Əhəd Abıyev Qabaqtəpə kəndində növbəti səyyar qəbul keçirib

Bu gün Qabaqtəpə kənd tam orta məktəbində keçirilən səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müstəqillik dövründə ölkəmizin keçdiyi şərəfli inkişaf yolundan söhbət açmışdır. Görülən sosial–iqtisadi, abadlıq–quruculuq işlərindən ətraflı danışan Əhəd Abıyev son vaxtlar ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Qabaqtəpə kənd sakinləri ilə görüşdə çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşdurduğunu, Milli Məclisə seçkilərin Azərbaycanda demokratiyanın sürətli inkişafından xəbər verdiyini bildirdi. Qeyd etdi ki, VI çağırış Milli Məclisə seçkilərdə 1314 nəfər namizəd mübarizə aparırdı. Beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin iştirak etdiyi seçkilər tam şəffaf və demokratik şəkildə keçirildi. Daşkəsənlilər seçkilərdə yüksək fəallıq göstərərək və öz bəyəndikləri namizədə səs verdilər. Əhəd Abıyev seçkidə fəallıq göstərdiklərinə görə vətəndaşlara bir daha öz təşəkkürünü bildirdi. Vurğuladı ki, növbədənkənar Milli Məclisə seçkilər Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin apardığı islahatların davamı idi.

Bildirdi ki, bu islahatlar həm siyasi, iqtisadi, həm də kadr və struktur sahələrini əhatə edir. Ötən il Prezident cənab İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, bir ildə iki dəfə artdı.

Prezidentin struktur, kadr islahatıları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi.

Əhəd Abıyev daha sonra qeyd etdi ki, fevralin 9-da səsvermə zamanı hər iki dairə üzrə olan 42 seçki məntəqəmizdə heç bir qanun pozuntusu qeydə alınmadı. 100 saylı Şəmkir-Daşkəsən Seçki dairəsindən Kamran Bayramov, 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən isə Elşad Mirbəşiroğlu seçicilərin böyük faizlə səsini qazanmışlar.

İnanırıq ki, hər iki namizəd gələcək fəaliyyətlərində rayonumuzun problemləri ilə yaxından maraqlanaraq həll olunması üçün köməkliklərini əsirgəməyəcəklər, öz seçicilərinin etimadlarını doğruldacaqlar. Sonra kənd sakinlərinin müraciətləri dinlənilmişdir. Səyyar qəbulda çıxış edən kənd sakini Tağıyev İkram İsmayıl oğlu kəndə qaz xəttinin çəkilməsini, Mustafayev Sahib Cəlal oğlu Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmir olunmasını, Cabbarov Mübariz Hidayət oğlu yararsız elektrik dayaqlarının və naqillərinin dəyişdirilməsini təklif etmiş, Musayev Əfsus Qulu oğlu işlə təmin olunmasına kömək edilməsini xahiş etmişdir. Eyni zamanda kənd sakinləri tərəfindən Gələnqaya-Tapan avtomobil yolunun, həmin yolda olan su keçidinin təmir olunması və digər məsələlər qaldırılmışdır.

Vətəndaşları diqqətlə dinləyən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə lazımi tapşırıqlarını vermişdir. Əksər məsələlər yerində həll olunmuş, bəziləri isə həll olunması üçün nəzarətə götürülmüşdür.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...