Çağırışın gecikdirilməsi səbəbsiz deyil - AÇIQLAMA

"Cənab Prezidentin Milli Məclisə göndərdiyi çağırışla bağlı qanunu Parlament təsdiqləyib. Çağırışın məhz aprel ayından may ayının 31-nə qədər uzadılması, eyni zamanda təxris olunmanın dayandırılması çox vacibdir. Çünki orduda koronavirusun yayılmasının hansı fəsadlara gətirib çıxara biləcəyi məlum məsələdir. Eyni zamanda ordudan qayıdan şəxslərin qarşılanması Azərbaycan xalqının adət-ənənlərinə uyğun olaraq şənliklərlə, tədbirlərlə nəticələnir. Bunun qarşısını almaq məqsədilə məhz orduda qulluq edən əsgərlərin təxris olunması indi məqsədəuyğun deyil". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev deyib.

Politoloqun sözlərinə görə, eyni zamanda virusun 14 günlük inkubasiya dövrünü nəzərə alaraq, virusa yoluxmuş şəxsin ordu hissələrinə getməsi və onun Azərbaycan ordusunda virus daşıyıcısı kimi qulluq etməsi çox təhlükəlidir: "Bu cür məhdudiyyətlərin qoyulması törəyə biləcək fəsadların qarşısının alınması üçün vaxtında qəbul edilmiş qərardır. Və 30 mart etibarilə bu məsələ artıq qanuniləşib. Təbii ki, bəzi əsgərlərin 1-2 ay artıq qulluq etməsi, virusun yarada biləcəyi təhlükə ilə müqayisədə elə bir əhəmiyyəti yoxdur".

A.Nağıyev vurğulayıb ki, digər bir məsələ koronavirusla bağlı karantin rejiminin daha da gücləndirilməsi ilə əlaqədardır: "Artıq daxili qoşunlar da bu məsələlərə cəlb olunub. Qoyulan məhdudiyyətlər və həmin məhdudiyyətlərə əməl olunması vacib şərtlərdəndir. Heç kim tam şəkildə zəmanət verə bilməz ki, virusdaşıyıcısı deyil və ya koronavirusa yoluxmayacaq. Buna görə də bu halların qarşısının alınmasının ən əsas şərti evdə qalmaq və müvəqqəti olaraq özünüizolyasiya etməkdir. Çünki daşıyıcı və virusa yoluxa biləcək potensial şəxs arasındakı bu zəncir qırılmalıdır. Bu zəncir qırılmasa həndəsi silsilə kimi yoluxma və eyni zamanda ölüm halları arta bilər. Məhz buna görə də, hər bir Azərbaycan vətəndaşı təhlükəni dərk etməlidir. Bu həm Azərbaycanın milli təhlükəsizliyinin, həm də dövlət təhlükəsizliyinin təhdidinin qarşısını almaqdır. Eyni zamanda gələcək genofondun qorunmasına bərabər bir məsələdir. Bu məsələdə Azərbaycan xalqı çox ciddi addımlar atmalı və dövlət tərəfindən görülən bütün qabaqlayıcı tədbirlərdə öz köməkliyini göstərməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə