasını, o, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf etməsini də dünya liderlərinin diqqətinə çatdırmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışının bu hissəsində demişdir: ”Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Daha sonra Azərbaycan Prezidenti qeyd etmişdir ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.

Dövlətimizin başçısı qeyd etmişdir ki,“Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. “Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”-deyən Azərbaycan prezidenti dünya dövlətlərinin başçılarını bir daha Ermənistanın Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdığı barədə xəbərdar edib.

O deyib: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Sonda Azərbaycan prezidenti bir daha qətiyyətlə vurğulayıb ki, Ermənistan–Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edərək bir daha dünyaya bəyan edib ki, Erməni faşizminin cinayətkar əməlləri cəzasız qalmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə