YAP daim yeniləşən və inkişaf edən partiyadır

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında YAP-ın yaradılmasının 27 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları, ilk olaraq, rayon təşkilatının inzibati binasının foyesindəki Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov YAP-ın yaradılması tarixinə nəzər salaraq keçdiyi inkişaf yolunu diqqətə çatdırıb: "Xalqa və vətənə, dövlətçiliyə xidmət edən YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana töhfələrini verib. YAP-ın qələbələrinin kökündə Ümummilli Lider Heydər Əliyevin ideyaları, Onun tərəfindən müəyyənləşdirilmiş strateji xətt və inkişaf strategiyası dayanır. YAP iqtidarda olduğu müddətdə, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib və ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib".

Tədbirdə çıxış edən "İki Sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradıldığını vurğulayıb: "Qısa müddətdə respublikada ictimai-siyasi sabitlik bərpa edildi, separatçılığın qarşısı alındı və qanunsuz silahlı dəstələr ləğv olundu. Bu gün artıq YAP-ın yaranma tarixindən 27 il ötür. Bu illər ərizində ölkəmizin siması dəyişmiş, ölkəmiz sabitlik adasına çevrilmiş və iqtisadi sabitlik əldə olunmuşdur. Bu uğurları və nailliyyətləri hər bir Azərbaycan vətəndaşı həyatında hiss edir. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir".

Tədbirdə çıxış edən "Səs" qəzetinin baş redakotoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev YAP-ın yaradılmasının tarixi zərurət olduğunu bildirərək, o zamankı siyasi vəziyyətə diqqət yönəldib: "Ölkə ərazisində gedən müharibə, idarəçiliyin yoxluğu, səriştəsiz insanların rəhbərlikdə olması, daxili qarşıdurma Azərbaycanı parçalanma və vətəndaş müharibəsi təhlükəsi qarşısında qoymuşdu. Partiyanın yaradılması və uğurlu siyasi fəaliyyət göstərməsi ilə ölkəmiz xaos və hərc-mərclikdən, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olundu və ölkəmizə demokratik ənənələr gətirildi. Bu günün reallıqları tamamilə fərqlidir. Bu gün YAP avanqard partiyaya çevrilib. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanın simasını tamamilə dəyişib. Bu gün YAP 27 illik yubileyini böyük uğurları ilə qeyd edir. Bu uğurların təməlində 1992-ci ildə yaradılan YAP-ın rolu əvəzsiz və müstəsnadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən YAP Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib".

B.Quliyev onu da qeyd edib ki, bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Bu gün ümumxalq partiyasına çevrilən YAP ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır.

Sonra YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib. Partiyanın 27 illiyi münasibətilə YAP Yasamal rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı Fəxri Fərmanla təltif edilib.

Tədbir bədii hissə ilə davam edib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...