Azərbaycançılıq: İdeoloji baza, lider faktoru və konsepsiya – II HİSSƏ

“Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər"- Heydər Əliyev

(əvvəli keçən sayımızda)

Ümummilli liderin yenidən meydana qayıtması və ideoloji mübarizəsinin kulminasiyası

Müstəqilliyin ilk illərində respublika rəhbərləri xalqla bir ola bilmədi, baxmayaraq ki, milli birliyə, torpaqları qorumağa həyati ehtiyac yaranmışdı. Bu işi sıralarında bir çox ziyalı və vətənpərvərlərin birləşdiyi Azərbaycan Xalq Cəbhəsi öz üzərinə götürdü. Lakin bu xalq hərəkatının da siyasətdən anlayan, uzaqgörən lideri yox idi. Ona görə də, təşkilat daxilində mübarizə gedir, hər lider özünün üstünlüyünü təmin etməyə çalışırdı. Bu şəraitdə müharibədə arıdıcıl məğlubiyyətlər, paytaxtda hökumət böhranı, dövlət çevrilişi cəhdləri, bölgələrdə qondarma respublikaların elan edilməsinədək hər cür xaos baş verirdi.

1993-cü ildə artıq dövlətimiz məhv olma təhlükəsi ilə üz-üzə dayanmışdı. AXC-Musavat hakimiyyəti ölkəni parçalanmaq həddinə gətirmiş, iqtisadiyyat dağıdılmış, sosial vəziyyət ağırlaşmış, Qarabağın böyük hissəsi Ermənistan tərəfindən işğal edilmişdi.

Həmin ilin iyununda Gəncədə başlayan hərbi qiyam artıq ölkəni vətəndaş müharibəsi, dövlətin dağılması təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə ağır vəziyyətdə xalqa möhkm ideoloji bazaya söykənən milli birlik lazım idi. Bu milli birliyi yaradacaq liderə ehtiyac isə daha çox idi. Bunu ölkənin ziyalıları daha tez başa düşdülər.
1993-cü il oktyabrın 16-da ölkənin tanınmış ziyalıları "Səs" qəzeti vasitəsilə dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevə müraciət ünvanladı. Hakimiyyət rəhbərləri də məcburiyyət qarşısında Heydər Əliyevə müraciət edib ölkəni saldıqları ağır vəziyyətdən çıxarması üçün paytaxta dəvət etdilər.

Əvvəl Ali Sovetin sədri, daha sonra prezidentin öz postunu qoyub qaçmasından sonra ölkə prezidenti seçilən Heydər Əliyev qısa müddətdə ölkənin qorunması, iqtisadi inkişafı, güclü ordunun yaradılması üçün strateji inkişaf planı hazırladı və həyata keçirdi. Beləliklə, xalqımız özünə tarixinin ən kritik dövründə düzgün lider seçməklə faciələrdən, fəlakətlərdən qurtuldu.

Burada vacib bir məqam, daha doğrusu sual ortaya çıxır- ölkəni, xalqı, bu çıxılmaz vəziyyətdən bacarıqla və uzaqgörənliklə çıxaran lider xalqı hansı dəyərlər, hansı ideologiya ətrafında birləşdirə bilmişdi və bu birliyin ideoloji bazası nə idi?

Azərbaycançılıq ideologiyası fərqli etnik və dini qrupları necə birləşdirə bildi?

Azərbaycançılıq ideologiyasını bəzilərinin süni, ya da asan bir iş kimi qələmə vermələrinə baxmayaraq, deməliyik ki, bu o qədər də asan və ideoloji bazası olmayan bir ideya deyil. Asan deyil ona görə ki, çoxmillətli respublikamızda müxtəlif mədəniyyətlərə, dinlərə, məzhəblərə mənsub qruplar yaşayır. Etnik, dini, mədəni cəhətdən zəngin olan hər hansı bir xalqı hər hansı bir dini, etnik və ya siyasi ideyada birləşdirmək çox çətindir.
Amma ümumilli lider elə bir ideologiya ortaya qoydu ki, həm tarixi köklərə, həm mədəni birliyə, həm də ümumi maraqlara söykənən bir vahid cəmiyyət formalaşdı. Düzgün və lazımi təbliğat, maarifləndirmə aparıldıqda, hamıya aydın olur ki, bu ideologiya heç bir dini, etnik bazaya, siyasi mənsubiyyətə söykənmir. Hər hansı bir dinin, etnik qrupun, mədəniyyətin daşıyıcısı öz mənsubiyyətini, milli-mənəvi dəyərlərini dəyişmədən də ümumi, ortaq dəyərləri özündə birləşdirən bu ideologiyaya xidmət edə bilər.

Heydər Əliyev hesab edirdi ki, yalnız Azərbaycançılıq, respublikada yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü hamı üçün ümumi evin qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək imkanı verəcəkdir.

Azərbaycan multikultural cəmiyyətdir. Hər nə qədər fərqli mədəniyyətlərə malik olsa da, bu mədəniyyətlərləri birləşdirən dəyərlər ayıranlardan xeyli çoxdur. Min illər boyu bu etnik, dini, mədəni qruplar eyni vətəndə yaşayıb yaradıblar, bir-biri ilə qaynayıb qarışıb inteqrasiya ediblər, adət-ənənələrin çoxu, milli-mənəvi dəyərlərin hamısı eynidir. Belə bir cəmiyyətdə elə bir vahid ideoloji konsepsiya irəli sürülməliydi ki, bütün xalqı öz ətrafında birləşdirə bilsin. Ona görə də, Heydər Əliyevin yaratdığı Azərbaycançılıq ideologiyasının konsepsiyası, əsrin əvvəllərində yaranmış respublikalarımızda formalaşdırılmasına cəhd edilən Azərbaycançılıq ideologiyasından daha zəngin, daha optimal, daha qəbuledilən idi.

Heydər Əliyevin bu ümummilli konsepsiyası tariximizin elə bir vaxtında ortaya qoyulub təbliğ olundu ki, həmin dövrdə ölkə parçalanma üzrə idi, xarici dövlətlərin dəstəyi ilə cənubda, şimalda, cənub-qərbdə etnik seperatçılıq başlamış, eyni zamanda müxtəlif dini konfessiyaların missonerləri genişmiqyaslı təbliğata başlamışdılar. Bununla yanaşı, cəmiyyətdə siyasi qütbləşmə, dövlət çevrilişlərinə cəhdlər də edilirdi ki, bütün bunlar da vətəndaş müharibəsinə, son nəticədə dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi.

Üstəlik, ermənilər kimi hiyləgər bir düşmənin bizə qarşı qlobal arenada mütəşəkkil apardıqları informasiya təbliğat müharibəsində uduzmamaq üçün bütün dünyada yaşayan azərbaycanlıları vahid cəbhədə birləşdirəcək ideologiya meydana çıxarılmalıydı. Ermənizmə qarşı Azərbaycançılıq. Amma belə bir gərgin və mürəkkəb situasiyada bunun konsepsiyasını yaratmaq, formalaşdırmaq, xalqa çatdırmaq çox uzun vaxt və ağır zəhmət tələb edirdi. Ümumilli liderin böyüklüyü də belə mürəkkəb, fəlakətli situasiyada, çox qısa müddətdə bu çətin və ağır işi uğurla reallaşdıra bilməsindədir.

Heydər Əliyev dünya azərbaycanlıların birliyini dövlət siyasəti səviyyəsinə qaldırdı

Bu konsepsiya təbii ki, respibluka sərhədlərinə sığacaq qədər lokal deyildi. Azərbaycançılıq ideologiyası ölkə sərhədlərindən çıxaraq bütün dünya azərbaycanlılarının vahid ideologiyasına çevrilmək yolunda inkişaf edirdi. Ümummilli liderin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etdi. Bu tədbirlər dünya azərbaycanlılarının birliyini daha da möhkəmləndirdi.

Çünki, ümumilli liderin "kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər" tezisi həm respublikanın bütün etnik tərkibini, həm də xarici ölkələrdə yaşayan on milyonlarla azərbaycanlını ehtiva edir. Azərbaycan Respublikası artıq dünyada yaşayan bütün azərbaycanlıların Vətəninə çevrilmişdir.
Ümumilli lider Heydər Azərbaycan cəmiyyətində ictimai-siyasi sabitliyin, qanunçuluğun və vətəndaş birliyinin təmin olunması və qorunub saxlanmasının dvölət siyasətinin prioritet vəzifəsinə çevirdi və milli təhlükəsizlik maraqlarının əsası kimi müəyyənləşdirdi.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası ictimai-siyasi təhlükəsizliyinin təhdidləri sırasına ölkənin konstitusiya quruluşunun sarsıdılması, ictimai-siyasi sabitliyin pozulması, sosial-siyasi qarşıdurmanın qızışdırılması, cəmiyyətdə xaos və münaqişələrin yaradılması, vətəndaşların siyasi hüquq və azadlıqlardan məhrum edilməsi, Konstitusiyanın tələbləri ilə real siyasət arasında uyğunsuzluq, müxtəlif siyasi qüvvələrin toqquşması, qanunun aliliyinin pozulması, vətəndaş cəmiyyətinin dövlət hakimiyyəti institutları üzərində zəif nəzarəti, etnik separatizm və millətçilik, etnik münasibətlərin kəskinləşməsi və s. kimi məsələlər göstərilir.
Konsepsiyanın ən əhəmiyyətli hissələrindən biri kimi etnik, dini, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının bütün hüquqlarının təmin edilməsi, milli, mənəvi, mədəni müxtəlifliyin ortaq və ümumi dəyərlər sistemində qarşılıqlı inteqrasiyası, daxili və xarici təhdidlərə qarşı xalqın ümumi ideoloji bazaya söykənməsinin vacibliyi göstərilir. Geniş miqyasda bütün bu müddəalar Azərbaycançılıq ideologiyasının sosial bazasını və mənəvi kriteriyalarını özündə ehtiva edir.

İlham Əliyev: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bu, bizim sərvətimizdir”

Azərbaycançılıq ideologiyasına əsaslanan və milliliklə beynəlmiləlçiliyi bir vəhdət halında birləşdirən, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini həyata keçirdiyi strategiyanın prioriteti hesab edən Prezident İlham Əliyevin "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir, biz bunu qorumalıyıq, qoruyacağıq” tezisi ümummilli ideologiyanın əsas konseptual müddəalarından biridir.

Prezident İlham Əliyev açıq şəkildə bəyan edir: “Azərbaycan məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub və bundan sonra da olacaq”. Dövlət başçısı qloballaşma dövründə milli-mənəvi dəyərlərin, Azərbaycançılıq ideologiyasının daha çox aktuallıq qazandığını öz çıxışlarında vurğulayır.
Müasir mili ideyanı zənginləşdirən faktorlardan biri də odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Azərbaycançılıq ideologiyasının hazırki lideri, Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm dünya birliyinə inteqrasiyanı, həm də milli-mənəvi ruhu qoruyub saxlamağı ehtiva edir.
Vahid mənəvi dəyərlərə malik cəmiyyətləri parçalamaq, qarşıdurma yaratmaq mümkün olmur. Azərbaycan xalqının böyüklüyü də bundadır- tarix boyu fərqli millət və din mənsubları bir arada mehriban şəraitdə yaşayıblar, onları birləşdirən dəyərlər ayıran dəyərlərdən xeyli çox olub. Sadəcə, bu dəyərləri vahid ideologiyada birləşdirib bütün xalqa qəbul etdirə biləcək bir lider lazım idi ki, onu da Tanrı xalqımızın ən çətin sınaq dövründə bizə göndərdi.

Zaman keçdikcə, Azərbaycançılıq ideologiyası həm ölkəmizin qüdrətlənməsinə, həm də bəşəri miqyasda böyük qüvvəyə çevrilməsində öz sözünü deyəcək. Buna görə, Azərbaycan xalqı bu ideologiyanı yüksəldən və onu bütün azərbaycanlıların ümumi ideologiyasına çevirə bilən Heydər Əliyevə həmişə minnətdar olacaqdır.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təblığı" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...