Çin KİV-ləri Heydər Əliyev Mərkəzinin aksiyasından yazdı - FOTOLAR

Çinin nüfuzlu kütləvi informasiya vasitələri Heydər Əliyev Mərkəzinin Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq həyata keçirdiyi aksiyanı diqqətdə saxlayıb. SİA xəbər verir ki, milli xəbər agentliyi olan Sinxua, rəsmi "Jenmin Jibao" qəzeti, Çin Mərkəzi Televiziyası, nüfuzlu "China Daily" qəzeti, "Chinanews.com", "China.org.cn" və digər xəbər saytları dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində Çin Xalq Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunması barədə Çin, ingilis, rus və digər dillərdə xəbərlər hazırlayıblar. Bəzi KİV-lər isə bu barədə məlumatı "Əsas xəbər" bölməsində və ya saytın üz səhifəsində yerləşdiriblər. Bundan başqa, həmin KİV-lər, habelə fərdi istifadəçilər yerli və xarici sosial şəbəkələrdə və video portallarda (Wechat, Weibo, Facebook, Youku, TikTok və s.) bu barədə paylaşımlar ediblər.

Çin KİV-ləri bu aksiyanın Azərbaycanın pandemiyadan əziyyət çəkən Çin xalqına hörmət və ehtiramının ifadəsi, Çin ilə həmrəyliyinin göstəricisi olduğunu yazıb.

Qeyd edək ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq, virusdan zərər çəkən bir dövlətin bayrağı hər gün həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə