İllər bir-birini əvəzlədikcə, yeni həyat gerçəklikləri keçilmiş yolun hər bir mərhələsinə parlaq işıq salır. Bu günün uğurları yaxın keçmişə dolğun və obyektiv qiymət vermək imkanı yaradır. Bu həqiqət işığında qəlbi daim vətən eşqilə döyünən böyük dühaların, fenomen şəxsiyyətlərin milli dövlətçilik qarşısındakı xidmətləri də aydın görünür. Müstəqil respublikamızın hazırda qazandığı böyük nailiyyətlər də, məhz Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndərin əbədiyyətə qovuşmasından 16 il ötsə də, Onun nurlu xatirəsi Azərbaycan xalqının qəlbində silinməz iz buraxmışdır. Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən, təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Şəxsiyyət və Lider kimi böyüklüyü Ona hələ sağlığında ikən Ümummilli Liderlik zirvəsini fəth etmək imkanı vermişdir. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində Ulu Öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici toplumunu arxasınca apara bilmişdir.

Heydər Əliyevin Liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərindəndir. Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, XX əsrin 60-cı illərində Sovetlər İttifaqının geridə qalmış respublikalarından biri idi. Ulu Öndər Heydər Əliyev, məhz belə bir vaxtda - 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bundan əvvəl isə, Heydər Əliyev Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışmışdı. Böyük Öndər hələ bu orqanda fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə, Heydər Əliyev, qısa bir zaman ərzində, Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Ona görə Heydər Əliyev 1982-ci ildə Sovetlər İttifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə respublikada çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın İttifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən, neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet ittifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda "Hansı müttəfiq respublika Sovetlər İttifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir" sualına cavab axtarılarkən, onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1990-cı ilin yanvarında Sovet qoşunları Bakıya hərbi müdaxilə edərək qanlı hadisələr törətdilər, yüzdən artıq vətəndaşımız qətlə yetirildi. Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq uğrunda apardığı mübarizə qan içərisində boğuldu. Bu haqsızlığa qarşı Azərbaycan xalqı qəti etirazını bildirirdi. Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi və oradan xalqa səslənməsi, bu faciəni törədənləri kəskin ittiham etməsi tarixi prosesə və tarixi hadisələrə ciddi təsir göstərən addım idi. Məhz bu hadisədən sonra Azərbaycanda xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. Əgər 1987-ci ildə Azərbaycan xalqı ərazi bütövlüyü və Qarabağın qorunması uğrunda mübarizəyə qalxmışdısa, 1990-cı ilin yanvarından sonra gedən mübarizə artıq müstəqillik, azadlıq, suverenlik və istiqlal uğrunda mübarizə idi. Heydər Əliyevin, məhz həmin çıxışı, çağırışı Azərbaycanın siyasi həyatında böyük dəyişiklik məqamı oldu və milli azadlıq, istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı. Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş mübaribəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıtdı. Heydər Əliyev, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Hərb cəbhəsində atəşkəsə nail olundu. Atəşkəsin əldə edilməsi ilə yaranmış fasilədən Ümummilli Lider Heydər Əliyev ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. İctimai-siyasi sabitliyin yaradılması üçün Heydər Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi. Ulu Öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. Qarşıya qoyulan ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Az zaman içərisində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı.

Dahi Öndər Heydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı. Ölkədə xaos və özbaşınalığın qarşısı alındı. Xalqın Heydər Əliyevə inamı, etimadı o dərəcədə yüksək idi ki, Onun hər bir çağırışı Azərbaycan xalqının bütün təbəqələrində böyük əks-səda doğururdu. 1994-95-ci illərdə xarici qüvvələrin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər. Məqsəd ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti əngəlləmək, Azərbaycanı yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına keçirmək idi. Azərbaycan xalqının Heydər Əliyevə olan inamı hesabına dövlət çevrilişinə cəhdin qarşısı qətiyyətlə alındı. İctimai-siyasi sabitliyin təmin edilməsi iqtisadi islahatların həyata keçirilməsinə yol açdı. Dövlət idarəçiliyi ilə bağlı qanunlar hazırlanaraq təsdiq olundu. Ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Bu konstitusiyanın müəllifi Ulu Öndər Heydər Əliyevdir. Azərbaycan xalqının siyasi taleyini, siyasi fəaliyyətini, məqsəd və məramını, iqtisadi və dövlət idarə üsulunu müəyyən edən konstitusiyanın qəbul edilməsi olduqca əhəmiyyətli hadisədir. Bu konstitusiya ilə Azərbaycanda hakimiyyət bölgüsü - qanunverici, icra və məhkəmə hakimiyyəti arasında bölgü müəyyənləşdirildi. Konstitusiya ilə təsbit edildi ki, Azərbaycan demokratik-hüquqi və unitar dövlətdir. Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi göstərdi ki, Azərbaycanın yolu demokratiyadır. Bütün bunlar Ulu Öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində, 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən, iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi.

Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan, dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin - Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.

Enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də, Azərbaycanın, o cümlədən, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq, Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin reallaşması Heydər Əliyevin uğuru, Onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi.

Bütün bunların fonunda Ulu Öndər Heydər Əliyevin həm də mənəvi-əxlaqi cəhətdən nə qədər zəngin və kamil insan olduğu bir daha aydın görünür. Ümummilli Lider dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi dəyərlərə sadiq qalmış, əsl azərbaycanlı dünyagörüşünə malik olmuşdur. Böyük strateq və dövlət xadimi siyasətdə mənəvi əxlaq - sadəlik, düzgünlük, təmizlik, vicdanlılıq, ləyaqətlilik, yurdsevərlik, məğrurluq, mərdlik kimi normaları daim uca tutmuş, irəli çəkdiyi və etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir. Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan dərhal sonra Azərbaycana birinci rəhbərliyi dövründə milli kadrların və dövlət qulluqçularının hazırlanması sahəsində başladığı işləri daha geniş miqyasda və sistemli şəkildə davam etdirməyi prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. İdarəçilikdə rəhbərin davranışları, iş metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar komandadakı əhval-ruhiyyəyə də müsbət və ya mənfi anlamda təsir göstərir. Bu mənada, Heydər Əliyevin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, Onun rəhbərlik etdiyi komandanın da çevikliyinə təkan vermiş, məmurlarda məsuliyyət hissini daha da gücləndirmişdir. Bu komandanın hər bir üzvü yaxşı bilirdi ki, Heydər Əliyevin etimadını və rəğbətini qazanmağın yeganə yolu vicdanla, məsuliyyətlə işləmək və qarşıya qoyulmuş vəzifələri tez bir zamanda yerinə yetirməkdir.

Dahi Öndər yaxşı işləyən dövlət qulluqçularını mükafatlandırmaqla yanaşı, verilmiş göstərişləri lazımi səviyyədə yerinə yetirə bilməyən, qulluq səlahiyyətlərini aşan, xalq kütlələrində haqlı narazılıq doğuran hərəkətlərə yol verən məmurları müşavirələrdə açıqca ifşa edir və bu digərlərinə yaxşı görk olurdu. "Azərbaycanın dövlət başçısı, prezidenti kimi mənə yaxşı işdən savayı heç bir mükafat vermək, xoş söz demək lazım deyildir. Bunların heç biri mənə lazım deyil. Yaxşı işləyin, iş görün. Amma təmiz iş görün, mənəvi saflığı təmin edin" - vaxtı ilə dediyi bu sitat bir daha təsdiqləyir ki, Ulu Öndər dövlət idarəçiliyində məmur məsuliyyəti meyarlarını düzgün müəyyənləşdirmiş, hər bir komanda üzvünün işinə xalqın rəyi əsasında qiymət vermiş, özünün zəngin təcrübəsini onlara təlqin etməyə çalışmışdır. İdarəçilikdə siyasi varislik ənənəsi həm də kadrların seçilməsi və dəyərləndirilməsi ilə bağlı mütərəqqi ənənələrin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Sevindirici haldır ki, 2003-cü ilin oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndərin kadr siyasətini də yeni dövrün tələblərinə uyğun, böyük uğurla davam etdirir. Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də öz qüvvəsindədir. "Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq Onun fəaliyyətini dəstəkləyirsə, Ona inanırsa, bu, ən böyük mükafatdır" deyən dövlətimizin başçısının siyasətinə olan kütləvi inam da, məhz Onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Bu baxımdan, liderlik institutunun Azərbaycan üçün nə qədər böyük önəm daşıdığı indi daha qabarıq görünür.

Ötən illərdə regionların tərəqqisi, əyalətlərdə yeni iş yerlərinin açılması, urbanizasiya prosesinin səviyyəsinin azaldılması, sosial-infrastrukturun yenilənməsi, yerlərdəki problemlərin aradan qaldırılması məqsədilə imzaladığı sənədlərin icrası vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına ardıcıl səfərlər etməsi Azərbaycan Prezidentinin fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən Prezident İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz rəhbərinə olan inamını, etimadını daha da artırır. İllər keçir, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin qurub-yaratdıqlarından bəhrələnir və bundan sonra da, çox-çox illər bəhrələnəcəkdir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim böyük uğurlar əldə edəcək və böyük zirvələri fəth edəcəkdir.

MEHRİBAN ABASQULİYEVA,

YAP Sabunçu rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...