Lənkəran REM fəaliyyətini genişləndirir

Son vaxtlar AMEA-da aparılan struktr dəyişikliyi, mövcud problemlərin müzakirəyə çıxarılması, xüsusən də elmi nailiyyətlərin ölkə iqtisadiyyatına tətbiqi istiqamətində həyata keçirilən əməli tədbirlər elm adamları qarşısında da ciddi vəzifələr qoyur.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-da Akademiya əməkdaşlarının yanvarın 30-da Kənd Təsərrüfatı naziri İnam Kərimov və fevralın 12-də İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı çıxış edərək AMEA-nın mövcud potensialını, alimlərin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etmək, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

AMEA Lənkəran Regional Elmi Mərkəzi də fəaliyyətini bu yöndə qurmağa çalışır. Mərkəzin direktoru professor Fərman Quliyevlə söhbət zamanı bildirib ki, biz də fəaliyyətimizi bu tezislərə uyğun qurmağa səy göstəririk. Mərkəzimizin əsas elmi mövzularından biri bölgəmiz üçün xarakterik olan çayçılıq və sitrusçuluqla bağlıdır. Məlumdur ki, Ölkə başçısı möhtərəm cənab İlham Əliyev tərəfindən son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar bir sıra mühüm qərarlar qəbul edilib, dövlət tədbirləri həyata keçirilib. Prezident İlham Əliyevin 2017-ci ildə bölgəmizə səfəri zamanı Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişaf etdirilməsi ilə əlaqədar keçirdiyi respublika müşavirəsində bu sahələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu barədə tapşırıqlarını verib. Bu müşavirədən sonra 2018-ci ildə cənab Prezidentin imzaladığı çayçılığın və sitrusçuluğun inkişafı ilə bağlı Dövlət Proqramları bu sahələrin inkişaf etdirilməsinə, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına,

əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, işsizliyin aradan qaldırılmasına təsir göstərməklə ölkənin aqrar potensialının gücləndirilməsinə hesablanıb. Məlum Dövlət Proqramlarında çayçılığın və sitrusçuluğun inkişafında müasir elmi nailiyyətlərin tətbiqinə xüsusi yer ayrılır. Bütün bunları nəzərə alaraq Lənkəran Regional Elmi Mərkəzində də elmi nəticələrin əldə edilməsi ilə yanaşı, onun əməli baxımdan tətbiq edilməsi üçün səylər daha da artırılıb. Məlum Dövlət Proqramlarında və həmçinin AMEA RH-nin 11 dekabr 2019-cu il tarixində reallaşan Ümumi yığıncağında irəli sürülən vəzifələr və cari ildə AMEA-da Akademiya əməkdaşlarının Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Kənd Təsərrüfatı naziri İnam Kərimovla görüşü zamanı akademik Ramiz Mehdiyevin söylədiyi: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı üçün apardığı islahat və yenilənmə xəttinə aktiv şəkildə qoşulmaq, ona dəstək vermək hər bir vətəndaşın, xüsusilə alimlərimizin mənəvi borcudur. Ümid edirəm ki, hər iki tərəf – həm alimlərimiz, həm də dövlət strukturlarının nümayəndələri formalaşmaqda olan əməkdaşlıq platformasından səmərəli şəkildə istifadə edib, mövcud imkanları dövlətin ümumi mənafeyi naminə səfərbər etməyə nail olacaqlar”,- fikri bizim hamımızın fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

Fərman Quliyev söhbətinə davam edərək qeyd edib ki, son dövrlərdə əldə edilən elmi nəticələrimizin ölkə iqtisadiyyatına daha sıx şəkildə tətbiq edilməsi ölkəmizdə çayçılığı dirçəltmək üçün atılan addımlardan sayılmalıdır. Belə ki, uzun müddət KT Nazirliyinin Meyvəçilik və Çayçılıq ET İnstitutu ilə birgə aparılan elmi-tədqiqatlardan sonra yaratdığımız 4 yüksək məhsuldar və keyfiyyətli çay sortunun 2019-cu ildə Dövlət Sort Sınağından uğurla keçərək qeydə alınması buna əyani misaldır. Lakin biz bununla kifayətlənməyərək yeni yaradılan çay sortlarının artırılması və onun çayçılıqla məşğul olan təsərrüfatlara təklif edilməsi məqsədilə əməli tədbirlərə başlamışıq. İmkanlarımız daxilində ötən ilin payızında bu məqsəd üçün ilk dəfə olaraq yeni sortlardan ibarət məhdud ərazidə anaclıq çay plantasiyası

salmışıq. Daha sonra həmin ərazidə yaşıl çay çiliklərini yetişdirməkdən ötrü daxili imkanlar hesabına sadə dumanyaradıcı qurğunun təşkilinə nail olmuşuq. Bütün bunlar bizə imkan verir ki, əldə etdiyimiz elmi nəticələr təkcə elmi nəticə olaraq qalmasın, praktiki olaraq təsərrüfatlarda tətbiq edilsin. Artıq fevral ayında təcrübə çay plantasiyasında məhdud miqdarda ağır budama aparılmışdır. Burada əldə edilən yenicə rayonlaşdırılmış yüksək məhsuldar və keyfiyyətli sortlardan gələcəkdə nümunəvi çay plantasiyası salmağa, elit çay əkin materiallarını praktiki nümayiş etdirməyə imkan verəcəkdir.

Professor Fərman Quliyev söhbət zamanı çayçılıqla yanaşı sitrusçuluq sahəsində də Mərkəzdə bir sıra nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, yeni yaratdığımız daha məhsuldar “Lənkəran meyeri” limon və “Karlik tezyetişən” naringi sortları 2018-ci ildə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib. Hazırda bu bitkilərin sınağı uğurla davam edir. Bundan əlavə Mərkəzdə bölgəmizdə ilk dəfə introduksiya olunmuş tropik-suptropik bitki olan quayava üzərində də tədqiqat işləri başa çatmaq üzrədir. Mərkəz gələcəkdə sifariş olarsa bu sortlardan artırıb əkin materialı kimi təklif edə bilər.

Göründüyü kimi, AMEA Lənkəran REM-də istər çayçılıq və sitrusçuluq üzrə Dövlət Proqramları, istərsə də AMEA-nın yeni rəhbərliyinin götürdüyü ölkədə “islahat və yenilənmə xəttinə aktiv şəkildə qoşulmaq, ona dəstək vermək” kursu baxımından öz fəaliyyətini genişləndirməyə çalışır.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...