ADPU-da beynəlxalq video-konfrans keçirilib

Avqustun 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin (ADPU TCF) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Diaspora nümayəndələri ilə birgə Zoom proqramı vasitəsilə “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda 100-ə qədər tələbə və professor-müəllim heyəti iştirak edib.

ADPU TCF-nin dekan müavini dosent Mətanət Əsgərovanın moderatorluğu ilə keçirilən konfransda ADPU-nun tədris işləri üzrə prorektoru dos.Eldar Aslanov, Corc Vaşinqton Universitetinin Proqram direktoru doktorant Sevinc Məmmədova, Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynov və Deloitte şirkətinin Vaşinqton ofisinin İnformasiya Texnologiyaları üzrә baş mütәxәssisi Aytәn Әliyeva qlobal pandemiya dövründə onlayn tədrisin təşkilinin üsul və vasitələri, informasiya təhlükəsizliyi məsələləri ilə bağlı beynəlxalq və yerli təcrübədən, bu məsələnin həlli yollarının gələcək perspektivlərindən söz açıblar. Dos. Mətanət Əsgərova konfransın məqsədinin dünyada, Azərbaycanda və ADPU-da distant təhsil sahəsində həyata keçirilən tədbirlər haqqında fikir və təcrübə mübadiləsi olduğunu vurğulayıb. Dos. Eldar Aslanov ADPU rəhbərliyi adından qonaqları salamlayıb, ADPU-nun bu çətin dönəmdə imkanları daxilində maksimum çevik reaksiya verdiyini və hazırda da bütün hallara qarşı lazımi tədbirlər üzərində işlənildiyini, lakin bununla belə bu sahədə dünya xüsusilə ABŞ və digər ölkələrin təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib.

Daha sonra spikerlər, Sevinc Məmmədova “Pandemiya dövründə Corc Vaşinqton Universitetində onlayn tədrisin təşkili", maliyyə professoru Fariz Hüseynov “Şimali Dakota Dövlət Universitetində Covid-19-la bağlı tətbiq olunan tədbirlər sistemi” və İT üzrə baş mütәxәssis Aytәn Әliyeva “Onlayn təhsildə proqram təminatları və onların təhlükəsizliyi məsələləri” mövzularında ətraflı çıxışlar edib, bu sahədə ABŞ universitetlərinin təcrübələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...