Sumqayıt Kimya Sənaye Parkı yeniləşən Azərbaycanın simvollarından birinə çevrilir Sədaqət Vəliyeva

“Sumqayıt bu gün nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıt şəhərinin sənaye potensialı imkan verir ki, ölkəmiz daxili tələbatını ödəsin, eyni zamanda ixrac imkanlarını da reallaşdırsın. Perspektiv planda isə Sumqayıt Kimya Sənaye Parkının xüsusi rolu var. Təsadüfi deyil ki, son müddət ərzində görülmüş işlərin nəticəsində Sumqayıt Kimya Sənaye Parkı yeniləşən, güclənən Azərbaycanın simvollarından birinə çevrilir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika mövcuddur: “Məsələn, 2019-cu ildə 823 milyon manatlıq məhsul istehsal edilib. Bunun da 276 milyon manatı ixrac olunub. Bu ilin ilk 6 ayı ərzində isə 534 milyon manatlıq məhsul istehsalı olub ki, bunun da 182 milyon manatı ixrac olunub. Bu ilin əvvəlindən koronavirus pandemiyasının başlanmasını nəzərə alsaq, bu, yaxşı göstərici hesab edilə bilər. Bir halda ki, bütün dünyada pandemiyadan irəli gələn bir tənəzzül prosesi var və bu tendensiya Azərbaycandan da yan keçməyib. Lakin əsas məsələ ondan ibarətdir ki, zamanında atılmış doğru addımlar nəticəsində ölkə iqtisadiyyatı bir çox dünya dövlətlərindən fərqli olaraq potensialını tam tükətmədi. Elə təkcə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti timsalında görürük ki, ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektoru dayaqlıdır. Düşünürəm ki, postpandemiya dövrü artıq reallıqdır və ölkə iqtisadiyyatının gücləndirilməsi üçün müvafiq tədbirlər görülür. Məqsəd də ondan ibarətdir ki, yeni inkişaf dinamikasına sahib olmaqla postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olmalıyıq”.

“Hazırda Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Parkın nəzdində açılmış Peşə Təhsil Mərkəzi buradakı müəssisələrin kadr formalaşdırma mərkəzinə çevriləcək: “Əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında Peşə Təhsil Mərkəzinin açılışı bir yenilikdir və presedentdir. Çünki burada tələbələrə dövrün tələblərinə uyğun bacarıqlar, peşə vərdişləri aşılanacaq, eyni zamanda təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq və əlbəttə ki, öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. Bu, təcrübə perspektivdə bütün iri şirkətlər, müəssisələr üçün bir nümunədir. Bu yolla həm peşəkar işçilərin formalaşması, həm də yeni iş yerlərinin yaradılması mümkün olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə