Övladlığagötürmə sahəsində problemlər aradan qaldırıldı ARAŞDIRMA

Ailə mühiti uşaqların fiziki, psixoloji və mənəvi inkişafında vacib rola malikdir. Uşaqların ailədə yaşaması onların cəmiyyətdə faydalı fərd kimi yetişməsində də mühüm əhəmiyyət kəsb edir. Amma təəssüf ki, bəzi uşaqlar müxtəlif səbəblərə görə, valideyn himayəsindən məhrum olurlar. Ölkəmizdə həmin uşaqlar və valideyn hüququnu itirən şəxslər üçün övladlığa götürmə prosesləri daha da sadələşdirilir. Atılan addımlardan biri də Prezident İlham Əliyev 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”dır. Fərmana əsasən, Azərbaycanda övladlığagötürmə sahəsində idarəetmənin müasir səviyyədə və innovativ əsaslarda təşkilinə, uşaqların yeni ailələrdə yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir. Bəs görəsən bu qaydalar övlad sahibi olmaq istəyənlərə hansı imkanları yaradır?

Övladlığagötürmənin yeni QAYDALARI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı deyib ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni qaydada valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinq aparılması qaydaları müəyyən edilir: “Sənəddə bu sahədə işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi bildirilir. Qaydaya əsasən, övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu nazirlik özünün və Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və kredit bürolarının informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparacaq. Övladlığagötürmə prosesinin elektron sistem üzərindən aparılması ilə bağlı qaydaların təqdim edildiyi sənəddə övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu və onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması vacib prinsiplərdən biri kimi diqqəti cəlb edir. Yəni Qayda bütün tərəflərdən - ailənin maddi-məişət şəraiti, ailənin tərkibi, ailə üzvlərinin sağlamlığı, ailədəki münasibətlər, valideyn-namizədin valideynlik bacarıqları və s. baxımından övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun dəqiq müəyyən olunmasını və nəticəsinə uyğun qərar verilməsini nəzərdə tutur”.

Kimlər övlad götürə bilməz?

Qurum sözçüsü vurğulayıb ki, qaydaya əsasən, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda, habelə övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizəd, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə, həmçinin aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir: “Hər bir valideyn-namizəd, onunla birgə yaşayanlar və s. barədə məlumatlar əldə edildikdən sonra valideyn-namizədlə müsahibələr keçirilməsi, maddi-məişət şəraitinin müayinəsinin aparılması, onun üçün təlimlərin təşkili nəzərdə tutulur. Valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edildikdə də valideyn-namizədin uçotdan çıxarılması nəzərdə tutulur. Təlimin sonunda valideyn-namizədin övladlığagötürmə ilə bağlı özünəinam, özünüdərk, övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma və valideynlik bacarıqlarının inkişaf səviyyəsi və s. qiymətləndirilir. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, e-sistem övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçir”.

Övladlığa verilən uşaqlar necə nəzarətdə saxlanılacaq?

F.Talıblı vurğulayıb ki, valideyn-namizədlə uşaqların uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, övladlığa götürüləcək uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi ilə bağlı da sənəddə müvafiq qaydalar müəyyən olunur. Nəticə əsasında övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu barədə məhkəməyə rəy təqdim edilir: “Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə nazirlik monitorinqlər aparacaq. Bu zaman ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülmüş uşağın və onu övladlığa götürmüş şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınacaq”.

Valideyn namizədlər hansı etapları keçməlidir?

DOST-un Departament direktoru Cavid Şahmalıyev söyləyib ki, övlad götürmək istəyən vətəndaşlar ilk növbədə e-sosial.az portalında ərizə əsasında müraciət etməlidirlər: “Müraciətdən sonra sualları cavablandıran vətəndaşlar qeydiyyata düşürlər və valideyn namizədlərin uçot məlumatı dəqiqləşdirilir. Biz artıq bütün prosesləri sosial işlərlə təqib edirik. Valideyn namizədlərin evlərinə qiymətləndirmək məqsədilə sosial işçilərin səfərləri təşkil olunur ki, onlar ailədaxili motivasiyanı, a münasibətləri müəyyənləşdirməklə yanaşı həm də maddi-məişət şəraitini yoxlayırlar. İlk mərhələdən uğurla keçən valideynlər 1 ay müddətində təlimə cəlb olunurlar. Onlara uşaqların psixpoloji özəllikləri, birgəyaşayış zamanı qarşılaşa biləcək problemlər haqqında məlumat verilir. Növbəti məthələnin adı yenilikdir. Belə ki uyğunlaşma adlanan mərhələdə namizədin yığıdığı bal, istəkləri, uşaq namizədin istəklərinə uyğun gələrsə, o zaman həmin uşaq həmin namizdə valideynə təklif olunur. Bu mərhələ də uğurla bitsə, o zaman valideyn namizəd uşaqla 2 ay müddətində hər ay 40 saat olmaqla vaxt keçirməlidir. Bu proseslə bizim sosial işçilər tərəfindən təqib olunur. Bu mərhələ uğurla bitdikdən sonra həmin uşaq 3 ay müddətində valideyn namizədin evinə yoxlamaq üçün verilir. Həmin müddətdə də bizim tərəfimizdən nəzarətdə saxlanılır. Həmin müddət bitdikdən sonra biz uşağın mənafeyi ilə bağlı rəyi məhkəməyə təqdim edirik”.

Bəs psixoloqlar nə deyir?

Psixoloq Nigar Məmmədova söyləyib ki, övladlığa uşaq götürmək istəyən valideynlərin yaş kateqoriyası nəzərə alınmalıdır: “Uşağı övladlığa götürən zaman valideyn namizədlərin yaşının hər ikisi ən azı 30-dan yuxarı olmalıdır. Bu da onların müəyyən həyat təcrübəsinə malik olması üçün vacibdir. Yaxşı olardı ki, övladlığa götürdükləri uşaqla aralarında yaş məsafəsi ən azı 18 yaş olmalıdır. Bir uşağı övladlığıa götürərkən çalışmaq lazımdır ki, köpəlikdən götürülsün. Bu uşağın həmin ailənin qaydalarına uyğunlaşması, xarakterik xüsusiyyətlərinə götürməsi üçün çox mühümdür. Valideyn namizədlər 3-6 yaşlı uşaqlarda güvən hissinin formalaşdığını nəzərə almalı, həmin dövrlərdə uşaqla davranışlarda daha diqqətli olmalıdırlar. Ümumiyyətlə övladlığa uşaq götürən valideynlər uşaqları ilə mütəmadi vaxt keçirməli, çətinlik çəkdikləri məqamlarda isə mütəxəssislərə müraciət etməlidirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə